MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdı. Gündəlik təsdiq edildikdən sonra cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Musa Quliyev, Vahid Əhmədov, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Bəxtiyar Əliyev ölkə gündəmi ilə əlaqədar vacib məsələlərdən söz açdılar.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi və sənəd səsə qoyularaq qəbul edildi.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan, İran İslam Respublikası, Qazaxıstan, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin Bəyanatının təsdiq edilməsi haqqında” qanun layihəsini şərh etdi. Layihə Azərbaycanın milli maraqlarına tam uyğun olan, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən tarixi Sülh sənədi kimi dəyərləndirildi və səsə qoyularaq təsdiqləndi.
“Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Qeyd olundu ki, sənəddə əməkdaşlığın prinsipləri, forma və məzmunu ətraflı olaraq əksini tapıb. Milli Məclisin sədr müavini Valeh Ələsgərov “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” və “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Sazişlərin təsdiq edilməsi barədə məlumat verdikdən sonra hər üç sənəd ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Ziyafət Əsgərov daha sonra Azərbaycan Respublikası Prezidenti və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” qanun layihələri ilə əlaqədar fikirlərini bildirdi. Sənədlər səsvermə yolu ilə təsdiqləndi.
İclasda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” saziş barədə məlumatı dinlənildi. Komitə sədri dedi ki, 2014-cü il oktyabrın 16-da prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı imzalanan sənəd insan sağlamlığı və bitkilərin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bitki karantini hər bir dövlətin daima diqqət mərkəzində və nəzarətində olan aqrar bölmənin mühüm sahəsidir. Buradakı hər hansı bir nöqsan insan tələfatına və bitkilərin məhvinə səbəb ola, həm də ölkə iqtisadiyyatına külli miqdarda ziyan vura bilər. Saziş bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi üçün mühüm rol oynayır. Qeyd olundu ki, 13 maddədən ibarət olan sazişdə bitki karantini sahəsində əməkdaşlıq üçün vacib olan amillər əksini tapıb. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya düzəlişlər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsinin əhəmiyyətli məqamlarından söz açdı. Sənəd qəbul edildi.
Su Məcəlləsində dəyişiklik edilməsi haqqında danışan Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında daxil olduğunu bildirdi. Vitse-spiker təklif edilən dəyişikliklərin mahiyyətini açıqladı. Bu sənəd də millət vəkillərinin yekdil razılığı ilə qarşılandı.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verən Ziyad Səmədzadə bildirdi ki, sənəd “İcbarı sığortalar haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır. Millət vəkilləri Fəzail Ağamalı, Leyla Abdullayeva, Bəxtiyar Əliyev sənədlə əlaqədar fikirlərini bildirdilər. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Bundan sonra Ziyad Səmədzadə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məlumatı diqqətə çatdırdı. Bildirildi ki, qanun layihələrinə əsasən sığortaçı müvafiq riskləri nəzərə alaraq sığorta etdirməkdən imtina edə bilməz. Sənədlər qəbul edildi.
Sonra “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ətraflı məlumat verdi. Qeyd olundu ki, qanunun 83-cü maddəsində edilən dəyişikliyə görə yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, xüsusi avadanlığı olan nəqliyyat vasitələri və xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Sənəd müzakirələrdən sonra qəbul edildi.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən dəyişikliklər geniş müzakirələrə səbəb oldu. Sənədlə bağlı İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verərək bildirdi ki, dəyişikliklər kütləvi informasiya vasitələrinin işində münasibətlərin daha təkmil tənzimlənməsi məqsədini daşıyır. Sənədə görə, əvvəl təsis edilmiş mətbu nəşrlə oxşar ada malik olan mətbu nəşrlərin fəaliyyətinə yol verilməyəcək. Bu məqsədlə qanuna “oxşar ad” anlayışı daxil edilir. Sənədin 19-cu maddəsinə edilən dəyişikliyə görə isə kütləvi informasiya vasitələrinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda və kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırıla bilər.
Sənədlə əlaqədar Milli Məclis sədrinin müavini Bahar Muradova fikirlərini bildirdi. O, qeyd etdi ki, mətbuat sahəsində məsuliyyətin möhkəmləndirilməsi digər sahələrə nisbətən daha vacibdir. Azərbaycan jurnalistikasında mətbuatdan tələb olunan odur ki, milli maraqları məhz ölkədən kənarda, həmin informasiyaların getdiyi qurumlarda qoruma imkanlarından yararlansınlar. Bu istiqamətdə ixtisaslaşsınlar. Təkcə Azərbaycan içində qruplararası vasitəçiyə çevrilməsinlər və ölkənin maraqlarını xarici mətbuat səhifələrində də qorusunlar. Çünki bir söz bütün toplumu yerindən oynada bilir, bir söz ordunu döyüşə ruhlandıra bilir, bir söz kütləni tamamilə ruhdan sala bilər. Ona görə də hər bir sözün məsuliyyətini daşımaq media mənsubunun mənəvi və hüquqi borcudur. Bu məsuliyyətin ciddiləşməsindən heç də çəkinmək lazım deyil. Bu sənəd də ətraflı müzakirə edilərək qəbul edildi.
İclasda Miqrasiya, Ticarət Gəmiçiliyi və İnzibati Xətalar Məcəllələrinə, “Yol hərəkəti haqqında, “İnformasiya əldə etmək haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda edilən dəyişikliklər də millət vəkilləri tərəfindən nəzərə alındı.
“Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, qanuna əlavə edilən yeni maddəyə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tarif və qiymətlərinin tənzimlənməsi, həmin qiymətlərə dövlət tərəfindən nəzarətin həyata keçirilməsi qaydaları müəyyən ediləcək. Komitə sədri vurğuladı ki, indiyə kimi rayonlara ayrılan dərman vasitələri ilə bağlı vəsaitlər rayonların büdcəsində cəmləşirdi. Növbəti ilin büdcəsində bu vəsaitlərin bir əldə cəmləşməsi və bunun Səhiyyə Nazirliyi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bundan sonra müxtəlif regionlarda dərmanların qiymətlərində olan fərqlər də aradan qaldırılacaq. Sənəd səsvermə yolu ilə qəbul edildi.
İclasın sonunda “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri haqqında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Bildirildi ki, bu sənədlər bələdiyyələrin fəaliyyətində mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edəcək. Hər bir sənəd ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Bununla da Milli Məclis bugünkü işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti