MİLLİ MƏCLİSİN İCLASINDA 2015-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ VƏ BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏR TƏSDİQLƏNDİ

Tədbirlər
28 noyabr 2014 | 06:11   
Paylaşın:        

Noyabrın 28-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirildi.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlamentdə 3 gün 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər müzakirə olundu, deyilən təkliflərə baxılması üçün hökumətə vaxt verildi. Bu gün əvvəlcə maliyyə naziri Samir Şərifovu və Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevi dinləyəcəyik, sonra isə 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər səsə qoyulacaqdır. Sədr qeyd etdi ki, gündəlikdəki digər məsələləri də müzakirə etdikdən sonra deputatların xahişilə onlara Avropa Parlamenti ilə bağlı fikirlərini bildirmək üçün vaxt ayıracağıq.
Milli Məclisin Sədri bildirdi ki, Avropa Parlamentinin sədri Martin Şults yenə Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan fikirlər söyləyib.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, Avropa Parlamenti ilk iclasında Azərbaycana qarşı qətnamə qəbul etdi. Milli Məclis qaydalara riayət edərək bununla bağlı bəyanat verdi, bir ay bəyanata cavab vermədilər. Sonra parlamentin Sədri kimi cənab Şultsa məktub yazdım, amma o məktubuma da  cavab gəlmədi.
Bunun siyasi mədəniyyətə uyğun olmadığını deyən Milli Məclisin Sədri Avropa Parlamentinin rəhbərliyinə tövsiyə etdi ki, onlar birinci özlərinə və Avropa İttifaqı daxilindəki dövlətlərə baxsınlar. Oradakı antisemitizmə, diskriminasiyaya, miqrantlara olan münasibətə, polislərin qəddarlığına baxsınlar. Heç birinə münasibət bildirmirlər. Amma Avropada bir neçə müsəlman ölkəsi var, bütün diqqətlərini onları şərləməyə cəlb ediblər. Bunların hamısı qalsın bir kənarda, indi də başlayıblar açıq yalan danışmağa.
Cənab Şults deyib ki, guya Azərbaycan dövlətinə müraciət edib ki, Leyla Yunusun məsələsilə əlaqədar Azərbaycana parlament qrupu gəlsin. Tamamilə yalandır, nə Milli Məclisə, nə də Azərbaycan hökumətinə belə müraciət olmayıb. Hətta bizim bildiyimizə görə onlar belə bir deputat qrupunu da tərtib edə bilməyiblər. Belə bir mötəbər qurumun iclasında açıq yalan danışmaq heç bir siyasətçiyə hörmət gətirmir. Necə münasibət görürüksə, elə də münasibət göstərəcəyik.
Biz çalışırıq ki, Avropa Parlamenti ilə münasibətləri yüksək səviyyədə quraq, bizim Avropa Parlamenti ilə ikitərəfli əməkdaşlıq təşkilatımız var. Azərbaycanlı deputatlar Avropaya tam tərkibdə gedirlər, amma biz iclas keçiririk 35 üzvdən Azərbaycana 2-3 nəfər gəlir.
Milli Məclisin Sədri çıxışına yekun vuraraq bildirdi ki, belə münasibətə biz də adekvat münasibət göstərəcəyik.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək büdcənin müzakirəsi zamanı deputatların qaldırdıqları məsələlərə münasibət bildirdi. Nazir diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının 2015-ci il üçün dövlət büdcə layihəsinin müzakirəsi zamanı söylənən fikirlər hökumət üzvləri tərəfindən nəzərdən keçirilmişdir. Qaldırılan bir sıra zəruri məsələlər nəzərə alınmışdır. Nazirin sözlərinə görə, millət vəkillərinin elm xərclərinin artırılması ilə bağlı təklifləri nəzərə alınaraq bu məbləğin 8 milyon manat artırılması məqbul hesab olunmuşdur. Artım baş verdikdə 2015-ci ildə elmə ayrılan vəsait 150,5 milyon manat təşkil edəcəkdir.
 Nazir qeyd etdi ki, siyasi partiyalar üçün 2014-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi, yəni 250 min manatı bölüşdürülməmiş qalmışdır. Bu qənaət olunmuş vəsaitin 2015-ci ildə tam məbləğdə partiyalar arasında bölüşdürülməsi nəzərdə tutulmuşdur. Onun sözlərinə görə, bununla bağlı “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir və yaxın vaxtlarda bu dəyişiklik barədə qanun layihəsi parlamentə təqdim olacaq. Qeyri-hökumət təşkilatlarına ayrılan vəsait də ötən illə müqayisədə 50 faiz artırılacadır. Millət vəkillərinin fikirlərini əsas götürərək 2015-ci ildə əlavə 600 min manat vəsaitin ayrılması təklifini hökumət qəbul edir. Bu da QHT-lərin fəaliyyətinə olan qayğının təzahürüdür.
Nazir bildirdi ki, hökumət tərəfindən aparılan təhlillərə görə, bir neçə ilə ərzində bələdiyyələrin gəlirlərinin icrası qənaətbəxş deyil. Maksimal icra faizi 89 təşkil etmişdir. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsindən, icarəyə verilməsindən və bir sıra vergilərdən gələn gəlirlərdir. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı deyil. Bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, onların gəlirləri artsın. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilmişdir. Bu dəyişiklik nəticəsində bələdiyyələrin maliyyə təminatı yaxşılaşacaqdır.
Samir Şərifov diqqətə çatdırdı ki, hökumət Milli Məclisin xərclərini nəzərə alaraq, bu vəsaitin 450 min manat artırılmasını məqsədəuyğun hesab edir və parlamentin xərclər smetası 23 milyon 807 min manata çatdırılacaqdır.
Sonra çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirdi ki, DSMF-nin gələn il üçün büdcəsinə 100 min manat əlavə edilib. O, qeyd etdi  ki, sanatoriya-kurort yollayışlarında da artım olub. Bu məbləğ 122,8 min manatdan növbəti il üçün 222 min manata çatdırılıb. Bu artım DSMF-nin saxlama xərclərinin və ödəniş üzrə xidmət xərclərinin azaldılması hesabına mümkün olub. Nəzərdə tutulan artımın 30,3 min manatı sığorta olunanların uşaqlarının kurort və istirahəti, 167,4 min manatı Azərbaycan Həmkarlar İttifaqının idman cəmiyyətlərinin inkişafı, 9,7 min manatı sanatoriyada qida və tibbi personallar üçün nəzərdə tutulub.
Sonra "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında", Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında, həmçinin ehtiyac meyarının həddi haqqında və Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında qanun layihələri səsə qoyularaq  qəbul  edildi.
Deputatlar Mehriban Nadir qızı Əlişanovanı yenidən Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin etdilər.
İclasda "Azərbaycan Respublikası Höküməti və Fransa Respublikası Höküməti arasında məxfi məlumatların mabadiləsinə və qarşılıqlı qorunmasına dair" Saziş təsdiq edildi. Millət vəkilləri Vergi və Əmək Məcəllələrinə, "İcbari sığortalar haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Məşğulluq haqqında" qanunlara, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibatı ərazi bölgüsündə qismən dəyişikliklər edilməsinə müsbət münasibət bildirdilər.
Sonra deputatlar Avropa Parlamenti üzvlərinin ölkəmizə qarşı qərəzli münasibətinə dair fikirlərini bildirdilər.
Vitse-spiker Bahar Muradova diqqətə çatdırdı ki, Azərbaycan bu təzyiqlərin qarşısında dayanmalıdır. Onlar deyirlər ki, Azərbaycanda azadlıqda bizim tərəfdaşımız qalmayıb. Bizim tərəfdaşımız konkret şəxslər deyil, Avropa Parlamentidir. Sizin tərəfdaşlarınız isə Azərbaycanda yalnız Leyla Yunus, ya onun kimi müəyyən məqsədlərə xidmət edən 3-5 nəfərdir, yoxsa Azərbaycandır? Xahiş edərdik ki, onlar tərəfdaşlıqla bağlı mövqelərinə sərf-nəzər etsinlər, biz də işimizi bilək. Biz heç kəsə təzyiq göstərmirik. Hər kəs törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Kimsə hesab edirsə ki, dövlətin mənafeyini satıb həyatını sürəcək, biz buna imkan verməyəcəyik.
Çıxış edən millət vəkilləri Zahid Oruc, Fazil Mustafa, Çingiz Qənizadə, Siyavuş Novruzov, Sabir Rüstəmxanlı, Tahir Rzayev, Qüdrət Həsənquliyev, Əli Hüseynli, Bəxtiyar Əliyev və Yevda Abramov Avropa Parlamentini Azərbaycana qarşı bu qərəzli mövqedən əl çəkməyə çağırdılar və bəzi Avropa qurumları ilə əməkdaşlığa son qoymağı təklif etdilər. Qeyd olundu ki, bəzi Avropa təşkilatları Azərbaycanın bugünkü inkişafından narahatdırlar. Buna görə də sayıqlığımızı itirməməliyik və tutduğumuz mövqedən yayınmamalıyıq.
Bununla da Milli Məclisin bugünkü iclası işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU