AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
06 fevral 2015 | 04:02   
Paylaşın:        

Fevralın 6-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə üç məsələ daxil olunub.
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi haqqında məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə bildirdi ki, qanun layihəsinə təklif olunan düzəlişlərə əsasən Məcəllənin 9-cu maddəsinin üçüncü hissəsinə “Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir” cümləsi əlavə olunur. Vurğulanıb ki, bu dəyişiklik qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədi ilə edilir.
Sonra iclasın gündəliyində duran digər məsələlər - “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də komitə üzvləri tərəfindən müzakirə olundu. Məlumat verildi ki, “Ovçuluq haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən su hövzələrində balıq və digər su bioresurslarının ovu “Balıqçılıq haqqında” Qanunla tənzimlənəcək.
Müzakirələr zamanı qeyd olundu ki, sözügedən Qanunun təkmilləşdirilməsi ovçuluq turizminin və Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcək.
“Heyvanlar aləmi haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliyə əsasən isə su hövzələrində balıq və digər su bioresurslarından istifadə balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura məqsədilə həyata keçirilir. Eyni zamanda, balıq və digər su bioresurslarından istifadə üçün su hövzələrinin ayrılması, balıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq və digər su bioresursları ovunun qaydaları balıqçılıq və su qanunvericiliyi ilə tənzimlənir.
İclasda məlumat verildi ki, müzakirə olunan hər üç qanun layihəsində nəzərdə tutulan dəyişikliklər “Balıqçılıq haqqında” Qanuna uyğunlaşdırmanı təmin etmək məqsədini daşıyır.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU