SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
28 yanvar 2015 | 03:01   
Paylaşın:        

Yanvarın 28-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclasın gündəliyinə 4 qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilmişdi.
Komitə sədri Hadi Rəcəbli qanun layihələrini təqdim edərək bildirdi ki, birinci məsələyə əsasən “Azərbaycan Respubliksaının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanunun qüvvəyə minmə müddəti dəyişdirilir. Layihə ölkədə nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyin qüvvəyə minmə tarixinin dəyişdirilməsi ilə bağlıdır. Dəyişikliyə səbəb tibbi arayışın verilməsində tətbiq olunan mexanizmin müəyyən vaxt tələb etməsidir.
Beləliklə, sözügedən qanun 2015-ci il yanvar ayının 1-dən deyil,  iyun ayının 1-dən etibarən qüvvəyə minmiş sayılacaq. Komitə üzvləri sənədi Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
Müzakirəyə təqdim olunan ikinci məsələ isə “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişikliklər edilməsi barədə idi. Layihəyə əsasən tibb müəssisəsində vətəndaş üçün zəruri olan  ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. Bundan başqa, tibb fəaliyyəti ilə məşğul olan  şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol  verilimir.
Layihəni müzakirə edən komitə üzvləri qeyd etdilər ki, düzəlişlər günün tələblərinə uyğundur və tibb sahəsindəki mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək. Buna görə də sənəd Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Gündəlikdə duran digər iki məsələ – Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədlər isə “Məhkəmələr və hakimlər haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyırdı.
Müzakirələrdən sonra bu qanun layihələri də Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Sonra deputat Rauf Əliyev Bakıda keçiriləcək  I Avropa Oyunları ilə əlaqədar “Bədən tərbiyəsi və idman haqqında” qanuna nəzərdə tutulmuş dəyişikliklər barədə məlumat verdi. Bildirildi ki, müvafiq qurumlardan rəy alındıqdan sonra bu dəyişikliklər müzakirəyə çıxarılacaqdır. İclasda yaz sessiyası ərzində Sosial siyasət komitəsində hazırlanması nəzərdə tutulan qanun layihələri barədə də məlumat verildi.
Bununla da komitənin iclası başa çatdı.
 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU