AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
28 yanvar 2015 | 05:01   
Paylaşın:        

Yanvarın 28-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2015-ci ilin yaz sessiyası çərçivəsində ilk iclası keçirildi. Komitə sədri Eldar İbrahimov ilk olaraq Prezident İlham Əliyevin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncamının  əhəmiyyətini vurğuladı. O, dövlətin bu sahəyə olan qayğı və dəstəyini xüsusi qeyd edərək,  ölkəmizdə həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının dinamik inkişafı, bu sahənin hüquqi bazasının təkmilləşdirilməsi barədə fikirlərini açıqladı.
Sonra Eldar İbrahimov komitənin 2014-cü il payız sessiyası dövründə fəaliyyətinin yekunları barədə məlumat verdi. Bildirildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 11 məsələ, o cümlədən 9 qanun layihəsi müzakirə olunub. Komitə tərəfindən “Fitosanitar nəzarəti haqqında”, “Baytarlıq haqqında”, “Ovçuluq haqqında”, “Yeyinti məhsulları haqqında”, Balıqçılıq haqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Taxıl haqqında” qanunlara təklif edilən dəyişikliklər Milli Məclisdə qəbul olunub. Qeyd edildi ki, komitə üzvləri xarici ölkə parlamentləri ilə sıx əlaqələr qurmuş, beynəlxalq təşkilatların tədbirlərində fəal iştirak etmişlər. Bununla yanaşı, komitəyə müraciət edən vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə  baxılması, problemlərinin həlli istiqamətində də müvafiq işlər görülüb.
Daha sonra iclas iştirakçılarının diqqətinə çatdırıldı ki, komitənin cari ilin yaz sessiyasının qanunvericilik  işləri planına “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunlar, habelə, qüvvədə olan bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi haqqında sənədlər daxil edilib.
Komitə üzvləri Eldar Quliyev, Novruzəli Aslanov, Tahir Süleymanov, Ərəstun Cavadov, Arif Əşrəfov, Nazim Fərəcov çıxış edərək hər iki qanunun kənd təsərrüfatının inkişafında böyük əhəmiyyətə malik olduğunu söylədilər. 
İclasın gündəliyinə daxil edilən qanun layihələri ilə bağlı məlumatı  Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini-aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə diqqətə çatdırdı.  Qeyd edildi ki, Torpaq Məcəlləsinə, “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında” qanunlara, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə bir sıra dəyişikliklər təklif olunur.  Torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi məsələlərinin  tənzimlənməsini nəzərdə tutan bu dəyişikliklər qanunların bir-birinə, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması və şəffaflığın təmin edilməsi məqsədi daşıyır.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU