İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
10 fevral 2015 | 05:02   
Paylaşın:        

Fevralın 10-da Milli Məclisin İnsan hüquqları komitəsinin 2015-ci il yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Rəbiyyət Aslanova gündəliyə daxil edilən məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdı.
Rəbiyyət Aslanova 2014-cü il payız sessiyası ərzində görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, bu dövrdə komitənin 4 iclası keçirilib, 11 məsələyə baxılıb. Komitə tərəfindən 8 qanun layihəsi, o cümlədən Əmək və Miqrasiya məcəllələrində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “İnsan alverinə qarşı mübarizə haqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlarda  dəyişikliklərin edilməsi barədə sənədlər Milli Məclisin müzakirəsinə tövsiyə edilib və qəbul olunub. Bu müddətdə komitə üzvləri tərəfindən 100 vətəndaş qəbul edilib, onların ərizə və şikayətləri araşdırılaraq  lazimı tədbirlər görülüb. Habelə, bildirildi ki, cari ilin yaz sessiyasında bir sıra qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. 
Sonra komitə sədri “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsini təqdim etdi. Qeyd edildi ki, qanun ölkə vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Diqqətə çatdırıldı ki, bu günə qədər bu məsələ  1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” qanunla tənzimlənirdi. Keçən dövr ərzində ölkənin ictimai həyatında baş verən bir çox dəyişikliklər yeni qanunun qəbulunu zəruri edib. Yeni sənəd 17 maddədən ibarətdir və onun əhatə dairəsi daha geniş və məzmunludur.
Qanuna əsasən, vətəndaşlar müraciət etmək hüququnu sərbəst, könüllü sürətdə həyata keçirirlər, bu zaman digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdırlar. Milliyyətinə, dininə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, siyasi mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır. Qanun hüquqi pozuntuların qarşısının alınması, bununla bağlı müvafiq qurumların  məlumatlandırılması, dövlət və vətəndaş arasında ünsiyyətin daha səmərəli qurulmasına xidmət edir.
Parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin əməkdaşı Yunis İsmayılov layihə barədə açıqlamasında qeyd etdi ki, sənəddə vətəndaşların müraciətlərinə baxılmanın əsas prinsipləri, onlara dair tələblər, yazılı müraciətlərin qəbulu, qeydiyyatı, baxılma müddəti, vətəndaşların qəbul edilməsi qaydaları və digər zəruri məsələlər ehtiva olunur. Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir.
Deputatlar Cavanşir Paşazadə, Yevda Abramov, Fazil Mustafa, Flora Qasımova, Nəriman Əliyev layihənin əhəmiyyəti barədə fikirlərini bildirdilər, bir sıra təkliflər verdilər.
İclasda “Dini etiqad azadlığı haqqında” qanuna edilən düzəlişlərə baxıldı. Həmçinin, qeyd edildi ki, sənədin 22-ci maddəsinə olunan əlavələrə görə, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.
Sonra komitə üzvləri “Siyasi partiyalar haqqında” qanuna təklif olunan dəyişiklikləri də müzakirə etdilər.
Sonda təqdim edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına  çıxarılması tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU