MİLLİ MƏCLİSİN İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
29 dekabr 2014 | 05:12   
Paylaşın:        

Dekabrın 29-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi.
Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, ölkəmizdə təkmil vergi qanunvericiliyi mövcuddur və nəzərdə tutulan vəsaitlərin dövlət büdcəsinə toplanmasına imkan verir. Lakin vaxt ötdükcə digər qanunlar kimi Vergi Məcəlləsinə də dəyişikliklər edilməsi zərurəti yaranır. Ziyad Səmədzadə iclasın gündəliyinə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin daxil edildiyini diqqətə çatdırdı və qeyd etdi ki, bu qanun layihəsi sosialyönümlüdür.
Təklif olunan dəyişikliklər barədə məlumat verən vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirdi ki, dəyişikliklərə əsasən Vergi Məcəlləsinə yerli bankların və xarici bankların Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan maddə əlavə edilir. Digər dəyişikliyə görə, ölkə ərazisində istehsal olunan qida spirtinə, pivə və spirtli içkilərin bütün növlərinə, tütün məmulatlarına, ölkəyə idxal edilən minik avtomobillərinə, istirahət və idman üçün nəzərdə tutulmuş yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulmuş digər üzən vasitələrə tətbiq edilən aksiz dərəcələri dəyişdirilib. Bununla yanaşı, ölkə ərazisinə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz məmulatları aksizli mallar siyahısına aid edilib. İclasda bildirildi ki, Vergilər Məcəlləsinin yol vergisinə aid bir sıra maddələrində də dəqiqləşdirmələr aparılacaq.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU