İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ

Yanvarın 28-də İqtisadi siyasət komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasını keçirdi.
Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə 5 məsələ daxil edilib: “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” Sazişin təsdiqi, həmçinin “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunlara və Mülki Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun layihələri.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, payız sessiyasında komitə məhsuldar işləyib. Hesabat dövründə komitədə 56 məsələ müzakirə olunub, həmin qanun layihələrinin hamısı Milli Məclisdə qəbul edilib.
Sonra iclasda yaz sessiyasının iş planı barədə məlumat verildi. Bildirildi ki, bu sessiyada “Reklam haqqında” qanun layihəsi kimi vacib bir sənəd də parlamentin müzakirəsinə çıxarılacaq.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı iclasa dəvət olunmuş Əmlak Komitəsinin nümayəndələri müvafiq qanunlara təklif olunan dəyişikliklərin mahiyyəti barədə məlumat verdilər. Sonra deputatlar Vahid Əhmədov, Əli Məsimli, Rüfət Quliyev, Xanhüseyn Kazımlı, Əsabil Qasımov fikirlərini bildirdilər. Qeyd olundu ki, daşınmaz əmlakın dövlət reyestri və mənzil fondunun özəlləşdirilməsi haqqında qanunlara edilən dəyişikliklər bir sıra prosedurların sadələşdirilməsinə xidmət edir.
Yekunda komitədə müzakirə olunan məsələlər parlamentin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti