MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2015-ci İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ

Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Sosial siyasət və Aqrar siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi keçirildi.
İclası aparan İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkənin ali maliyyə sənədi barədə fikirlərini söylədi. Bildirildi ki, hər il olduğu kimi bu il də Prezident İlham Əliyev “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq büdcə zərfinə daxil olan sənədləri qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etmişdir. Qeyd olundu ki, ölkəmizdə dövlət büdcəsi ildən-ilə təkmilləşir. Azərbaycanda səriştəli büdcə institutu artıq formalaşmışdır. Ölkə sürətlə inkişaf edir. Dünyada baş verən qlobal maliyyə böhranı şəraitindən Azərbaycan ən az itkilərlə çıxdı. Ölkənin valyuta ehtiyatlari kifayət qədərdir, xarici borc minimum səviyyədədir. Əhalinin sosial müdafiəsini xarakterizə edən göstəricilər, Ümumi Daxili Məhsulun həcmi, büdcə gəlirləri parametrləri onu göstərir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdrilən bu siyasət Azərbaycanı xoşbəxt gələcəyə doğru aparır.
Komitə sədri daha sonra bildirdi ki, müzakirəyə çıxarılan 2015-ci ilin dövlət büdcəsi layihəsi mövcud potensial imkanlar və qarşıya qoyulan vəzifələr baxımından optimal səviyyədədir. Ölkənin baş maliyyə sənədi sosial və investisiya yönümlüyünü, maliyyə sabitliyini qoruyub saxlayır.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin strukturu və əsas prioritetləri barədə məlumat verdi. Nazir bildirdi ki, 2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların real büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanıb. Bildirildi ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faizi həcmində olmaqla 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır.
Nazir çıxışında qeyd etdi ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur. Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2 faiz artıqdır. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,112,0 milyon manat daxil olma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 10 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1,590 milyon manat gəlir proqnozlaşdırılır. Büdcəyə digər daxilolmalar 48 milyon manat təşkil edəcək. Növbəti ildə də büdcə təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 300 milyon manat daxilolma proqnozlaşdırılır. Gələn il üçün bütövlükdə dövlət büdcəsi gəlirlərinin 6,750 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək.
Nazir onu da vurğuladı ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil etmişdi. 2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 milyon manat və yaxud 25 faiz çoxdur.
Layihədə dövlət büdcəsinin kəsiri 1 mlrd. 662 mln. manat nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 17 mln. manat və ya 1 faiz azdır. 2015-ci il icmal büdcəsinin gəlirləri 20 mlrd. 716,8 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. Layihədə qeyd olunur ki, 2014-cü illə müqayisədə icmal büdcənin gəlirləri 1 mlrd. 269,1 mln. manat, xərcləri isə 1 mld. 467,1 mln. manat çox nəzərdə tutulub.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 3 mlrd. 56,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 mln. manat və ya 4,4 faiz çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 468 mln. manat və ya 18,1 faiz çoxdur.
2015-ci ildə Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklər və konsulluqlarına 58 milyon manat ayırılması nəzərdə tutulur. Eyni zamanda Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatlarına, eləcə də digər beynəlxalq qurumlara üzvlük haqqı üçün büdcədən 20 milyon manat vəsaitin ayrılması gözlənilir.
İclasda iştirak edən İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında bildirdi ki, son illərdə yaradılmış güclü iqtisadi potensiala əsaslanaraq, ölkəmizdə 2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun gəlirləri gələn il 8,2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 66 faizdən 2018-ci ildə 71.3 faizə çatacaq.
Qeyd olundu ki, 2015-ci ildə investisiya qoyuluşlarının 5 faiz artaraq 19,8 milyard manat, növbəti 3 ildə isə 59,6 milyard manat olacağı proqnozlaşdırılır. Xarici investisiyaların gələn il 5,4 milyard manat olmaqla növbəti 3 ildə 15,5 milyard manat təşkil edəcəyi gözlənilir. Gələn il neft sektoruna 5,8 milyard, qeyri-neft sektoruna isə 14 milyard manat investisiya yatırılacağı proqnozlaşdırılır.
Sonra iclasda büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi dinlənildi. Palatanın sədri Vüqar Gülməmmədov dedi ki, 2015-ci il dövlət büdcəsinin tərtibi zamanı gəlir və xərclərin tam şəffaflığı qorunub. Qeyd olundu ki, növbəti ilin büdcə layihəsində diqqətə çatdırılmalı digər məqam ötən illərdə olduğu kimi, dövlət başçısı tərəfindən prioritet hesab edilmiş müdafiə və sosial sahələrə diqqətin 2015-ci ildə də davam etdirilməsidir. Gələn il sosial sahələrə investisiya xərcləri də nəzərə alınmaqla büdcə xərclərində vəsait artımla nəzərdə tutulub və bu, əsasən təhsil (3,5 faiz), səhiyyə (7,2 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər (11,7 faiz) üzrə artım hesabına gözlənilir. Diqqətə çatdırılıb ki, gələn ilin dövlət büdcəsi xərclərinin 47,6 faizi proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
İclasda çıxış edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, son zamanlar dünya bazarında neftin qiymətinin aşağı düşməsindən narahatlığa dəyməz. “Hesab edirəm ki, bu hallar müvəqqətidir. Bizim xeyli ehtiyatımız var və ondan səmərəli şəkildə istifadə edə bilərik.”
Sonra büdcə layihəsi ilə bağlı müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Hüseynbala Mirələmov, Fuad Muradov, Zahid Oruc çıxış edərək 2015-ci il dövlət büdcəsinin sosialyönümlü layihə olduğunu qeyd etdilər. Bildirildi ki, 2015-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına xidmət edəcək.
Maliyyə naziri Samir Şərifov islasda səsələnən təkliflərə bir daha baxılacağını dedi.
Geniş müzakirələrdən sonra büdcə layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti