SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
16 mart 2012 | 05:03   
Paylaşın:        

Martın 16-da Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Gündəliyə “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi daxil edilmişdir.
Komitənin sədri Hadi Rəcəbli layihə barədə məlumat verərək bildirdi ki, qanunun 42-ci maddəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulub. Dəyişikliklərə əsasən maddənin adından “ictimai” sözü çıxarılır, mövcud mətn 42.2-ci maddə hesab edilərək 42.1 bəndi əlavə edilir.
Əlavə olunmuş maddəyə əsasən Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) və Milli preventiv qrup üzvlərinə istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən psixiatriya müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə  görüşmək və söhbət etmək, onların saxlanma şəraiti ilə tanış olmaq hüququ verilir. Dəyişikliyə görə ombudsman psixiatriya müəssisələrinə müvafiq tövsiyələr verə bilər.
Müzakirələr zamanı komitə üzvləri Musa Quliyev, Rauf Əliyev, Elmira Axundova dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini açıqladılar. Deputatlar öz çıxışlarında, ümumiyyətlə, ölkədə sosial sahənin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən layihələrin vacibliyini vurğuladılar, bu istiqamətdə aparılan geniş islahatlar, onların qanunvericilik bazasının yaradılması barədə danışdılar.
İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU