REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
23 yanvar 2015 | 04:01   
Paylaşın:        

 Yanvarın 23-də Milli Məclisin Regional məsələlər komitəsinin  2015-ci ildə ilk iclası keçirildi. İclası  açan komitə  sədri Arif Rəhimzadə komitə  üzvlərini  yeni ilin və sessiyanın  başlanması  münasibəti ilə  təbrik  etdi, deputatlara  fəaliyyətlərində uğurlar  arzuladı.
Sonra  o,  2014-cü ilin payız sessiyası dövründə komitənin gördüyü işlər barədə hesabat verdi.  Qeyd  olundu ki,  2014-cü il payız sessiyası dövründə komitənin 7 iclası keçirilib. İclaslarda 11  qanun  layihəsi  daxil olmaqla 13 məsələ müzakirə olunub. Hesabat dövründə komitənin ünvanına daxil olan 101 məktub, təklif, ərizə və şikayətə baxılıb, araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Sessiya  ərzində komitə üzvləri 450 nəfərdən çox vətəndaşı qəbul edib, onların  qayğı  və problemlərinin həllinə  mümkün qədər  yardım  göstərilib.
Çıxış edən komitə üzvləri Tahir Rzayev, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Qalib Salahzadə, Azər Badamov komitədə qəbul edilən  qanunların  əhəmiyyətindən  danışdılar, dekabr ayında keçirilən bələdiyyə seçkilərini ötən ilin ən böyük uğur göstəricisi kimi dəyərləndirdilər.
Sonra iclasda 2015-cü ilin yaz sessiyası zamanı komitədə görüləcək  işlərin planı müzakirə edildi. Qeyd edildi ki, işlər planına Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edlməsi barədə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi və bir  sıra qanunlarda əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihələri daxildir.
İclasın sonunda “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edlməsi barədə qanun layihəsi də müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin

Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU