SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
19 dekabr 2014 | 06:12   
Paylaşın:        

Dekabrın 19-da Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclasda əvvəlcə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirdi ki, məcəllənin 3-cü, 7-ci, 12-ci və 49-cu maddələrində “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsi ilə” sözlərinin əlavə edilməsi təklif olunur. Bununla əmək münasibətlərinin tənzimlənməsi zamanı bütün sənədləşdirmə işlərində elektron imza tətbiq olunmağa başlayacaq.
Bu məsələ səsə qoyularaq plenar iclasa tövsiyə olunduqdan sonra Hadi Rəcəbli komitənin 2014-cü il payız sessiyasının yekunları barədə məlumat verdi. Komitə sədri bildirdi ki, ötən sessiyada sosial sahədə 30-dək qanuna dəyişikliklər edilmiş, həmin qanunlar daha da təkmilləşdirilmişdir. Hadi Rəcəbli diqqətə çatdırdı ki, Azərbaycanda terror qurbanlarına xüsusi statusun verilməsi nəzərdə tutulur. Vətəndaş cəmiyyəti adından bununla bağlı parlamentə məktub daxil olub və komitə təklifi dəstəkləyir. O,  bildirdi ki, komitə bu təklifi məktub şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərəcək və bununla bağlı layihənin hazırlanması üçün nazirliyin maliyyə tutumu ilə bağlı rəyini öyrəndikdən sonra ona müvafiq qanun layihəsi hazırlanacaq. Layihə “Terrorizmə qarşı mübarizə haqqında” qanuna əlavələrdən ibarət olacaq.
Sonra çıxış edən Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev Azərbaycanda insanın kök hüceyrələrinin transplantasiyasına icazə verilməsi təklifini irəli sürdü. Bununla bağlı vətəndaşların müraciətini əsas gətirən Musa Quliyev qeyd etdi ki, bu məsələ qanunvericilikdə hələ də təsbit olunmadığından Azərbaycanda bir sıra problemlər yaşanır. Ona görə də biz təxirə salınmadan bunu qanunvericiliyimizə daxil etməliyik ki, Azərbaycanda buna rəsmi icazə verilsin.
Təklif komitə üzvləri tərəfindən dəstəkləndi və növbəti sessiyada bununla bağlı layihənin hazırlanacağı qeyd olundu.
Komitənin üzvü Rauf Əliyev isə 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa İdman Oyunları ərəfəsində idman oyunları zamanı tamaşaçı zorakılığının qarşısının alınması barədə layihə hazırlanmasını təklif etdi.
Deputat Məlahət İbrahimqızı isə Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımı zamanı valideynlərini itirmiş 11 uşağın dövlət tərəfindən evlə təmin edilməsi təklifini irəli sürdü. Bildirildi ki, bununla bağlı komitə adından müvafiq qurumlara məktublar göndəriləcək.
Sonra 2014-cü ilin payız sessiyasında Sosial siyasət komitəsinə daxil olan təklif, ərizə və şikayətlər barədə məlumat verildi. Bildirildi ki, ötən sessiyada komitəyə 320 təklif, ərizə və şikayət daxil olmuş, 190 nəfər qəbul edilmişdir. Bununla da Sosial siyasət komitəsinin iclası başa çatdı. 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU