REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
05 fevral 2015 | 06:02   
Paylaşın:        

Fevralın 5-də Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrlə əlaqədar üç məsələyə baxıldı.
Öncə komitənin sədri Arif Rəhimzadə “Bələdiyyə qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, bələdiyyə sahəsində aparılan islahatların məntiqi davamı olaraq, həmin dəyişikliklər bələdiyyə qulluğuna qəbul prosesində yaranan münasibətlərin daha mükəmməl və şəffaf tənzimlənməsi məqsədini daşıyır.
Komitə üzvləri bu qanun layihəsini məqsədəuyğun saydılar.
Sonra iclasda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi təqdim olundu. Regional məsələlər komitəsinin sədri məlumat verdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş yeni qanun layihəsi 3 fəsil, 20 maddədən ibarətdir. Yerli özünüidarə orqanlarının nüfuzunun artırılması, vətəndaşların bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi bu qanunun əsas məqsədidir. Bələdiyyə üzvlərinin peşəkarlığının və fərdi məsuliyyətinin artırılması üçün layihədə tapşırıqların yerinə yetirilməsi, loyallıq, mədəni davranış, qərəzsizlik, korrupsiyanın qarşısının alınması kimi məsələlər öz əksini tapıb, həmçinin hədiyyə qəbul etmə ilə əlaqədar məhdudiyyətlər ehtiva olunub.   
Fikir mübadiləsində deputat Tahir Rzayev bələdiyyə qulluqçularında məsuliyyət hissinin yüksəldilməsi baxımından etik davranış qaydalarına dair  qanunun vacibliyini qeyd etdi. Sənədin yaxşı hazırlandığını bildirdi. İclasda iştirak edən bələdiyyə sədrləri məsələ ilə bağlı rəylərini bölüşdülər.
Hər iki qanun layihəsi Milli Məclisə tövsiyə olunduqdan sonra Regional məsələlər komitəsində “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” dinlənildi. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə 2014-cü ildə görülmüş işlər, bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, ötən il Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Bakıda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Büro iclası keçirilib. Həmin günlərdə Ədliyyə Nazirliyi Konqreslə birgə “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfrans da təşkil edib. Tədbirlərdə çox səmərəli müzakirələr aparılıb.
Hesabat dövründəki mühüm hadisələrdən söz açan məruzəçi  vurğuladı ki, 2014-cü ilin dekabrında ölkəmizdə keçirilən yeni bələdiyyə seçkilərində əvvəlki seçkilərlə müqayisədə əhalinin fəallığı xeyli artıb, yerli özünüidarə orqanlarına seçilən qadınların sayı 34,9 faizə, gənclərin sayı 36,42 faizə çatıb.
Milli Məclis tərəfindən bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi bələdiyyələrin işinin daha yüksək səviyyədə təşkil olunmasına hüquqi zəmin yaradıb. 21 rayon üzrə 204 bələdiyyə birləşdirilərək 94 yeni bələdiyyə yaradılıb, 110 bələdiyyə isə ləğv edilib. Hazırda ölkədə 1607 bələdiyyə fəaliyyət göstərir. 
Mehdi Səlimzadə qeyd etdi ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bələdiyyələrin potensialının gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin olunması prioritet istiqamət kimi nəzərdə tutulub.
Ədliyyə Nazirliyi hüquqi maarifləndirmə istiqamətində mühüm tədbirlər həyata keçirib. Ölkədə elektron hökumət qurulması ilə əlaqədar 2014-cü ilin dekabr ayında bələdiyyələrin elektron portalının yaradılması kimi mühüm bir iş başa çatdırılaraq istifadəyə verilib.
Məruzə yekunlaşdıqdan sonra iclasda müzakirələr başlandı. Komitə sədrinin müavini Fəttah Heydərov, deputatlar Tahir Rzayev, Qalib Salahzadə, Rüstəm Xəlilov, Azər Badamov hesabat dövründə görülmüş işləri müsbət dəyərləndirdilər. Yeni seçilmiş bələdiyyə üzvlərini təbrik edərək onlara uğurlar arzuladılar.
Komitə üzvləri yekdilliklə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ni Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU