MİLLİ MƏCLİSDƏ TƏHSİL VƏ ƏLİLLİK PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLİB
Noyabrın 28-də Milli Məclisdə Sosial siyasət komitəsi üzvlərinin, Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatının və bir sıra hökumət, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə “Təhsil və əlillik problemləri” mövzusunda hüquqi bazanın birgə müzakirəsi keçirildi.
Komitə sədri Hadi Rəcəbli əvvəlcə Azərbaycan parlamentinin strukturu, fəaliyyəti və tərkibi barədə qonaqlara ətraflı məlumat verdi. Bildirildi ki, Milli Məclisdə əhalinin bütün təbəqələrindən nümayəndələr təmsil olunur, buna görə də parlamentdə milli, dini və irqi ayrıseçkilik yoxdur. Komitə sədri Azərbaycanda əlillərin sosial müdafiəsini əks etdirən çoxsaylı qanunların qəbul edildiyini dedi və bu qanunların hazırlanmasında Sosial siyasət komitəsinin rolundan danışdı. Bu günlərdə komitə tərəfindən "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında" qanun layihəsinin hazırlanaraq Milli Məclisə təqdim edildiyi vurğulandı. Bildirildi ki, sənədə əsasən evdə təhsilə cəlb olunan, sağlamlıq imkanları məhdud şəxslərin valideyinlərinə və ya digər qanuni nümayəndələrinə müavinətlər veriləcək. Qeyd olundu ki, hazırda komitədə "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun layihəsi hazırlanır.
“Türkiyə Bəyazay Dərnəyi”nin baş direktoru Lokman Ayva çıxış edərək bildirdi ki, Azərbaycan-Türkiyə dedikdə iki qardaş göz önünə gəlir. O, ölkələrimizin çox dərin mədəniyyətə və sosial-iqtisadi inkişafa sahib olduqlarından söz açdı. Hər zaman bir-birinə dəstək olan qardaş ölkələrin əlillərin cəmiyyətə inteqrasiyası, onların təhsil alması və işlə təminatı sahəsində də birgə fəaliyyət qurmasının vacibliyini vurğuladı.
Çıxış edən türkiyəli deputatlar da əlillərin sosial müdafiəsi sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən söhbət açdılar. Əlil insanların yüksək təhsil almasının çox önəmli olduğunu deyən qonaqlar, Azərbaycan hökumətinin bu sahəyə olan diqqətini yüksək qiymətləndirdilər.
Görüşdə mövzu ilə bağlı qarşılıqlı müzakirələr aparıldı.
Milli Məclisin
Mətbuat xidməti