MİLLİ MƏCLİSDƏ BÜDCƏ ZƏRFİNDƏKİ QANUN LAYİHƏLƏRİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ

Tədbirlər
19 noyabr 2014 | 06:11   
Paylaşın:        

Noyabrın 19-da Milli Məclisdə ölkəmizin 2015-ci il dövlət büdcəsinə dair büdcə zərfindəki qanun layihələrinin müzakirəsi davam etdirildi. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başladılar.
Millət  vəkilləri Fəzail Ağamalı, Fərəc Quliyev, Leyla Abdullayeva, Yevda Abramov, Musa Quliyev, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Elmira Axundova, Sədaqət  Vəliyeva, Sahib Alıyev, Bəxtiyar  Əliyev çıxış edərək  2015-ci il dövlət büdcəsini  birmənalı olaraq  mükəmməl şəkildə hazırlanmış,  sosial  yönümlü büdcə kimi dəyərləndirdilər.  Qeyd  olundu ki, ölkəmizdə dövlət büdcəsi ildən-ilə təkmilləşir. Büdcə layihəsinin əsaslandırılması səviyyəsi tamamilə qənaətbəxşdir. Son on il ərzində Azərbaycanda dinamik inkişaf  var, ölkədə qərarlaşmış, səriştəli büdcə institutu artıq formalaşmışdır. Azərbaycan sürətlə inkişaf  edir.  Dünyada  baş verən qlobal maliyyə  böhranı  şəraitindən Azərbaycan ən az itkilərlə çıxdı. Ölkəmizin xarici borcu minimum səviyyədədir, valyuta ehtiyatlari kifayət qədərdir. Əhalinin  sosial  müdafiəsini  xarakterizə  edən  göstəricilər, Ümumi  Daxili Məhsulun  həcmi, büdcə  gəlirləri parametrləri onu  göstərir  ki,   əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdrilən bu siyasət Azərbaycanı xoş gələcəyə doğru aparır.
Səsləndirilən  təkliflərdə kənd  təsərrüfatı  sahəsinə investisiyaların  artırılması, əlil  və müharibə  veteranlarının  sosial  müdafiəsinin daha  da  gücləndirilməsi, təhsil  sahəsinə ayrılan vəsaitin  artırılması, sosial evlərin  tikintisi,  İpoteka  Fondunun gücləndirilməsi,  paytaxt  Bakıda  tıxac probleminin aradan  qaldırılması,  əhalinin banklardan  götürdüyü  kredit faizlərin aşağı salınması, rayonlarda yaşayan sahibkarlara  güzəştli kreditlərin verilməsi, yoxsulluğun azaldılması məsələlərinə diqqətin  artırılmasının vacibliyi  bildirildi. 
Milli Məclis sədrinin müavini Bahar Muradova iclasda çıxış edərək bildirdi ki,  iqtisadi tərəqqinin, tolerantlığın Azərbaycan modeli olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bir Azərbaycan modeli də var. Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə yaymaqda bu modelin üstün cəhətlərindən istifadə etməliyik. Bu gün separatizm meyilləri, ərazi iddiaları və digər problemlər artıq bütün dünyanı əhatə edir. Beynəlxalq hüququn prinsiplərinə bu hüququn yaradılmasında bilavasitə iştirak etmiş dövlətlərin özləri də bəzən saymazyana münasibət göstərirlər. Azərbaycana qarşı ləkələmə kompaniyası, ölkəmizin uğurlarına qısqanclıqla yanaşma,  xarici  qüvvələrin Azərbaycanın hərbi qüdrətinin artmasından ciddi narahatlıq keçirməsi hallarının törətdiyi fəsadlar hər  kəsə məlumdur. Beynəlxalq təşkilatlara öz mövqeyimizin düzgünlüyünü isbat etmək çox əmək sərf etməli oluruq.  Milli Məclis  Sədrinin müavini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin daha yüksək səviyyədə təşkilinin önəmini qeyd edərək dedi: “Bizim beynəlxalq layihələrə çıxışımız üçün daha böyük maliyyə vəsaitinə ehtiyacımız var. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası beynəlxalq miqyasda bir sıra tədbirlər keçirib. Bu tədbirlər Avropa İttifaqı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla birgə həyata keçirilmiş layihələrdir. Buna görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, Azərbaycanın üzləşdiyi problemlərin dünyada daha geniş yayılması üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin məbləğinin artırılması məqsədəuyğun olardı.”
Milli Məclis  Sədrinin müavini Valeh Ələsgərov öz çıxışında Azərbaycanın  təşəbbüskarı və iştirakçısı olduğu  qlobal infrastruktur  layihələrdən söz açdı, büdcədən  belə layihələrə  ayrılan vəsaitin  yetərli olduğunu vurğuladı.  O, dünya  bazarında neftin qiymətinin dəyişməsinin dövlət  büdcəsinə  təsiri ilə əlaqədar  fikirlərini bildirdi.  Qeyd  olundu ki, dünya  bazarına neft idxalının artması və neftin qiymətinin aşağı  düşməsi  Azərbaycanın 2015-ci il  dövlət büdcəsinə ciddi təsir  göstərə bilməz. Vitse-spiker  bildirdi ki, son on ildə  ölkəmizdə energetika  sahəsi  tam olaraq  yenidən qurulub, bu sahədə böyük  irəliləyiş var. Yeni stansiyaların tikilməsi, rekonstruksiya  edilməsi, su  dəryaçalarının, su  paylayıcı  kanalların yaradılması, elektrik  enerjisi  istehsalının istehlakçıya maksimum dərəcədə yaxınlaşdırılması  proseslərindən  söz  açan  Valeh Ələsgərov  neft  sahəsindən  gələn  gəlirlərə edilən  qənaətin  miqyasını açıqladı.
Fasilədən  sonra  Milli Məclisin iclası öz işini  davam  etdirdi.
Millət  vəkilləri Vahid  Əhmədov, Siyavuş Novruzov, Əhməd  Vəliyev,  Gülşöhrə Məmmədova, Rafiq Məmmədhəsənov, İsmayıl Hacıyev, Arif Rəhimzadə, İlham Məmmədov, Çingiz Qənizadə, Tahir  Rzayev, Sevinc  Hüseynova çıxış edərək   büdcə  layihəsi ilə bağlı fikirlərini  bildirdilər.  Təhsil kreditlərinin verilməsi, inşaat materialları laboratoriyalarının  qurulması, universitetlərdə maliyyə fondlarının yaradılması, doktorantların  təhsil ödənişlərinin dövlət  büdcəsindən ödənilməsi kimi dəyərli  təkliflər  səsləndirildi.
Deputatlar öz çıxışlarında 2015-ci il dövlət  büdcəsi  layihəsinin  Azərbaycan dövlətinin inkişafı, milli təhlükəsizliyi,  onun iqtisadi qüdrətinin möhkəmləndirilməsi, əhalinin rifahının  yaxşılaşdırılmasını nəzərdə tutan  dövlət  siyasətinin  həyata  keçirilməsinin  maliyyə  təminatını tam əhatə  etdiyini vurğuladılar.  Ölkənin  ali maliyyə hər  zaman qorunan makroiqtisadi  sabitlik,  Azərbaycanın uzaq  və yaxın  gələcəyinə  hesablanmış iqtisadi  baxışlar,  dünya bazarının konyukturası, respublikamızın sosial-iqtisadi inkişafının daha da sürətlənməsinin nəzərə  alınması  qeyd  olundu. Bildirildi ki, sosial və investisiyayönümlü bu büdcə əhalinin rifah halının yüksəldilməsində yeni mərhələ olacaq.
Milli Məclisdə büdcə  müzakirələri noyabrın 20-də  davam etdiriləcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU