MİLLİ MƏCLİSDƏ “REKLAM HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ
Noyabrın14-də Milli Məclisin İqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin geniş ictimai müzakirəsi keçirildi. Müzakirədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, deputatlar, kütləvi informasiya vasitələrinin rəhbərləri, reklam yayımını həyata keçirən qurumların və ölkədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və bu sahə üzrə mütəxəssislər iştirak edirdilər.
İclası açan İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, uzun müddətdir komitədə “Reklam fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb. Milli Məclis ilk dəfə 1997-ci ildə belə bir qanun layihəsini qəbul etmişdir. Həmin dövrdə, ölkənin sosial-iqtisadi vəziyyəti bugünkü ürəkaçan səviyyədə deyildi. Ötən 15 ildən artıq bir vaxtda ölkə həyatında çox ciddi dəyişikliklər baş verib. Müstəqilliyimizin qorunması, ölkə iqtisadiyyatının davamlı inkişafı üçün ulu öndər Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin reallaşması nəticəsində çox böyük nailiyyətlər əldə olunub. İqtisadi həyatın bütün sahələrində böyük inkişaf prosesi gedir. Bu dövrdə reklam sistemində də müəyyən uğurlarımız əldə olunub. Lakin açıq demək lazımdır ki, müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var. Yəni dünya ölkələri ilə müqayisədə Azərbaycanın reklam bazarındakı göstəricilər iqtisadiyyatın ümumi parametrləri ilə uyğunlaşmır. Reklam sahəsinə ciddi yanaşmaya, bu layihəyə iqtisadçı, siyasətçi və vətəndaş gözü ilə yenidən baxmağa ehtiyac var. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün geniş potensialımız var.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev öz çıxışında reklam işinin əhəmiyyətindən danışaraq reklamların müasir dünyada çox mühüm rol oynadığını bildirdi. O, qeyd etdi ki, reklam ticarətin, ticarət isə iqtisadiyyatın mühərriki sayılır. İqtisadiyyaıtn inkişafında reklam vacib üsullardan biridir. Aparat rəhbəri yeni qanun layihəsinin bu sahədəki mövcud qanunverciliklə uyğunlaşdırlmasını, eləcə də sosial reklamlar məsələsinin layihədə ayrıca təsbit olunmasını yüksək qiymətləndirdi.
Sonra deputat Vahid Əhmədov “Reklam haqqında” qanun layihəsinin əsas prinsipləri barədə məlumat verdi. Qeyd edildi ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübədən geniş istifadə olunub. Layihəyə müasir dövrdə baş vermiş dəyişiklikləri ehtiva edən yeni anlayışlar daxil edilib, reklam subyektləri arasındakı münasibətlərin tənzimlənməsinin yeni mexanizmləri təklif olunub. Bildirildi ki, yeni layihə 39 maddədən ibarətdir. Sənəddə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur. Natiqin sözlərinə görə, qanun layihəsində reklam hesab olunmayan məlumatların əhatə dairəsi dəqiqləşdirilib. Televiziyada yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib, sponsor reklamların yerləşdirilməsinə dair yeni qaydalar sənəddə əksini tapıb.
Sonra iclas iştirakçıları qanun layihəsi ilə bağlı təkliflərini səsləndirdilər. Onlardan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Akkord” Şirkətlər Qrupunun nümayəndəsi Eyyub Məmmədov, ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev, APA Holdinqin baş direktoru Vüsalə Mahirqızı və başqalarının fikirləri maraqla qarşılandı.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, müzakirəyə çıxarılan yeni qanun layihəsi sadə, anlaşılan formada, həmçinin bu sahədə xarici təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Layihədə reklamın istehsalı və yayımı prosesinin dövlət tənzimlənməsinə dair bir çox yeniliklər öz əksini tapmışdır. Sənəd üzərində iş davam etdirilməli, mübahisə yaradacaq və fəaliyyət subyektlərinin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı ciddi müzakirələr aparılmalıdır. İşçi qrup həm müvafiq dövlət orqanlarından, həm də reklam istehsalçısı və yayımçılarından daxil olmuş təklifləri diqqətlə araşdırmalı, reklam bazarının inkişafına xidmət edən əsaslı rəy və təklifləri nəzərə almalıdır. Bundan başqa, qanun layihəsində reklamın verilməsi, hazırlanması və yayılması prosesini ağırlaşdıran, reklam subyektlərinin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar yenidən nəzərdən keçirilməli, prosedur qaydaları maksimum sadələşdirilməli və şəffaflaşdırılmalı, reklamda sui-istifadə amilləri aradan qaldırılmalıdır.
Tədbirin sonunda yeni qanun layihəsi ilə bağlı səsləndirilən prinsipial təkliflər yazılı şəkildə işçi qrupuna təqdim edildi.
Milli Məclisin
Mətbuat xidməti