HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
19 noyabr 2014 | 06:11   
Paylaşın:        

Noyabrın 19-da Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 5 məsələyə baxıldı. Komitənin sədri Əli Hüseynli məlumat verdi ki, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi çox vacib məsələləri əhatə edir. Qanuna əlavə olunan yeni 13-cü fəsil əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanılması qaydasını özündə ehtiva edir.    
Müzakirədə qanunun humanistliyini, vacibliyini önə çəkən deputatlar Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və həmin komitənin sədr müavini Yevda Abramov Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklə bağlı fikirlərini açıqladılar. Tövsiyə və təkliflər verildi. Komitəyə dəvət olunmuş qonaqlardan Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov bu sənədin əhəmiyyətini yüksək dəyərləndirdi. Fikir mübadiləsinin yekununda Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdi. Qanun layihəsi parlamentin müzakirəsinə tövsiyə olundu.
Komitədə “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və  “İnformasiya əldə etmək haqqında” qanunlarda dəyişikliklər edilməsi məsələlərinə də baxıldı. Əli Hüseynli bildirdi ki, yeni qanun layihələrində dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları, vətəndaşlığa dair qanuna “Azərbaycan Respublikası vətəndaşının andı” maddəsinin əlavə olunması, redaktə xarakterli düzəlişlər və günün tələbindən irəli gələn digər dəyişikliklər öz əksini tapıb.
Fikir mübadiləsində komitə sədrinin müavini Rövşən Rzayev, deputat Rafael Cəbrayılov və digər komitə üzvləri ciddi məqamlara toxundular, səmərəli təkliflər irəli sürdülər.
Müzakirələrdən sonra gündəlikdəki qanun layihələrinin hamısı  Milli Məclisin plenar iclasına tövsiyə edildi. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU