PARLAMENTDƏ UŞAQ HÜQUQLARI KONVENSİYASININ 25 İLLİYİ QEYD OLUNDU
Noyabrın 21-də Milli Məclisdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirildi. Dövlət və hökumət qurumlarının, QHT və KİV nümayəndələrinin, uşaqların dəvət olunduğu tədbiri Azərbaycan parlamenti ilə UNİCEF təşkil etmişdi.
Milli Məclis Sədrinin müavini Bahar Muradova konfransı açaraq parlamentin rəhbərliyi adından iştirakçıları salamladı. Qeyd etdi ki, hər zaman aktual olan insan hüquqları və uşaq hüquqları məsələsi ölkəmizdə dövlətin diqqətindədir. Biz Uşaq Hüquqları Konvensiyasının qarşıya qoyduğu hədəflərin, məqsədlərin yerinə yetməsi arzusundayıq. Çünki gələcəyimiz uşaqların əlindədir. Onların sağlam, təhsilli, vətənpərvər övladlar kimi böyüməsi, hər bir uşaqda öz vətəni üçün məsuliyyət hissinin formalaşması vacibdir.
Vitse-spiker qeyd etdi ki, Azərbaycan bir çox beynəlxalq konvensiyaya, o cümlədən uşaq hüquqları ilə bağlı konvensiyaya qoşulub. Bir sıra qanunlarımızda uşaq hüquqları ilə bağlı müddəalar öz əksini tapıb. UNİCEF-lə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən Milli Məclis uşaq hüquqları sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsinə ciddi yanaşır. Uşaqların problemləri daim diqqətdə saxlanır, deputatlar lazım gəldikcə müvafiq qurumlar qarşısında məsələ qaldırırlar.
Bahar Muradova konfransa qatılmış uşaqları əmin etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti onları qorumağa, firavan gələcəklərini təmin etməyə qadirdir.
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze Uşaq Hüquqları Konvensiyasının 25 illiyinin bütün dünyada qeyd edildiyini bildirdi. Çox məhsuldar əməkdaşlığa görə Azərbaycan parlamentinə təşəkkürünü çatdırdı. Bildirdi ki, indiyədək qanunvericiliklə bağlı irəli sürdükləri bütün təşəbbüslər Milli Məclis tərəfindən dəstəklənib. Azərbaycanın nailiyyətlərini yüksək dəyərləndirən UNİCEF-in nümayəndəsi uşaq hüquqlarının qorunması sahəsində də ölkəmizin üstün mövqeyini vurğuladı.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov uşaq hüquqlarının qorunması sahəsində gördükləri işlərdən danışdılar.
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlar Çingiz Qənizadə və Rauf Əliyev, Təhsil Nazirliyinin idarə rəisi Məlahət Hacıyeva, Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadə, Ümidli Gələcək Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova fikirlərini bölüşdülər.
Sonda konfransda iştirak edən uşaqlar ürək sözlərini çatdırdılar. Azərbaycan Uşaqlarının 3-cü Ümumrespublika Forumunun moderatoru Elman Aslanov Azərbaycan dövlətinin daim uşaqları dəstəklədiyini və onların fikirlərinə önəm verdiyini vurğulayaraq diqqəti uşaqların təkliflərinə yönəltdi. Çingiz Həsənbəyli 25 yaşı qeyd olunan konvensiyanın həmyaşıdlarının inkişafındakı rolundan söz açdı. Azyaşlılardan Şahin Bəkirli və Nilufər İslamlı arzularını dilə gətirdilər.
Konfransdan sonra məktəblilərin rəsm işlərindən ibarət sərgiyə baxış oldu.
Milli Məclisin
Mətbuat xidməti