TÜRKPA-ya ÜZV ÖLKƏLƏRİN SOSİAL SİYASƏT KOMİTƏLƏRİNİN BİRGƏ TOPLANTISINDA

Tədbirlər
22 noyabr 2014 | 02:11   
Paylaşın:        

 Noyabrın 21-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin Sosial siyasət komitələrinin 2-ci birgə toplantısı  keşirildi. “TÜRKPA-ya üzv ölkələrin miqrasiya problemləri və imkanları” mövzusunda keçirilən toplantıda parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, müzakirə olunan mövzu hazırda dünyada çox aktualdır. Məsələnin bir çox siyasi, iqtisadi, sosial tərəfləri var. Qeyd olundu ki, bəzi ölkələr, o cümlədən türkdilli dövlətlər miqrasiya problemindən çox əziyyət çəkirlər. Hazırda dünyada qanunsuz miqrantların sayı ildə 250 milyonu  keçib.
Miqrasiya probleminin bəzi ölkələrdə və beynəlxalq təşkilatlarda qaçqın-köçkün problemi ilə eyniləşdirildiyini deyən deputat  qaçqın-köçkün mövzusunun  tamam fəqrli mövzu olduğunu dedi. O, bildirib ki, Azərbaycan 20 ildən çoxdur ki,  bu problemdən əziyyət çəkir.
Komitə sədri qeyd etdi ki, 2012-ci ildə neft sənayesi ilə bağlı Böyük Britaniyadan Azərbaycana 2323 miqrant gəlib. 2014-cü ildə  bu göstərici 1900-ə düşüb.  Özbəkistan, Hindistan, Çin, ABŞ və dünyanın digər ölkələrindən də Azərbaycana miqrantların icazəli və icazəsiz gəlişi müşahidə olunur.

     Türkiyə Böyük Millət Məclisinin sağlamlıq, ailə, iş və sosial məsələlər komitəsinin sədri Necdet Ünüvar bildirdi ki, burada aparılan müzakirələr, miqrasiya problemlərinin həllinə yönələn fikirlər nəinki türkdilli ölkələr, eyni zamanda, digər dövlətlər üçün də faydalı ola bilər.
  Qazaxıstan Məclisi Sosial və mədəni məsələlər komitəsinin üzvü Kamal Burhanov Orta Asiyada mövcud miqrasiya problemlərindən söhbət  açdı. O, Qazaxıstanın  miqrasiya problemindən çox əziyyət çəkən bir ölkə olduğunu vurğuladı.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda miqrantların hüquqlarının qorunması, onların problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.
Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev dedi ki,  Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra böyük miqrasiya axınına məruz qaldı. Bu isə Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi zərurəti yaratmışdı. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu çətin dövrü qısa müddət ərzində aradan qaldıra bildi. Ölkədə gedən sürətli iqtisadi inkişaf, siyasi sabitlik əcnəbi vətəndaşların axınına səbəb oldu. Azərbaycana xarici sərmayə qoyuluşu artmağa başladı. Belə bir şəraitdə miqrasiya problemlərinin dövlət səviyyəsində tənzimlənməsi zərurətindən Dövlət Miqrasiya Xidməti yaradıldı. 
Tədbirdə qeyd olundu ki, bu gün ölkəmizə gələn əmək miqrantlarının və onların ailələrinin hüquqları yüksək səviyyədə qorunur. Onların qəbul edilməsi və müvafiq şəraitin yaradılması Miqrasiya Məcəlləsinə əsasən tənzimlənir. Məcəlləyə edilən sonuncu dəyişikliklərdən sonra bu proses daha da sadələşdirilib. Belə ki, əgər miqrantların 5 il Azərbaycanda işlədikdən sonra, 1 il öz ölkəsində qalmaqla, yenidən Azərbaycana qayıtmaları nəzərdə tutulurdusa, indi bu məsələ aradan qaldırılıb. Azərbaycan vətəndaşları ilə nikaha girən,  sahibkarlıqla məşğul olan miqrantlar xüsusi icazə almadan fəaliyyətləri ilə məşğul ola bilirlər.
Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin rəhbəri Serhan Aktoprak çıxışında qeyd etdi ki, miqrasiyanın düzgün tənzimlənməsi və səmərəli idarəçilik mexanizmləri yaradılarsa ortada problem qalmır. Birgə səylər nəticəsində buna nail olmaq mümkündür.
Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq departamentinin direktoru xanım Jill Helke öz çıxışında miqrasiya probleminin aktuallığına toxundu, bu problemin həlli üçün regional əməkdaşlığın vacibliyini vurğuladı. O, eyni zamanda miqrasiyanın mənfi cəhətləri ilə yanaşı müsbət cəhətlərinin də olduğunu dedi.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU