TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNDƏ

Komitə iclasları
27 noyabr 2014 | 03:11   
Paylaşın:        

Noyabrın 27-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəliyə iki Sazişin təsdiq edilməsi barədə qanun layihələrinin daxil edildiyini diqqətə çatdırdı. Bildirildi ki, sənədlər ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Hər iki Saziş dövlət və milli maraqlara cavab verir.
İclasda “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş barədə məlumat verən komitə sədri bildirdi ki, sənəd cari ilin 29 sentyabr tarixində Həştərxan şəhərində 5 dövlət tərəfindən imzalanıb. Sazişə əsasən tərəflər arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə əlaqələrin yaradılması və təkmilləşdirilməsi, bu sahədə təcrübə və informasiya mübadiləsi, habelə mütəxəssislərin hazırlanması istiqamətlərində əməkdaşlıq nəzərdə tutulur. Sənəddə, eyni zamanda, əməkdaşlığın prinsipləri və digər maddələr əks olunub.
Sonra Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini təqdim etdi. Qeyd edildi ki, Saziş sənəddə adı çəkilən sahələrdə mütəxəssislərin hazırlanması, təlimi, bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə tərəflərin qarşılıqlı fəaliyyətlərini müəyyən edir. Sazişin müddəalarının yerinə yetirilməsi üçün tədbirlərin həyata keçirilməsi məqsədilə tərəflərin səlahiyyətli orqanları tərəfindən İşçi qrupu yaradılır. Sənəddə dövlət sərhədini keçmək şərtləri, avadanlıqların gətirilməsi, əməkdaşlığın maliyyələşdirilməsi və bir sıra digər məsələlər əhatə olunur.
Müzakirələr zamanı çıxış edən deputatlar Fərəc Quliyev, Adil Əliyev, Aqil Abbasov hər iki Sazişin əhəmiyyəti barədə fikirlərini açıqladılar.
İclasın sonunda komitə üzvləri qanun layihələrinin Milli Məclisin plenar iclasına təqdim edilməsini qərara aldılar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU