ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Komitə iclasları
29 yanvar 2015 | 05:01   
Paylaşın:        

Yanvarın 29-da Milli Məclisin Elm və təhsil komitəsinin 2015-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Şəmsəddin Hacıyev gündəliyə daxil edilən məsələləri deputatların diqqətinə çatdırdı.
Şəmsəddin Hacıyev 2014-cü ilin payız sessiyası ərzində görülən işlərlə bağlı söylədi ki, hesabat dövründə komitənin 4 iclası keçirilib, 6 məsələyə baxılıb. Qeyd edildi ki, ötən sessiyada digər komitələrin nümayəndələrinin və aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə “Elm haqqında” qanun layihəsinin geniş müzakirələri keçirilib. Komitə sədri sənədin əhəmiyyəti, onun elmin inkişafına böyük təkan verəcəyi barədə fikirlərini açıqladı.
Məlumat verildi ki, sessiya ərzində komitəyə 133 ərizə və məktub daxil olub. Vətəndaşların müraciətlərinə əsasən onların sosial vəziyyətinin yaxşılaşdırılması, təhsillə bağlı problemlərinin həlli və digər məsələlər araşdırılaraq lazımi tədbirlər həyata keçirilib.
Sonra komitə sədri 2015-ci ilin yaz sessiyasının qanunvericilik işləri planı barədə danışdı. Bildirildi ki, “Elm haqqında” qanun layihəsinin qəbuluna diqqət yönələcək, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlər müzakirə olunacaq.
İclasda çıxış edən deputatlar Bəxtiyar Əliyev, Musa Qasımlı, Aqiyə Naxçıvanlı, Gülçöhrə Məmmədova, Gövhər Baxşəliyeva, Rafiq Məmmədhəsənov, Kamilə Əliyeva, Abel Məhərrəmov, Əhməd Vəliyev komitənin 2014-cü il payız sessiyasında səmərəli fəaliyyət göstərdiyini   bildirdilər.
Millət vəkilləri “Elm haqqında” qanunun və onun elmimizin dünya elminə inteqrasiyası baxımından əhəmiyyəti, habelə məktəbəqədər və orta təhsillə bağlı qanunvericiliyin hazırlanması, bir sıra digər məsələlər barədə fikirlərini açıqladılar.
Deputatlar komitənin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planını müsbət dəyərləndirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU