REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclasın gündəliyinə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliliklər edilməsi haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, sənədə əsasən Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi və Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Həmçinin, Göynük və Nəhəcir kənd inzibati ərazi dairələri Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilir. Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 hektar torpaq sahəsi də bu qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Babək rayonunun inzibati ərazisinə birləşdirilir.
Qanun layihəsini müzakirə edən komitə üzvləri Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə təklif olunan bu dəyişiklikləri yüksək qiymətləndirdilər. Bildirildi ki, bu kəndlər daha çox Babək rayonuna yaxındır. Ona görə də bu dəyişiklik kənd əhalisinin rayon mərkəzinə gediş-gəlişini asanlaşdırmaqla yanaşı, bu ərazidə iqtisadiyyatın inkişafına, sosial həyatın yaxşılaşmasına da müsbət şərait yaradacaq. Sözügedən təkliflər bu kəndlərdə idarəetməni də asanlaşdıracaq, ona görə ki, hər iki kənddə bütün lazımi strukturlar var, müstəqil bələdiyyələr mövcuddur.
Sənəd Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti