AZƏRBAYCAN və RUSİYA PARLAMENTLƏRİNİN ƏMƏKDAŞLIQ KOMİSSİYASININ ON İKİNCİ İCLASI KEÇİRİLDİ
Dekabrın 23-də Azərbaycan parlamentində Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının on ikinci iclası oldu.
İclası Milli Məclis Sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərov açaraq Azərbaycan parlamentinin rəhbərliyi adından qonaqları mehribanlıqla salamladı. Gündəliklə əlaqədar bildirdi ki, bugünkü iclasda Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının tərkibində hər iki tərəfdən olan dəyişikliklər, komissiyanın 2014-cü ildəki fəaliyyətinin əsas yekunları və qarşıda duran vəzifələr barədə məlumatlar dinləniləcək. Energetika sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti, perspektivləri və qanunvericilik baxımından hüquqi təminatı məsələsi müzakirə olunacaq. Rusiya ilə Azərbaycanın regionlararası əməkdaşlıq potensialının inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. On ikinci iclasda Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının 2015-ci ilə dair iş planı da müəyyənləşdiriləcək. Həmçinin komissiyanın növbəti, on üçüncü iclasının mövzusu, vaxtı və yeri dəqiqləşdiriləcək.
Valeh Ələsgərov qeyd etdi ki, on birinci iclasdan ötən müddətdə komissiya üzvləri arasında Azərbaycan tərəfin tərkibində heç bir dəyişiklik olmayıb, tərkib stabildir. Açılış nitqinin sonunda Milli Məclis Sədrinin müavini komissiyanın işinin uğurlu olacağına, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə əminlik ifadə etdi.
Sonra Rusiya Federasiya Şurasının sədr müavini, komissiyanın həmsədri İlyas Umaxanov çıxış edərək öncə Azərbaycandakı inkişafa, hər gəlişində gördüyü yeniliklərə heyranlığını diqqətə çatdırdı. Ölkəmizin iri addımlarla irəliləməkdə olduğunu xüsusi vurğuladı. Bakıda yüksək qonaqpərvərliklə qarşılandıqlarına görə təşəkkürlərini bildirdi. İlyas Umaxanov ölkəsindəki son seçkilərlə əlaqədar başçılıq etdiyi komissiyanın Rusiya tərəfdən yenilənmiş tərkibi ilə azərbaycanlı həmkarlarını tanış etdi. Bu dəfəki seçkilərdə gender baxımından böyük dəyişikliklər olduğunu, nəticədə mandat alanların 30 faizini qadınların təşkil etdiyini bildirdi.
İclasda gündəlikdəki məsələlər müzakirə olundu. Komissiya üzvləri rəy və təkliflərini bildirdilər.
Komissiyanın iclasından sonra həmsədrlər mətbuat konfransı keçirdilər. Jurnalistlərə məlumat verildi ki, iclasda iki ölkə arasındakı bərabərhüquqlu əməkdaşlığın müxtəlif sahələrinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı vətəndaşlıq, miqrasiya, logistik mərkəzlərin yaradılması, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin problemləri diqqət mərkəzində olub. Bildirildi ki, komissiyanın növbəti iclasının gələn ilin yazında keçirilməsi qərara alınıb.
Sonra həmsədrlər jurnalistləri maraqlandıran sualları cavablandırdılar və komissiyanın fəaliyyətinin bundan sonra da uğurlu olacağına əminliklərini ifadə etdilər.
Milli Məclisin
Mətbuat xidməti