MİLLİ MƏCLİSDƏ HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ
Martın 16-da Milli Məclisin növbəti iclası keçirildi. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənildi.
Milli Məclisin Sədri Oqtay Əsədov qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırdı və bildirdi ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Nazirlər Kabineti ötənilki fəaliyyətinə dair hesabat verir.
Sədr bildirdi ki, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi builki hesabat öz məzmunu və strukturuna görə daha da təkmilləşdirilmiş, iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən meyllər cədvəllərdə və diaqramlarda təsvir olunmuşdur.
Müzakirəyə təqdim olunmuş hesabatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında baş verən dəyişikliklər, dövlət proqramlarının icrasının cari vəziyyəti, ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə iştirakı geniş əks etdirilmişdir.
Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhranın davam etdiyi şəraitdə belə, 2011-ci ildə də dayanıqlığını qoruyub saxlamış, müəyyən artıma nail olmuşdur. Burada ən önəmli cəhət iqtisadiyyatın daha da şaxələnməsi və qeyri-neft sektorunda yüksək - 9,4 faiz artımın əldə edilməsidir.
2011-ci ildə Ümumi Daxili Məhsulun həcmi 63,4 milyard dollara çatmışdır. Bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunda yaradılan ümumi daxili məhsul həcminin 80 faizindən çoxu ölkəmizin payına düşür. İndi Azərbaycanda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüşdür.
Beynəlxalq maliyyə qurumları və reytinq təşkilatları son illərdə Azərbaycan iqtisadiyyatında baş verən dəyişiklikləri yüksək qiymətləndirir, investisiya qoyuluşları üçün cəlbedici ölkə kimi dəyərləndirir və öz hesabatlarında qeyd edirlər.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, Azərbaycan hökuməti neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməklə, qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadi və sosial infrastrukturu, xüsusilə də nəqliyyat sektorunu uğurla inkişaf etdirir.
Qeyri-neft sektorunda inkişafı təmin edən əsas amil dövlət başçısının müəyyən etdiyi sənayeləşmə siyasətidir. Bu siyasətin həyata keçirilməsi regionlarda yeni istehsal və emal müəssisələrinin yaradılması, minlərlə iş yerləri açılması ilə nəticələnir. Qeyri-neft sektorunda son 8 ildə istifadəyə verilmiş obyektlərin 2 mininin məhz istehsal təyinatlı olması xüsusi qeyd edilməlidir.
Həyata keçirilən uğurlu investisiya siyasəti ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmini artırmışdır. Hesabat ilində bütün maliyyə mənbələrindən iqtisadiyyata 21,7 milyard dollar, o cümlədən qeyri-neft sektoruna 15,7 milyard dollar investisiya yönəldilmişdir. Başqa sözlə, investisiyaların ümumi həcmində qeyri-neft sektorunun payı 72 faizə çatmışdır. Ötən il Azərbaycan dünyanın 149 ölkəsi ilə 36,3 milyard dollarlıq ticarət əməliyyatları aparmışdır. Bu, əvvəlki illə müqayisədə 8,4 milyard dollar artım deməkdir. 2010-cu ildə ixracatın 48 faizi Avropa İttifaqı ölkələrinin payına düşdüyü halda, hesabat ilində bu göstərici 60 faizə yaxınlaşmışdır.
Aparılan məqsədyönlü işlər nəticəsində əldə olunan nailiyyətlər əhalinin gəlirlərinin atmasında təzahür etmişdir. Belə ki, 2010-cu illə müqayisədə əhalinin gəlirləri 20 faizə yaxın artaraq, 36,6 milyard manata çatmış, yoxsulluğun səviyyəsi 9,1 faizdən 7,6 faizə enmişdir.
Sədr çıxışına yekun vuraraq bildirdi ki, ölkəmizin müharibə şəraitində olmasını nəzərə alaraq, hesabat dövründə Azərbaycan hökuməti müdafiə məsələlərini daim diqqət mərkəzində saxlamış və zəruri tədbirlər həyata keçirmişdir.
Bu məqsədlə müvafiq proqram çərçivəsində müdafiə sənayesi müəssisələrində texnoloji avadanlıq parkı yeniləşdirilmiş, yenidənqurma işləri aparmış, müdafiə təyinatlı müasir məmulatların istehsalı daha da təkmilləşdirilmişdir.
Əvvəlki illə müqayisədə 2011-ci ildə müdafiə sənayesində güc strukturlarının sifarişi ilə 2 dəfədən çox müxtəlif təyinatlı məhsul istehsal edilmiş, onun ümumi həcmi 61 milyon manat artaraq, 151 milyon manata çatdırılmışdır. Ötən il bu sahədə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2010-cu il ilə müqayisədə 1,7 dəfə çox vəsait ayrılmış, 10 yeni istehsal sahəsi istifadəyə verilmiş, 4 böyük obyektdə işlər cari ildə də davam etdiriləcəkdir.
Sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim etdi.
Baş nazir bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ildə Nazirlər Kabinetinin qarşısında duran əsas vəzifələr kimi makroiqtisadi sabitliyin qorunmasını, qeyri-neft sektorunun sürətli inkişafını, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsini, silahlı qüvvələrin və hərbi sənaye kompleksinin gücləndirilməsini, insan kapitalının səviyyəsinin daim yüksəldilməsini müəyyən etmişdir.
Hökumət qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün sosial-iqtisadi tərəqqinin davamlılığını təmin edən kompleks tədbirlər həyata keçirmişdir. Nəticədə nəzərdə tutulan hədəflərə nail olunmuş və dövlət başçısının bilavasitə rəhbərliyi ilə başlanan iqtisadiyyatın modernləşdirilməsi kursu öz bəhrəsini vermişdir.
Ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm vermiş, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyümüş, keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.
Bu illərdə ümumi daxili məhsulun həcmi 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,9 dəfə, bütövlükdə investisiyalar 5 dəfə, o cümlədən, qeyri-neft sahələri üzrə 14,1 dəfə, əhalinin real gəlirləri 2,6 dəfə artmış, bir milyondan artıq yeni iş yeri yaradılmış, xalqın həyat səviyyəsi yaxşılaşdırılmış, yoxsulluq 5,3 dəfə azaldılmışdır.
Qlobal maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, nüfuzlu beynəlxalq reytinq institutları ölkədə qazanılan nailiyyətləri yüksək qiymətləndirmişdir. Onlar Azərbaycanda iqtisadi və maliyyə siyasətinin düzgün aparıldığını, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyini, neft gəlirlərindən səmərəli istifadə olunduğunu xüsusi vurğulamışlar. Həmin qurumların rəyinə əsasən respublikamız ötən il yüksək insan inkişafına malik ölkələr sırasında yerini daha da möhkəmləndirmişdir.
Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur.
Ölkədə aparılan diversifikasiya siyasəti, istehsal və sosial infrastrukturun inkişafı sayəsində hesabat ilində qeyri-neft sektorunda 9,4 faizlik yüksək artıma nail olunmuşdur.
Bütün maliyyə mənbələri hesabına 21,7 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu həyata keçirilmişdir. Onun 60 faizi daxili investisiyalar olmuşdur. Ümumi investisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Xarici ticarət dövriyyəsi 30 faiz çoxalaraq 36 milyard dollar təşkil etmişdir. Strateji valyuta ehtiyatları il ərzində artaraq 40 milyard dolları ötmüşdür.
Aparılan səmərəli maliyyə-pul və fiskal siyasəti nəticəsində makroiqtisadi tarazlıq təmin edilmiş, manatın məzənnəsi sabit qalmış, inflyasiya birrəqəmli səviyyədə saxlanılmışdır ki, bu da əhalinin real gəlirlərinin artımına zəmin yaratmışdır.
Dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icra edilməsi bütövlükdə hökumətin öhdəliklərinin və qəbul olunmuş Proqramlar üzrə tədbirlərin maliyyələşdirilməsini təmin etmişdir.
Həyata keçirilən davamlı sosial siyasətin tərkib hissəsi olan pensiya təminatı sistemində aparılan islahatları xüsusi qeyd etmək istərdim. Həmin islahatlar 900 minə yaxın pensiyaçının pensiyasını orta hesabla 40 faiz artırmağa imkan vermişdir.
Elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya və başqa sahələrdə çalışanların vəzifə maaşlarının, şəhid ailələri və müharibə əlillərinin təqaüdlərinin, aztəminatlı şəxslərə ödənilən müavinətlərin artırılması bütövlükdə 1 milyon 800 min nəfərin sosial vəziyyətinin yaxşılaşdırılmasını mümkün etmişdir.
İl ərzində məcburi köçkün ailələri üçün yaşayış evləri, məktəblər, uşaq bağçaları, klublar tikilib istifadəyə verilmiş, sosial problemlərinin həllinə 399 milyon manat vəsait sərf edilmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Aparılan kəşfiyyat işləri nəticəsində “Ümid” və “Abşeron” yataqlarında zəngin karbohidrogen ehtiyatları aşkarlanmışdır.
Əhalinin təbii qazla təchizatının yaxşılaşdırılmasına yönəldilmiş 300 milyon manatdan çox vəsait hesabına yeni qaz kəmərləri çəkilmiş, 120 yaşayış məntəqəsinin qazlaşdırılması 90 min yeni abonenti qazla təmin etməyə imkan vermişdir.
Kimya kompleksində istehsalın həcmi 20 faizdən çox, məhsul ixracı isə 1,5 dəfə artmışdır.
Ölkədə ilk dəfə olaraq Sumqayıtda ən müasir texnologiyalar əsasında illik gücü 700 min ton olan azot gübrəsi zavodunun tikintisinə başlanılmışdır. Bu müəssisə kənd təsərrüfatının inkişafına əhəmiyyətli yardım etməklə bərabər ölkənin ixrac potensialını artıracaqdır.
Dövlət Neft Şirkəti xarici neft-qaz bazarlarına çıxaraq beynəlxalq fəaliyyətini genişləndirmiş, bir sıra ölkələrdə sərmayə qoyuluşu həyata keçirmişdir. Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün çox mühüm addımlar atılmışdır.
Hesabat ilində ümumi gücü 1270 meqavatdan artıq olan iki istilik və üç su elektrik stansiyasının inşası davam etdirilmişdir. Yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisi, paylayıcı şəbəkənin yenidən qurulması istiqamətində irihəcmli işlər görülmüşdür.
Alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi məqsədilə konkret pilot layihələri həyata keçirilmişdir. Qobustan rayonunda eksperimental poliqon və hibrid tipli elektrik stansiyası inşa edilmiş, müşahidə-nəzarət stansiyaları quraşdırılmış, təlim-tədris Mərkəzi istifadəyə verilmişdir. Müxtəlif bölgələrdə 8 kiçik su elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Sumqayıtda günəş panelləri istehsal edən müasir zavodun tikintisi tamamlanma mərhələsindədir.
Son illərdə Azərbaycanın maliyyə və investisiya imkanlarının artması ölkədə müasir texnologiyalar əsasında sənayeləşmə siyasətinin həyata keçirilməsinə imkan yaratmışdır.
Qeyri-neft sektorunun emal sənayesində, o cümlədən metallurgiya, maşın və avadanlıqlar, kimya, tikinti materialları və digər istehsal sahələrində yüksək artım əldə olunmuşdur.
Ötən il Gəncə alüminium zavodunun birinci mərhələsi, Sumqayıt texnologiyalar parkında və regionlarda çoxlu sayda yeni zavodlar, müxtəlif profilli emal müəssisələri işə salınmışdır. Təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına 33 istehsal, xidmət və emal müəssisələri istifadəyə verilmişdir. Cari ildə isə istismara veriləcək analoji müəssisələrin sayının 3 dəfə artacağı gözlənilir.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi hökumətin fəaliyyətində xüsusi yer tutmuş, əhalinin tələbatının yerli məhsul hesabına ödənilməsi ümdə vəzifələrdən biri olmuşdur.
Hesabat ilində kənd təsərrüfatında ümumi məhsul istehsalı 5,8 faiz yüksəlmiş, taxıl, ət, süd, meyvə-tərəvəz və bostan məhsullarının istehsalında yüksək göstəricilər əldə edilmişdir.
Fermerlərə subsidiyalar ayrılmış, müxtəlif növ texnika ilə təchizat həyata keçirilmişdir.
Əhalinin çörəklə və un məhsulları ilə etibarlı təminatı məqsədilə ölkədə dörd aylıq buğda ehtiyatı yaradılmışdır.
Meliorasiya və irriqasiya sistemlərində aparılan əsaslı tikinti işləri sayəsində 18,6 min hektar torpaq sahəsinin su təminatı və 19 min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmış, 1000 hektardan artıq yeni suvarılan torpaq sahələri istifadəyə verilmişdir.
2011-ci ildə nəqliyyat sektoruna da böyük sərmayələr qoyulmuş və onun inkişafı təmin edilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq dəhlizlərinin, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin, müasir gəmiqayırma zavodunun, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi davam etdirilmişdir. Regionlarda beynəlxalq hava limanları istismara verilmiş, mülki aviasiyanın, gəmiçiliyin və avtomobil yollarının nəqliyyat parkı xeyli genişləndirilmişdir.
Bütün bu nəhəng infrastruktur layihələrinin reallaşdırılması heç şübhəsiz Azərbaycanı tezliklə regionun beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağına çevirəcəkdir.
Ölkənin inkişafında prioritet istiqamətlərdən olan informasiya-kommunikasiya texnologiyaları sektorunda investisiyaların ümumi məbləği 415 milyon manat təşkil etmişdir.
“Elektron Azərbaycan” və “Elektron hökumət” proqramlarının icrası uğurla davam etdirilmiş, elektron imzanın tətbiqi üzrə infrastruktur qurulmuş, dövlət orqanlarına və vətəndaşlara elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.
2011-ci ildə Azərbaycanda internet istifadəçilərinin sıxlığı 65 faizi ötmüşdür ki, bu da ümumdünya orta göstəricilərindən iki dəfə çoxdur.
Kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq Dövlət Proqramına uyğun görülən işlər artıq bu ilin sonunda ilk süni peykin orbitə çıxarılmasına imkan verəcəkdir.
Hesabat ilində ətraf mühitin mühafizəsi ilə bağlı məsələlər yenə də aktual olmuşdur.
Xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilmiş, meşə sahələrində bərpa işləri aparılmışdır.
Dövlət başçısının ölkə tarixində ilk dəfə qısa bir zamanda respublika əhalisinin keyfiyyətli içməli su və kanalizasiya sistemləri ilə təmin edilməsi barədə qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün mühüm işlər aparılır. Hesabat ilində 9 bölgədə bu istiqamətdə işlərin icrası davam etdirilmiş, 29 rayonda tikintiyə başlanmışdır. Cari ildə daha 23 rayonda analoji layihələr həyata keçiriləcəkdir. Nəzərdə tutulan layihələrin icrasına ümumən 3 milyard manatdan çox vəsait xərclənəcəkdir.
Bununla yanaşı Kür-Araz çayları ətrafında yaşayan əhalinin standartlara uyğun içməli su ilə təmin edilməsi məqsədilə ötən il 32 modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir. Ümumilikdə isə 340 mindən artıq əhalisi olan 188 yaşayış məntəqəsi belə qurğularla təmin edilmişdir.
2011-ci ildə 182 təhsil müəssisəsi tikilmiş, əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur.
İstehsalatın ixtisaslı mütəxəssislərlə təmin olunması məqsədilə texniki-peşə təhsili sisteminə yönəldilən büdcə vəsaitlərinin həcmi 4,5 dəfədən çox artmışdır.
Müvafiq Dövlət Proqramı çərçivəsində 853 gənc dünyanın 200 aparıcı universitetində dövlət vəsaiti hesabına təhsil almağa göndərilmişdir.
Dövlət başçısının gündəlik nəzarətində olan Silahlı Qüvvələrin hərbi gücünün və peşəkarlığının artırılması məsələlərinə hökumət daim xüsusi diqqət yetirir. 2011-ci ildə bu istiqamətə ayrılmış vəsaitin həcmi 2003-cü illə müqayisədə 20 dəfə artmışdır. Nəticədə silahlı qüvvələrin ən müasir silahlarla və texniki vasitələrlə təchiz edilməsinə, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə və keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə nail olunmuşdur.
Silahlı Qüvvələrin təchizatında müdafiə sənayesinin rolunun artırılması üçün yeni istehsal sahələri yaradılmışdır. İstehsal olunan hərbi məhsulların sayı və çeşidi artaraq 650-ni ötmüşdür. Təkcə əvvəlki illə müqayisədə istehsalın həcmi 1,7 dəfə artmışdır.
Bir məsələni də qeyd etmək istərdim. Silahlı Qüvvələrin inkişafında əhalinin könüllülük əsasında iştirakı məqsədilə 2002-ci ildə xüsusi yardım Fondu yaradılmışdır. Fərəhləndirici haldır ki, ötən il bu Fonda yığılan vəsaitlər 2 dəfədən çox artmışdır.
Son illərdə əldə olunan iqtisadi uğurlarla yanaşı, xarici ölkələrlə və beynəlxalq təşkilatlarla səmərəli münasibətlər Azərbaycanın nüfuzunu dünyada xeyli artırmışdır. Bu gün xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin sayı 66-ya çatmışdır. İl ərzində Azərbaycan Respublikası ilə müxtəlif ölkələr arasında 107 beynəlxalq müqavilə imzalanmış, 22 ölkə ilə Hökumətlərarası komissiyaların iclasları, çoxlu sayda beynəlxalq konfranslar və forumlar keçirilmişdir.
Möhtərəm Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan Respublikası dünyanın 155 ölkəsinin etimadını qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilmişdir.
Çıxışına yekun vuran Baş nazir bildirdi ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında ölkəmizin ötən ildə də uğurla inkişaf etdiyini xüsusi vurğulamışdır. Bununla yanaşı, dövlət başçısı mövcud problemləri və 2012-ci ildə qarşıda duran vəzifələri müəyyənləşdirmiş, onların icrası ilə əlaqədar müvafiq tapşırıqlarını vermişdir.
Nazirlər Kabineti gündəlik fəaliyyətini məhz bu vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirir və əminliklə deyə bilərik ki, möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən davamlı milli inkişaf strategiyası ali məqsədimiz olan xalqın rifahının yüksəldilməsini və Azərbaycanın tərəqqisini təmin edəcəkdir.
Sonra hesabatın müzakirəsinə başlandı. Çıxış edən deputatlar Nazirlər Kabinetinin hesabatını yüksək qiymətləndirdilər. Bildirdilər ki, əhalinin pensiya təminatı sahəsində, elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, rabitə, ekologiya, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, ordumuzun inkişafı və digər sahələrdə əldə olunan uğurlar ölkəmizin parlaq gələcəyindən xəbər verir. Qeyd olundu ki, bu uğurlar Dağlıq Qarabağ probleminin tezliklə həllinə ümidləri artırır.
Axşam iclasında da hesabatın müzakirəsi davam etdirildi. Deputatların fikirləri dinlənildikdən sonra Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat səsə qoyularaq nəzərə alındı.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti