PARLAMENTDƏ HİV-ə QARŞI MÜBARİZƏYƏ DAİR İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRİLDİ

Tədbirlər
04 dekabr 2014 | 04:12   
Paylaşın:        

Dekabrın 4-də Milli Məclisdə Sosial siyasət komitəsinin, BMT Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirildi.
İclası aparan Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd  etdi ki, qanunların monitorinqi və bununla bağlı ictimai dinləmələrin təşkil olunması artıq parlamentdə ənənə halını alıb. Bu dinləmələr vasitəsi ilə qəbul edilən sənədlərin günün reallıqlarına uyğun olduğunu görmək, eyni zamanda, mövcud nöqsanları müəyyənləşdirmək, müəyyən boşluqları aradan qaldırmaq daha da  asanlaşır. Onun sözlərinə görə, burada məqsəd Azərbaycan əhalisinin sosial müdafiəsini daha da gücləndirməkdir ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin istəyindən və tələbindən irəli gəlir.  Sonra  qanunun hazırlanmasından söz  açan komissiya  sədri bildirdi ki, HİV-lə bağlı qanun postsovet məkanında ilk olaraq Azərbaycanda qəbul edilib. Sonradan bu qanuna bəzi əlavələr və dəyişikliklər edilməsi zərurəti də yarandı. Tam yeniləşdirilmiş qanun layihəsi hazırlandı və qəbul edildi.  Bu sənəd 2010-cu ildə Vyanada 25 min insanın qatıldığı böyük bir tədbirin müzakirəsinə çıxarıldı və o, model qanun kimi bəyənildi.
İclasda  iştirak edən Milli Məclis  Sədrinin müavini Bahar Muradova  sənədlə  bağlı fikirlərini  bildirdi. Vitse-spiker  dedi: “HİV kimi təhlükəli bir xəstəliklə mübarizə bu gün dünyanın qarşısında dayanan əsas problemlərdən biridir. Odur ki, istər dünyada, istərsə də Azərbaycanda HİV-ə qarşı mübarizə cəmiyyətlə birgə aparılmalıdır. Parlament bu  sahədə  vətəndaş cəmiyyəti institutları ilə çıx əməkdaşlıq edir. Azərbaycan  parlamentində  hazırlanan sözügedən qanunun dünyada model qanun kimi qəbul olunması çox sevindiricidir, ona  görə ki, Azərbaycan bır çox məsələlərdə dünyaya nümunə olduğu kimi, bu məsələdə də dünyaya nümunə kimi çıxış edir.”
Bahar  Muradova eyni zamanda, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirərək qeyd etdi ki,   qurum nəinki adıçəkilən qanunun hazırlanmasında, eyni zamanda, parlament tərəfindən qəbul olunan qanunların real həyatda işləməsi, onlarda mövcud olan, boşluqların üzə çıxarılması, yeni çağırışların ortaya qoyulmasında Milli Məclislə fəal əməkdaşlıq edir. O, bugünkü ictimai dinləmələrin  parlamentin qanun yaradıcılığı prosesinə və bütövlükdə HİV-lə mübaizəyə öz müsbət təsirini  göstərəcəyinə inandığını, belə tədbirlərin bütün tərəflər üçün faydalı olacağını  diqqətə  çatdırdı.
İclasda  iştirak  edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev Beynəlxalq Qırmızı Xaç Komitəsinin QİÇS/HİV xəstəliyinin təbii fəlakətə bərabər bir  bəla olduğu fikrini xüsusi  vurğuladı. Qeyd  olundu ki, rəsmi statistikaya görə,  hazırda Azərbaycanda  5 minə yaxın  vətəndaş bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin daşıyıcısı olan bəzi insanlar özlərində çətinliklə güc toplayaraq, profilaktik tədbirlərin görülməsi üçün həkimə müraciət edə bilir. Nazir müavini bu sahədə maarifləndirmə  işinin  gücləndirilməsinin  əhəmiyyətindən danışdı. 
Tədbirdə  Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Rauf Əliyev, İlham Məmmədov,  Ailə, Qadın və Uşaq  Problemləri  üzrə Dövlət  Komitəsinin sədr müavini Aynur Sofiyeva, UNİSEF-in Azərbaycan  nümayəndəliyinin rəhbəri Andro Şilakadze, Respublika  QİÇS Mərkəzinin direktoru Esmira Alməmmədova, Səhiyyə Nazirliyinin, Gənclər  Təşkilatları Milli Şurasının, vətəndaş  cəmiyyəti  institutlarının və QNT-lərin  nümayəndələri  çıxış  edərək fikir və təkliflərini bildirdilər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU