REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 25-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası acaraq bildirdi ki, gündəliyə təqdim edilən məsələlər bələdiyyələrin fəaliyyətini tənzimləyən qanun layihələrinə dəyişiklik edilməsi ilə bağlıdır.
Arif Rəhimzadə qeyd etdi ki, müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyə əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” qanunlara texniki xarakterli dəyişikliklər edilməsi nəzərdə tutulur. Düzəlişlərə əsasən bundan sonra bələdiyyə orqanları ödənişləri nağd şəkildə yox, poçt və ya bank vasitəsilə həyata keçirə bilərlər. Bu günəcən onlara ancaq dotasiyalar ayrılırdısa, bundan sonra subvensiyalar da ayrılacaq.
İclasda iştirak edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəhbəri Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyətindən danışdı, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqlar barədə məlumat verdi, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların sayının artdığını vurğuladı. O, qanun layihələrində edilən dəyişikliklərin əhəmiyyətli olduğunu bildirdi.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti