BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI

Tədbirlər
21 noyabr 2014 | 12:11   
Paylaşın:        

Noyabrın 20-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə  parlament “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirdi.
İclasda çıxış edən deputatlar Eldar İbrahimov, İsa Həbibbəyli, Əli Hüseynli, Cavanşir Paşazadə, Şəmsəddin Hacıyev, Əhliman Əmiraslanov, Abel Məhərrəmov 2015-ci ilin büdcəsini yüksək dəyərləndirdilər. Layihə mükəmməl hazırlanmış real, təmkinli və təminatlı sənəd adlandırıldı. Qeyd olundu ki, Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti artıb, balanslaşdırılmış maliyyə-kredit siyasəti qlobal böhran dövründə belə Azərbaycanın inkişafını təmin edib, vətəndaşların rifahının yaxşılaşdırılması və layiqli həyat səviyyəsinin təminatı üçün böyük işlər görülüb, ÜDM-də qeyri-neft sektorunun payı xeyli artıb, ölkəmizdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, müxtəlif təyinatlı yeni müəssisə və obyektlər istifadəyə verilib.  
Səslənən təkliflərdə aqrar sahədə toxumçuluq və damazlıq təsərrüfatının möhkəmləndirilməsi, elmin inkişafına qayğının artırılması, ali məktəblərdə elmin maliyyələşdirilməsi, gənclər arasında hərbi-vətənpərvərliyin gücləndirilməsi üçün “Vətənin müdafiəsinə hazıram” tipli normativlərin bərpası, davamlı fəaliyyətdə olan qış və yay düşərgələrinin yaradılması, icbari tibbi sığortanın tətbiqinə başlanması, Dövlət Sirki üçün müasir üslubda yeni binanın tikilməsi, “Azərbaycanfilm” kinostudiyasının yenidən formalaşdırılması və s. kimi mühüm məsələlər önə çəkildi. 
Milli Məclis Sədrinin I müavini Ziyafət Əsgərov üç gün davam edən müzakirələrdə çox maraqlı təkliflərin və qeydlərin səsləndiyini söylədi. Azərbaycanın qısa müddətdə möhtəşəm inkişaf yolu keçdiyini vurğulayaraq xatırlatdı ki, ötən əsrin  90-cı illərinin əvvəllərində büdcəmizdə cəmi 70 milyon manat var idisə, indi dövlət büdcəmiz milyard manatlarla ölçülür. Bu nailiyyət uğurlu beynəlxalq siyasətin, daxili sabitliyin və müvəffəqiyyətli büdcə siyasətinin nəticəsidir. Müzakirəyə çıxarılmış 2015-ci ilin dövlət büdcəsi dünya iqtisadiyyatında baş verə biləcək bütün  təlatümlərə hazırdır.
I vitse-spiker öz çıxışında ATƏT-in həmsədrlərinin Ermənistana məxsus Mi-24 helikopterinin guya neytral ərazidə vurulduğuna dair bəyanatlarına qəti etirazını bildirdi. İkili standartların nəticəsi olan həmin bəyanatı təxribat xarakterli, məntiqsiz bəyanat adlandırdı.
Çıxışlara yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, müzakirələrdə 54 deputat 2015-ci ilin dövlət büdcəsinə dair fikirlərini bildirib, təkliflərini diqqətə çatdırıb.
Sonra parlamentdə müvafiq hökumət qurumlarının rəhbərləri deputatların qaldırdıqları məsələlərə münasibət bildirdilər.
Üç gün davam edən müzakirələrin praqmatikliyini vurğulayan Mərkəzi Bankın sədri Elman Rüstəmov başçılıq etdiyi qurumun ünvanına deputatların səsləndirdikləri obyektiv tənqidi qeydlərə görə təşəkkürünü bildirdi. Banklarda faiz dərəcələri ilə bağlı millət vəkillərini narahat edən məsələlərə aydınlıq gətirdi.
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin hüquqları, dərs yükü, həyata keçirilən təhsil islahatları barədə Milli Məclisi ətraflı məlumatlandırdı.
Parlamentdə aparılan səmərəli müzakirələrə, aktual məsələlərə dair çoxsaylı təkliflərə görə Milli Məclisin rəhbərliyinə və üzvlərinə təşəkkür edən maliyyə naziri Samir Şərifov iclasda qaldırılan məsələlərə münasibət bildirdi. Çıxışının yekununda qeyd etdi ki, Milli Məclisdə səslənmiş bütün təkliflər hökumət tərəfindən öyrəniləcək, büdcə layihəsində nəzərə alınması imkanları təhlil ediləcək və parlamentin növbəti iclasında bu barədə deputatlara məlumat veriləcək. 
Səhər iclasının yekununda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva “Azərbaycan Respublikası hökuməti ilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumu barədə məlumat verdi.  Memorandum Milli Məclis tərəfindən təsdiq olundu.
Axşam iclasında Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli büdcə zərfinə daxil olan 3 sənədi – “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il dövlət büdcəsi haqqında”,  “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini təqdim etdi. Ölkədə gedən sığorta-pensiya islahatlarından geniş söhbət açaraq qeyd etdi ki, DSMF-nin səyləri sayəsində təkcə bu il sığortaya cəlb olunan işçilərin sayı 1 milyon 500 min nəfər artıb. Bu sahədə qanunu pozan işəgötürənlərin cərimələnməsi statistikası əvvəlki ilə nisbətən 23 dəfə artıq olub.
Komitə sədri Dövlət Sosial Müdafiə Fondunun elektron hökumət istiqamətində atdığı addımları müsbət dəyərləndirdi, hüquqi və fiziki şəxslərin sosial sığortaya cəlb olunmasında bu metodlardan istifadəni xüsusi vurğuladı. Bildirdi ki, xidmətlərin elektronlaşması sayəsində DSMF-da vətəndaş-məmur kontaktı minimuma endirilib, pensiyaların bankomatlar vasitəsilə ödənilməsinə 99 faiz nail olunub. Hadi Rəcəbli quruma dair bır sıra göstəriciləri ötən illərlə müqayisəli təhlil edərək ölkəmizdə insanların sosial rifahının yaxşılaşdırılması sahəsindəki uğurları qeyd etdi.
Gündəlikdəki növbəti məsələləri şərh edən Sosial siyasət komitəsinin sədri öncə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə 2015-ci il üçün yaşayış minimumu haqqında məlumat verdi. Bildirildi ki, layihədə gələn il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilir. Məlumat verildi ki, 2015-ci il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 105 manat məbləğində nəzərdə tutulur.
Sonra iclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev başçılıq etdiyi qurumun 2015-ci il büdcəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli islahatlar əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin edir. Bunun nəticəsidir ki, ölkəmizin iqtisadi həyatı ilə əhalinin sosial müdafiəsinin uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən mexanizmləri səmərəli fəaliyyət göstərir və daim təkmilləşdirilir. Bu əsasda formalaşan DSMF-nin büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsini pensiyaçıların sosial müdafiəsinə yönəldir.
Qeyd olundu ki, qurumun 2015-ci il üzrə büdcə layihəsi həmin inkişaf parametrlərinə, həmçinin cari ilin ötən dövrü ərzində sığorta-pensiya sisteminin fəaliyyətinin əsas göstəricilərinə istinadən tərtib olunub. Ölkədə orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, qeydiyyatın gücləndirilməsi və pensiya sisteminə əlavə dövlət dəstəyi hesabına cari ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 402 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 194 milyon manat çoxdur.  Sosial sığorta gəlirləri 2013-cü ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 1 milyard 386 milyon manata çatıb. 
Daxilolmaların 65 faizi və ya 904 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz və ya 109 milyon manat çoxdur. Qeyri-büdcə daxilolmalarının sürətli artımını ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi kimi dəyərləndirən Elman Mehdiyev dedi ki, bu həm də sosial sığorta sistemində fərdi uçota əsaslanan ictimai nəzarətin gücləndirilməsinin nəticəsidir. “Elektron hökumət” portalının statistikasına əsasən, DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur və   “Doinq Business 2015” beynəlxalq reytinq hesabatına əsasən, Azərbaycan sosial sığorta haqlarının ödənişi və hesabatı sisteminin avtomatlaşdırılmasında 32 pillə irəliləyib.
2014-cü ilin 10 aylıq göstəricilərindən danışan DSMF sədri bildirdi ki, bu müddətdə Fondun xərcləri 2 milyard 377 milyon manat olub. Bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Prezidentin sərəncamına əsasən, cari ildə pensiyalar indeksləşdirilərək artırılıb, yeni təyin olunan pensiyalarda sığorta hissəsi tədricən yüksəlib, əmək pensiyalarının orta aylıq məbləği 173 manata, yaşa görə pensiyaçılar üçün isə 192 manata çatdırılıb. Deputatların nəzərinə çatdırıldı ki, həm pensiya artımı, həm də pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbəti məsələsində ölkəmiz MDB-də ən öncül yerlərdədir.
DSMF sədri gələn il Fondun büdcəsinə təsir edə biləcək  makroiqtisadi, demoqrafik, məşğulluq və sığorta-pensiya sistemi göstəricilərinin dəyişmə ehtimallarını da sadaladı, konkret rəqəmlərlə diqqətə çatdırdı. Bildirdi ki, qeyd olunan göstəricilər  nəzərə alınmaqla Fondun büdcəsinin gəlir və xərcləri növbəti ilə 3 milyard 56 milyon 285 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur.
Dövlət büdcəsinin transferti cari ilin göstəricisinə nisbətdə 3,7 faiz və ya 42 milyon manat azalaraq 1 milyard 9 milyon manat təşkil edib. Göründüyü kimi, xərclərin artımı və dövlət büdcəsi transfertinin azalması toplanan sosial sığorta haqları hesabına qarşılanacaq. Fondun 2015-ci il üçün gəlirlərinin 64 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 36 faizə enəcək. Qeyri-büdcə üzrə gəlirlərin artımı cari ilin proqnozu ilə müqayisədə 11,7 faiz nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 97,8 faizi və ya 2 milyard 989,2 milyon manatı əhaliyə ödənişlər üçün sərf olunacaq. Həmin məbləğin 2 milyard 910,5 milyon manatı əmək pensiyalarına yönəldiləcək. Bu göstərici 2014-cü illə müqayisədə 4,4 faiz və ya 121,9 milyon manat çoxdur.
Fondun sədri açıqladı ki, 2015-ci ildə pensiyaların baza hissəsinə və ona əlavələrə 1 milyard 536,5 milyon manat vəsait yönəldiləcək ki, bu da cari ildəkindən 18 milyon manat çoxdur. Əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 8,2 faiz və ya 103,9 milyon manat artacağı proqnozlaşdırılır.
Bildirildi ki, 2020-ci ilə qədər olan dövrdə Azərbaycan Prezidentinin cari ilin 4 noyabrında təsdiq etdiyi “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq əsas prioritetlər kimi sistemin maliyyə dayanıqlığının təmin olunması, dövlətin öhdəlikləri ilə sığorta-pensiya sistemi öhdəliklərinin fərqləndirilməsi, sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi müəyyənləşdirilib.
DSMF-nin 2015-ci il üçün dövlət büdcəsi layihəsini tam dəstəkləyən  Fondun rəhbəri çıxışının yekununda qeyd etdi ki, bu sənəd prioritetlərə nail olunması istiqamətində etibarlı maliyyə təminatını formalaşdıracaq. Qanunun qəbulu ölkəmizdə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirəcək.
DSMF-nin 2015-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində deputatlar Azər Badamov, Zahid Oruc, Elmira Axundova, Fuad Muradov, Fazil Mustafa, Siyavuş Novruzov, Vahid Əhmədov fikirlərini bölüşdülər. Sənədin müsbət cəhətləri qeyd olundu. Deputatları maraqlandıran məqamlar önə çəkildi. Tövsiyələr,  təkliflər səsləndi. Sonda DSMF sədri Elman Mehdiyev çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətirdi, suallara cavab verdi.
Axşam iclasında Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında” məlumat verdi. O bildirdi ki, Milli Məclisin və onun Aparatının saxlanması üçün büdcədə 23 milyon 357 min 94 manat  vəsait nəzərdə tutulub.
Sonra Milli Məclis “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında” qurumun sədri Vüqar Gülməmmədovun məlumatını dinlədi. O bildirdi ki, Hesablama Palatasına və onun aparatının səmərəli fəaliyyətinin təmin edilməsinə büdcədən 3 milyon 892 min 139 manat vəsait ayrılıb ki, bu da ötən illə müqayisədə 258 min manat çoxdur.
Bununla da parlamentdə 2015-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdı. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlamentin üç gün  davam edən iclaslarında 2015-ci ilin dövlət büdcəsi və digər qanun layihələri  geniş müzakirə olunub. Bu iclaslarda səslənən rəy və təklifləri nəzərdən keçirmək üçün hökumətə noyabrın 28-dək vaxt verilir.
Növbəti plenar iclasında Milli Məclis səsvermə yolu ilə büdcə zərfinə daxil olan sənədlərə münasibət bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU