TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ

Dekabrın 5-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası oldu.
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, gündəliyə bir məsələ – “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi daxil edilib. 17 maddədən ibarət olan Saziş cari ilin oktyabr ayında Doha şəhərində imzalanıb. Sənəd Azərbaycan və Qətər hökumətləri arasında 5 illik müddətdə təhlükəsizlik sahəsində, o cümlədən transmilli və mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, kiber cinayətkarlığa, çirkli pulların yuyulmasına, korrupsiyaya, insan alverinə qarşı mübarizədə əməkdaşlığı nəzərdə tutur. Komitə sədri vurğuladı ki, Saziş hər iki ölkənin dövlət və milli maraqlarına uyğundur.
Sonra iclasda fikir mübadiləsi aparıldı. Komitə üzvləri sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər. Ölkəmizin bir sıra dövlətlərlə anoloji sazişlər imzaladığı qeyd olundu. Bildirildi ki, müzakirəyə çıxarılmış Saziş Azərbaycanla Qətər arasında mədəni, tarixi və arxeoloji əhəmiyyəti olan əşyaların oğurlanması, qaçaqmalçılığı və qanunsuz ticarəti sahəsində cinayətlərə, həmçinin ətraf mühitlə bağlı cinayətlərə qarşı əməkdaşlığı da əhatə edir. Deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasını vacib saydılar.
Komitədə qərara alındı ki, bu Sazişin təsdiqinə dair qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunsun.
Milli Məclisin
Mətbuat xidməti