MİLLİ MƏCLİSİN YAZ SESSİYASI İŞƏ BAŞLADI
Fevralın 2-də Milli Məclisin 2015-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Milli Məclisin Sədri yaz sessiyasının başlanması münasibəti ilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində onlara uğurlar arzuladı.
Sədr bildirdi ki, Milli Məclis ötən il üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirmişdir. Artıq IV Çağırış Milli Məclisin səlahiyyət müddətinin başa çatmasına az vaxt qalmışdır. Ona görə də qarşıdakı yaz sessiyasında işimiz gərgin olacaqdır. Sədr diqqətə çatdırdı ki, yaz sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır. Bundan başqa, Konstitusiyaya uyğun olaraq yaz sessiyasında Hökumətin hesabatı dinləniləcək, 2014-cü ilin Dövlət büdcəsinin icrası barədə qanun layihəsi parlamentin gündəliyinə təqdim ediləcək, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) hesabatı dinləniləcək və digər qanun layihələri müzakirə olunacaqdır.
Çıxışının sonunda Milli Məclisin Sədri deputatlara uğurlar arzuladı.
İclasda əvvəlcə cari məsələlər müzakirə olundu. Deputatlar seçiciləri narahat edən məsələləri diqqətə çatdırdılar. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Deputatlar parlamentin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil olunmasına müsbət münasibət bildirdilər.
Milli Məclisin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputatlar bir sıra yeni qanun layihələrinin müzakirəyə çıxarılmasının vacibliyini vurğuladılar, qeyd və təkliflərini verdilər.
Milli Məclisin Sədri deputatların qaldırdıqları məsələlərə münasibətini bildirdi və işlər planı səsə qoyularaq təsdiq olundu.
Sonra deputatlar Azərbaycan Hökuməti və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni və bu ölkənin Hökuməti ilə hava əlaqəsi haqqında Sazişi təsdiq etdilər. Bildirildi ki, bu sənədlər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, eləcə də iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir.
İclasın ikinci hissəsində millət vəkilləri İnzibati Xətalar Məcəlləsinə, "Yanğın təhlükəsizliyi haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında" qanunlara dəyişikliklər etdilər.
İclasda "Reklam haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən deputat Vahid Əhmədov bildirdi ki, 1999-cu ildə qəbul olunmuş “Reklam haqqında” Qanun müasir dövrün tələblərinə cavab vermir. Ona görə də “Reklam haqqında” yeni qanun hazırlanaraq deputatların müzakirəsinə təqdim edilmişdir. Bu qanun ölkəmizdə reklam istehsalının, onun mallar, işlər və xidmətlər bazarında yerləşdirilməsi və yayımının dövlət tənzimlənməsinin hüquqi əsaslarını, reklam fəaliyyəti subyektlərinin özünütənzimləmə sahəsində vəzifələrini və səlahiyyətlərini müəyyən edəcəkdir.
Müzakirələr zamanı çıxış edən deputatlar müasir dövrün tələblərinə cavab verməsi baxımından yeni qanunun əhəmiyyətini xüsusi qeyd etdilər. Sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin yaz sessiyasının birinci iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti