BÜDCƏ ZƏRFİNDƏKİ SOSİAL SAHƏYƏ DAİR QANUN LAYİHƏLƏRİ MÜZAKİRƏ OLUNDU

Komitə iclasları
07 noyabr 2014 | 04:11   
Paylaşın:        

Noyabrın 7-də Milli Məclisin Sosial siyasət komitəsində 2015-ci ilin büdcə zərfinə daxil olan 3 qanun layihəsinə baxıldı. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il dövlət büdcəsi haqqında”,  “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxil edilib.
İclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev başçılıq etdiyi qurumun 2015-ci il büdcəsi haqqında konkret məlumat verdi. Bildirdi ki, DSMF-in gələn il üçün büdcə layihəsi əsas iqtisadi, sosial inkişaf və demoqrafik proqnozlar nəzərə alınmaqla tərtib olunub. Layihədə 2015-ci il üçün fondun həm gəlirləri, həm də xərcləri 3 milyard 56,3 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Nəzərə çatdırıldı ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 63,8 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək.
2015-ci ildə dövlət büdcəsindən ayırmalar barədə danışan Elman Mehdiyev dedi ki, transfertin proqnozu cari ilin göstəricisinə nisbətdə 3,7 faiz və ya 42 milyon manat azalıb. DSMF-in xərclərinin 97,8 faizi əhaliyə ödənişlər üçün nəzərdə tutulub. Fondun sədri pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırılması tədbirləri və digər xərclər barədə də konkret rəqəmləri diqqətə çatdırdı.
Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsində deputatlar Yaqub Mahmudov, Əhliman Əmiraslanov, İlham Məmmədov, Elmira Axundova, Rauf Əliyev, Sevinc Hüseynova, komitə sədrinin müavini Musa Quliyev sənədin müsbət cəhətlərini qeyd etdilər, maraqlandıqları məqamları önə çəkdilər. Rəylər, təkliflər səsləndi.
Elman Mehdiyev çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətirdi, suallara cavab verdi. Sonra Maliyyə Nazirliyinin şöbə müdiri Xəqani Rzayev müzakirədə verilən təkliflərə münasibət bildirdi.
Gündəlikdəki növbəti məsələləri təqdim edən komitə sədri Hadi Rəcəbli öncə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə 2015-ci il üçün yaşayış minimumu haqqında məlumat verdi. Layihədə gələn il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilir. 2015-ci il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 105 manat məbləğində nəzərdə tutulur.
Komitədə bu iki qanun layihəsi barədə İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Cəmaləddin Quliyevin fikirləri dinlənildi. Fikir mübadiləsi zamanı deputatlar bu sənədləri dəstəklədiklərini bildirdilər.
Müzakirələrin yekununda hər üç qanun layihəsinin Milli Məclisə tövsiyə olunması qərara alındı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU