BÜDCƏ ZƏRFİNDƏKİ QANUN LAYİHƏLƏRİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI
Noyabrın 18-də Milli Məclisin plenar iclasında baş nazir Artur Rasizadənin və hökumət üzvlərinin iştirakı ilə ölkəmizin 2015-ci il dövlət büdcəsinə dair büdcə zərfindəki qanun layihələrinin müzakirəsinə başlandı. İclasa parlamentin Spikeri Oqtay Əsədov sədrlik edirdi.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov giriş nitqi söylədi. Bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin elmi əsaslar üzərində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi daha da möhkəmləndirməyə imkan yaradıb. On ildən artıqdır Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yerini inamla qoruyub saxlayır. Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişikliklərinin müzakirəyə çıxarılmış büdcə zərfi sənədlərində də əksini tapdığını vurğulayan Spiker qeyd etdi ki, büdcə zərfinə daxil olan 2015-ci il və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, gələn ildə büdcə-vergi siyasətinin və 2015-2018-ci illər üçün dövlət investisiya proqramlarının əsas istiqamətləri və digər sənədlər vaxtında Milli Məclisə təqdim edilib və KİV-də bu barədə məlumat verilib. Hesab edirəm ki, 2015-ci ilin büdcə layihəsi ilə bağlı fikirləriniz formalaşıb və müzakirələrdə bizə kömək edəcək.
Milli Məclisin Sədri nəzərə çatdırdı ki, cari ilin 9 ayının nəticələrinə əsasən bütövlükdə ölkə iqtisadiyyatında 2,5 faiz artım əldə edilib. Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ölkədə ÜDM istehsalının 59 milyard manat və ya 75,3 milyard dollar həcmində olacağı gözlənilir. Bu isə əvvəlki illə müqayisədə 3,6 faiz artım deməkdir. Önəmlisi budur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Cari ilin sonunadək neft-qaz sənayesi istisna edilməklə, iqtisadiyyatın bütün sahələrində artım gözlənilir. İlkin məlumatlara əsasən, bu dövrdə dövlət büdcəsinin təsdiqlənmiş proqnozu 101,2 faiz icra edilib. İlin əvvəlindən ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 24 milyard dollardan çox sərmayə yatırılıb, ölkənin valyuta ehtiyatları 3,6 milyard dollar artaraq 53 milyard dolları keçib.
Oqtay Əsədov onu da qeyd etdi ki, 2015-ci il dövlət büdcəsinin layihəsi Azərbaycanın real inkişaf səviyyəsi, dünyada gedən siyasi və iqtisadi proseslərin təsiri ilə baş verə biləcək mənfi təzahürlər nəzərə alınmaqla hazırlanıb. Büdcə hesablamalarında neftin qiymətinin 90 ABŞ dolları həddində götürüldüyünü xüsusi vurğulayan Spiker dedi ki, bu, bizim iqtisadi və maliyyə sektorlarımız üçün səfərbəredici amildir. Dövlət büdcəsi ilə bağlı sənədlər parlamentin komitələrində geniş müzakirə olunub və qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib. Büdcə sənədlərindən göründüyü kimi, 2015-ci il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, icra olunan dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradır. Belə ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 5,7 faiz artırılaraq 19,4 milyard manat, xərcləri isə 5,2 faiz artırılaraq 21,1 milyard manat məbləğində nəzərdə tutulur. Dünyada və bölgədə hökm sürən siyasi qeyri-sabitlik şəraitində bu proqnoz göstəriciləri məqbul hesab etmək olar.
Sonra iclasda İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış etdi. Müasir dövrdə bir sıra ölkələrdəki mürəkkəb duruma, münaqişələrə toxunaraq hər bir dövlətin əmin-amanlığında liderin müstəsna rolu olduğunu qeyd etdi. Dedi ki, son 10 ildə Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövləti əzəmətli uğurlar qazanıb. Düşünülmüş, milli maraqlara cavab verən Azərbaycan dövlətinin siyasəti dünya miqyasında qlobal sarsıntıların hökm sürdüyü dövrdə belə dövlətimizin inkişafını dayandırmayıb.
Komitə sədri 2015-ci il dövlət büdcəsinin layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri yüksək dəyərləndirərək bunu hökumətdə yüksək səviyyəli iqtisadçı mütəxəssislərin çalışması ilə əlaqələndirdi. 2015-ci il dövlət büdcəsinin reallığa əsaslandığını və dünyəvi çağırışları nəzərə aldığını vurğuladı, müsbət mənada fərqləndirici cəhətlərinə diqqət yönəltdi. İqtisadi inkişafla bağlı bir sıra təkliflərini parlamentin və hökumət üzvlərinin nəzərinə çatdırdı.
Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini maliyyə naziri Samir Şərifov təqdim etdi. Bildirdi ki, Azərbaycan Konstitusiyasına və “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq 2015-ci il üçün Azərbaycan Respublikası dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihələri, ölkəmizdə gələn ilə dair yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri, digər sənədlər parlamentin müzakirəsinə təqdim olunub.
Büdcə zərfindəki sənədlərdən bəhs edən nazir qeyd etdi ki, 2015-ci il üçün dövlət və icmal büdcə layihələri tərtib olunarkən cari ilin 9 ayının makroiqtisadi göstəriciləri, dünyada cərəyan edən proseslər və ölkəmizin sosial-iqtisadi inkişafına olan təsirlər nəzərə alınıb, dünyanın xammal bazarındakı vəziyyət təhlil olunub. Gələn ilin dövlət büdcəsinin layihəsi ölkənin ortamüddətli və uzunmüddətli prioritetlərini özündə birləşdirən dövlətin iqtisadi və siyasi kursunun həyata keçirilməsi, xalqın rifahının yaxşılaşdırılması və digər dövlət əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə, həmçinin 2015-ci il və sonrakı 3 il üzrə ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri, həmçinin bu 3 illik dövr üçün gözlənilən iqtisadi meyllər nəzərə alınmaqla hazırlanıb.
Parlamentə ətraflı məlumat verən Samir Şərifov qeyd etdi ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri ÜDM-in 32,5 faizi həcmində olmaqla 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə ÜDM-in 35,3 faizini təşkil etməklə 21 milyard 100 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə cari ilin proqnozları ilə müqayisədə 1 milyard 37 milyon manat və yaxud 5,2 faiz artıqdır. İqtisadi və sosial inkişaf konsepsiyasına və makroiqtisadi proqnoz göstəricilərinə əsasən 2015-ci ildə ölkə üzrə real iqtisadi artım 4,4 faiz olmaqla, ÜDM istehsalı bazar qiymətləri ilə 59,8 milyard manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM 39,5 milyard manat və ya cari ilə nisbətən 8,2 faiz real artımla proqnozlaşdırılır.
Maliyyə naziri bildirdi ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət iqtisadiyyatın davamlı inkişafı üçün zəmin yaradıb, makroiqtisadi tarazlıq təmin edilib, ölkədə inflyasiyanın aşağı səviyyədə saxlanılmasına nail olunub. Qeyd edilən müsbət amillər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb.
Daha sonra büdcə gəlirlərinin strukturu və əsas mənbələri barədə danışan nazir bildirdi ki, 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə 448 milyon manat, cari ilin proqnozu ilə müqayisədə 10 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 590 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki göstəricisi ilə müqayisədə 206,8 milyon manat, 2014-cü ilin proqnozu ilə müqayisədə 80 milyon manat çoxdur.
Layihəyə görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən büdcəyə 7 milyon manat daxilolmanın təmin ediləcəyi gözlənilir ki, bu da cari ilin proqnozundan 2 milyon manat və ya 40 faiz çoxdur. 2015-ci ildə büdcə təşkilatlarının sifarişləri əsasında ödənişli xidmətlərdən dövlət büdcəsinə 300 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
Samir Şərifov nəzərə çatdırdı ki, dövlət büdcəsində qeyri-neft gəlirlərinin xüsusi çəkisini yüksəltmək, vergi daxilolmalarının yığım əmsalını artırmaq, vergi borclarının ləğv edilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək, şəhər və rayonlarda yerli gəlir və xərclərin tarazlaşdırılması istiqamətində aparılan işlər qarşıdakı illərdə də prioritet vəzifələrdəndir.
Müzakirə edilən büdcə layihəsində gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manat vəsait transferti nəzərdə tutulur. Bu, 2014-cü ilin proqnozuna nisbətən 1 milyard 51 milyon manat və ya 11,3 faiz çoxdur. Nazir onu da vurğuladı ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları məbləğində hesablanıb.
İclasda 2015-ci il dövlət büdcəsi xərclərinin strukturu və əsas istiqamətləri barədə də parlamentə müfəssəl məlumat verildi.
Qanun layihəsində gələn il üçün müdafiə xərclərinə 2015-ci ilin dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait ayrılması nəzərdə tutulub ki, bu göstərici 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur. 2015-ci ilin büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 27,6 faiz olmaqla cari illə müqayisədə 1,1 faiz-bənd artıb. Mütləq ifadədə bu məqsədə 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2014-cü illə müqayisədə 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü illə müqayisədə 920 milyon manat və ya 18,8 faiz çoxdur.
2015-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5 milyard 19,6 milyon manat vəsait nəzərdə tutulub. Beləliklə, həmin xərclərin xüsusi çəkisi dövlət büdcəsi xərclərinin tərkibində 23,8 faizə çatmaqla 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,2 faiz-bənd artıb. Həmçinin bu sahələrdə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün büdcədə 804,8 milyon manat vəsait ayrılıb.
Elm xərcləri üçün proqnozlaşdırılan 142,5 milyon manatın fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatlarında həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcək. Nazir öz çıxışında Elmin İnkişafı Fondu vasitəsi ilə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, Bilik Fondunun fəaliyyətinə, latın qrafikalı kitabların çap edilməsinə və digər məqsədlərə ayrılan vəsaitləri də açıqladı.
Qeyd edək ki, gələn il üçün təhsil xərclərinə ayrılan vəsait bu illə müqayisədə 3,5 faiz artaraq 1 milyard 711,2 milyon manata çatıb. Bu məbləğ dövlət büdcəsi xərclərinin 8,1 faizini təşkil edir. Həmin vəsait eyni zamanda şagirdlərin pulsuz dərsliklə təmin olunmasına, dövlət sifarişi əsasında ali məktəblərdə kadr hazırlığının həyata keçirilməsinə, təhsil müəssisələrinin və tədris laboratoriyalarının yenidən qurulmasına və s. yönəldiləcək.
2015-ci ilin dövlət büdcəsində səhiyyəyə ayrılan vəsait cari illə müqayisədə 7,2 faiz artaraq 777,7 milyon manat təşkil edib. Həmin vəsaitin 198,6 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşməsinə yönəldiləcək ki, bu sırada xroniki böyrək çatışmazlığı, hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə tədbirlər, xərçəng və şəkərli diabet xəstəlikləri ilə mübarizəyə dair Dövlət Proqramlarının maliyyələşməsi və s. vacib sahələr əhatə olunacaq.
Gələn il sosial müdafiə və sosial təminat üçün 2 milyard 40,5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu məbləğ dövlət büdcəsi xərclərinin 9,7 faizini təşkil edir. Həmin vəsait pensiya və müavinətlərin ödənilməsinə, ünvanlı sosial yardımın verilməsinə, məcburi köçkünlərin sosial problemlərinin həllinə, əmək pensiyalarının, müxtəlif təqaüdlərin və investisiya layihələrinin maliyyələşməsinə yönəldiləcək.
Milli Məclisdə bildirildi ki, 2015-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşməsinə 347,7 milyon manat ayrılıb.
Layihədə gələn il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün 1 milyard 662 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 17 milyon manat və ya 1 faiz azdır. 2015-ci il icmal büdcəsinin gəlirləri 20 milyard 716,8 milyon manat, xərcləri 25 milyard 911 milyon manat proqnozlaşdırılır.
İcmal büdcənin tərkib hissəsi olan DSMF-nin büdcəsinin xərcləri 3 milyard 56,3 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 milyon manat və ya 4,4 faiz çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 468 milyon manat və ya 18,1 faiz çoxdur.
Deputatlara məhkəmə sisteminin saxlanılması, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər, diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması və digər məqsədlər üçün ayrılmış vəsait barədə də ətraflı məlumat verildi. Bildirildi ki, icmal büdcənin tərkib hissəsi olan Naxçıvan MR-in büdcəsinin gələn il üçün gəlir və xərcləri bərabər olaraq 366,7 milyon manat proqnozlaşdırılıb.
Milli Məclisdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova qeyd etdi ki, ölkəmizdə yürüdülən liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasət nəticəsində davamlı iqtisadi artıma nail olunub, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının yüksəlməsində uğurlar əldə olunub. Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsi sırasında yer alıb. Son 5 il ərzində Azərbaycan MDB-də ən rəqabət qabiliyyətli ölkə olub. Bütün bu uğurlar ölkəmizin gələn illərdə inkişafına təməl yaradıb. Müzakirə olunan büdcə layihəsi 2015-ci il və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri dünya iqtisadiyyatının inkişaf meylləri, ayrı-ayrı sektorlar üzrə ölkənin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin təhlili, ortamüddətli dövrdə iqtisadi və sosial siyasətin prioritet istiqamətləri, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəfləri və ölkədə icra edilməkdə olan dövlət proqramları nəzərə alınmaqla hazırlanıb. Konsepsiyanın əsas məqsədi iqtisadiyyatın davamlı və tarazlı inkişafına və xalqın rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Bu məqsədlərə nail olmaq üçün konsepsiyada 2015-2018-ci illərdə makroiqtisadi sabitliyin qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, regionların davamlı və tarazlı inkişafının və sosialyönümlü siyasətin davamlılığının təmin edilməsi kimi prioritet vəzifələr nəzərdə tutulub.
Səhər iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dedi ki, ölkəmizdə 10 ildən artıq bir müddətdə həyata keçirilən elmi-iqtisadi strategiya öz həyatiliyini, olduqca mürəkkəb bir dövrdə yüksək effektivliyini sübut edib. Bu dövrdə üç dəfədən çox böyüyərək dünyanın iqtisadi artım liderinə çevrilən milli iqtisadiyyatımız cari ildə də dinamiklik, dayanıqlıq və sabitlik nümayiş etdirir. Gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi dünya iqtisadiyyatında qeyri-müəyyənliyin və qeyri-sabitliyin artdığı dövrə təsadüf edir.
Dünyadakı geosiyasi gərginliyin iqtisadi proseslərə təsirindən danışan Elman Rüstəmov bildirdi ki, bütün bunlara baxmayaraq ötən son 10-15 ildə Azərbaycanda iqtisadi inkişafın kifayət qədər maliyyələşdirilməsi, neft gəlirlərini başlıca sosial-iqtisadi problemlərin həllinə yönəltməklə yanaşı ölkənin çox yüksək yığım səviyyəsi, yaradılan strateji ehtiyatlar neftin qiymətində olan tərəddüdlər nəzərə alınmaqla inkişaf tempini saxlamağa imkan verir. 2015-ci ilin dövlət büdcəsi də bütün bunları özündə ehtiva edir. Neftin qiymətinin uzun müddət ərzində aşağı düşməsi üçün kifayət qədər əsaslı və fundamental səbəblər yoxdur və BVF də gələn il üçün xam neftin bir barelinin qiymətini təxminən 90 ABŞ dolları səviyyəsində proqnozlaşdırır. Hətta neftin qiyməti 60-70 dollara düşsə də, Azərbaycanın tədiyyə balansı profisitli olacaq. Yəni bizim gəlirlərimiz xərclərimizdən daha çox olacaq. Artıq möhkəmlənmiş Azərbaycan iqtisadiyyatı bu proseslərə kifayət qədər hazırdır. Ötən 9 ayda Azərbaycanın ixracı öz idxalını 2,7 dəfə üstələyib. Ölkəmizin strateji valyuta ehtiyatları 2014-cü ilin 9 ayında 3,5 milyard artaraq təxminən 54 milyard ABŞ dollarına yaxınlaşıb. Bu isə ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatı təxminən 3 il ərzində heç nə ixrac etməzsə, ölkəni idxalla təmin etmək səviyyəsindədir.
Axşam iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov başçılıq etdiyi qurumun büdcə zərfinə dair rəyini parlamentin diqqətinə çatdırdı. Geniş təhlildən sonra əsasən layihədəki dəyişikliklərdən söz açan qurumun rəhbəri qeyd etdi ki, yeni layihədə dövlət büdcəsinin vergi gəlirlərinin mənbələrinin ünvanlığı artırılıb, həmçinin mərkəzləşmiş və yerli büdcə münasibətlərinin yeni tənzimləmə mexanizmi yaradılıb. 2015-ci ildə ilk dəfə olaraq yerli gəlir vəsaitlərinin tənzimlənməsi üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə həmin şəhər və rayonlara onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulur. Bu yanaşma öz növbəsində yerli gəlirlərin artırılmasına stimul verməklə yanaşı, nəzarət mexanizmini gücləndirməklə büdcə münasibətlərinin tarazlaşmasında mühüm rol oynayacaq.
Yekunda Vüqar Gülməmmədov qeyd etdi ki, həyata keçirilən genişmiqyaslı islahatların və tədbirlərin uğurla davam etdirilməsi üçün qanun layihəsi gərəkli maliyyə təminatının yaradılmasını təmin edəcək. Bunu nəzərə alaraq Hesablama Palatası 2015-ci il dövlət büdcəsi haqqında müsbət rəyini Milli Məclisə təqdim edib və nəzərə alınmasını xahiş edir.
Sonra axşam iclasında büdcə layihəsinin geniş müzakirələri başlandı. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Azay Quliyev, İqbal Ağazadə, Elton Məmmədov, Rafael Cəbrayılov, Fazil Mustafa, Azər Badamov, Jalə Əliyeva, Kamilə Əliyeva, Zahid Oruc, Əli Məsimli, Astan Şahverdiyev, Qüdrət Həsənquliyev, İlyas İsmayılov və başqaları rəy və təkliflərini bildirdilər.
Milli Məclis sabah “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirəcək.
Milli Məclisin
Mətbuat xidməti