PARLAMENTDƏ 2015-ci İL DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ

Komitə iclasları
06 noyabr 2014 | 11:11   
Paylaşın:        

Noyabrın 5-də Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu.
İclası aparan Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev müzakirəyə təqdim olunmuş sənədi yüksək dəyərləndirdi. Qeyd etdi ki, gələn ilin dövlət büdcəsi dünya bazarının konyukturası, digər ölkələrdə baş verən dəyişikliklər  nəzərə alınmaqla hazırlanıb. Əsas hədəf respublikamızın sosial-iqtisadi inkişafının daha da sürətlənməsidir. İnvestisiya yönümlü və sosialyönümlü yeni büdcə əhalinin rifah halının yüksəldilməsində yeni mərhələ olacaq.
Sonra maliyyə naziri Samir Şərifov gündəlikdəki məsələ barədə ətraflı məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi büdcə zərfinə daxil olan bir sıra sənədlərlə birlikdə parlamentin müzakirəsinə təqdim olunub. 2015-ci il üçün dövlət və icmal büdcə layihələri cari ilin 9 ayının makroiqtisadi göstəriciləri, dünyada cərəyan edən proseslər və ölkəmizin sosial-iqtisadi inkişafına olan təsirlər nəzərə alınmaqla, dünyanın xammal bazarındakı vəziyyət təhlil olunmaqla hazırlanıb.
Dövlət büdcəsinin gəlirləri və xərcləri, ÜDM-in həcmi, neft və qeyri-neft sektorundan, habelə vergi və gömrük sistemindən büdcəyə daxilolmalar, gələn il üçün proqnozlaşdırılan büdcə kəsiri, icmal büdcənin tərkib hissəsi, Naxçıvan MR-in büdcəsi  və s. barədə müfəssəl məlumat verən maliyyə naziri qeyd etdi ki, 2015-ci ilin büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 27,6 faiz olmaqla cari illə müqayisədə 1,1 faiz-bənd artıb. Mütləq ifadədə bu məqsədə 5 milyard 826,4 milyon manat vəsait  proqnozlaşdırılıb ki, bu da 2014-cü illə müqayisədə 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü illə müqayisədə 920 milyon manat və ya 18,8 faiz çoxdur.
Bildirildi ki, 2015-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5 milyard 19,6 milyon manat vəsait nəzərdə tutulub. Beləliklə, həmin xərclərin xüsusi çəkisi dövlət büdcəsi xərclərinin tərkibində 23,8 faizə çatmaqla 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,2 faiz-bənd artıb. Həmçinin bu sahələrdə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün büdcədə 804,8 milyon manat vəsait ayrılıb.
Samir Şərifov deputatların nəzərinə çatdırdı ki, elm xərcləri üçün proqnozlaşdırılan 142,5 milyon manat fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatlarında həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcək. 2015-ci ildə elmi-tədqiqat layihələrinin Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7,6 milyon manat, Azərbaycan Prezidenti yanında Bilik Fondunun fəaliyyəti  üçün 1 milyon manat,  latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 2 milyon manat, elmi tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat  vəsait nəzərdə tutulubdur.
Məlumat verildi ki, gələn il üçün təhsil xərclərinə ayrılan vəsait bu illə müqayisədə 3,5 faiz artaraq 1 milyard 711,2 milyon manata çatıb.  Bu məbləğ dövlət büdcəsi xərclərinin 8,1 faizini təşkil edir ki, həmin vəsait eyni zamanda dövlət proqramlarının və tədbirlərin maliyyələşməsinə, ali məktəblərdə kadr hazırlığının dövlət sifarişi əsasında həyata keçirilməsinə, şagirdlərin pulsuz dərsliklə təmin olunmasına, təhsil müəssisələrinin və tədris laboratoriyalarının yenidən qurulmasına və s. yönəldiləcəkdir. 
İclasda bildirildi ki, 2015-ci ilin dövlət büdcəsində səhiyyəyə ayrılan vəsait bu illə müqayisədə 7,2 faiz artaraq 777,7 milyon manat təşkil edib. Nəzərə çatdırıldı ki, dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılması və xərclərin məqsədyönlü sərf olunması üçün 2015-ci ildən başlayaraq rayon və şəhərlərin yerli xərclərində nəzərdə tutulan dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərci dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” xərcləri bölməsində Səhiyyə Nazirliyinin xərclərində proqnozlaşdırılıb. Həmin vəsait 209,3 milyon manat həcmində müəyyənləşdirilib ki, bu da cari illə müqayisədə 32,4 milyon manat və ya 18,3 faiz çoxdur.
Gələn il sosial müdafiə və sosial təminat üçün 2 milyard 40,5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu məbləğ dövlət büdcəsi xərclərinin 9,7 faizini təşkil edir. Həmin vəsait pensiya və müavinətlərin ödənilməsinə, ünvanlı sosial yardımın verilməsinə, məcburi köçkünlərin sosial problemlərinin həllinə, əmək pensiyalarının, müxtəlif təqaüdlərin, həmçinin sosial sahəyə aid olan investisiya layihələrinin maliyyələşməsinə yönəldiləcəkdir.
2015-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşməsinə 347,7 milyon manat ayrılıb ki, həmin vəsait cari ildə ayrılmış məbləğdən 11,7 faiz və ya 36,3 milyon manat, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətdə isə 26,5 faiz və ya 72,8 milyon manat çoxdur.
Bildirildi ki, məhkəmə sisteminin saxlanılması xərcləri gələn il 34 faiz artaraq 52,3 milyon manat təşkil edəcək. 2015-ci ilin büdcə xərclərində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat, diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılmasına 58,4 milyon manat, beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycana məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsinə 20 milyon manat ayrılıb. 2015-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60 milyon manat vəsait nəzərdə tutulub.
Maliyyə nazirinin məlumatı dinlənildikdən sonra iclasda geniş müzakirələr aparıldı. Milli Məclisin komitə sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı, Bəxtiyar Əliyev, Qüdrət Həsənquliyev, Abel Məhərrəmov, Rafiq Məmmədhəsənov, Çingiz Qənizadə, Asim Mollazadə və başqaları  2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə dair müsbət rəylərini, həmçinin təkliflərini bildirdilər. Tövsiyələr nəzərə çatdırıldı. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova çıxışında qeyd etdi ki, büdcənin sosialyönümlü olması, 2015-ci il dövlət büdcəsinin mərkəzində insan amilinin dayanması olduqca dəyərlidir. Geniş müzakirələri Milli Məclis Sədrinin müavini Bahar Muradova yekunlaşdırdı. Parlamentə təqdim olunmuş büdcə zərfini dəstəklədiyini bildirən vitse-spiker vacib saydığı bəzi məqamları da diqqətə çatdırdı.
Sonra iclasda maliyyə naziri Samir Şərifov komitə sədrləri Əli Hüseynli ilə Rəbiyyət Aslanovanın suallarını cavablandırdı, müzakirə zamanı səslənmiş bir sıra məsələlərə aydınlıq gətirdi.
6 komitənin birgə iclasında aparılan fikir mübadiləsinin yekununda qərara alındı ki, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunsun.
İclasda  Azərbaycan hökumətini təmsil edən bir sıra rəsmi  şəxslər  iştirak  edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU