MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
13 fevral 2015 | 06:02   
Paylaşın:        

 Fevralın 13-də Milli Məclisin  növbəti plenar iclası  keçirildi.  İclası Milli Məclisin Sədri Oqtay Əsədov  açdı.  Gündəlik təsdiq edildikdən sonra cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, İqbal Ağazadə, Leyla Abdullayeva, Vahid Əhmədov, Qənirə Paşayeva,  Elmira  Axundova  ölkə  gündəmi ilə əlaqədar vacib məsələlərdən  söz  açdılar.
Sonra  iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Ədliyyə Nazirinin müavini  Vilayət Zahirov 2014-cü ildə görülmüş işlər, bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, ötən il ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə ilk sədrliyi dövründə  Avropa Şurasının  2014-2016-cı illər  üzrə  Azərbaycan üçün  qəbul  olunmuş, ayrı-ayrı sahələrlə yanaşı, yerli  demokratiyanın inkişafı ilə  bağlı tədbirləri  nəzərdə  tutan  Fəaliyyət Planının  Bakıda  yüksək  səviyyədə  təqdimatı  keçirilib.  Həmçinin,  Bakıda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Büro iclası keçirilib. Həmin günlərdə Ədliyyə Nazirliyi Konqreslə birgə “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfrans da təşkil edib. Tədbirlərdə çox səmərəli müzakirələr aparılıb.
Nazir müavini onu da vurğuladı ki, Azərbaycanın səmərəli əməkdaşlıq  etdiyi Türk  Dünyası Bələdiyyələr  Birliyinin  təşəbbüsü  və dəstəyi ilə  ötən il  İstanbulda “Türk dünyası”  kitabı nəşr  edilib. Kitabda  türk  dünyasının  son 2000 ildən artıq  dövr ərzində  mövcud  olmuş 12  dahi şəxsiyyəti və öndəri, o cümlədən ümummilli liderimiz  Heydər  Əliyevin  həyat  və fəaliyyəti ilə bağlı  müfəssəl məlumat verilib.  Qurumla  əməkdaşlıq  sıx  şəkildə  davam etdirilir.  Türkiyədə  bələdiyyə  üzvləri  və  qulluqçuları üçün  seminarlar  keçirilib, təcrübə  mübadiləsi  aparılıb.
Hesabat dövründəki mühüm hadisələrdən söz açan məruzəçi  vurğuladı ki, 2014-cü ilin dekabrında ölkəmizdə azad, demokratik,  ədalətli  və şəffaf  keçirilən yeni bələdiyyə seçkilərində  1.599 bələdiyyə  üzrə 14.963 bələdiyyə  üzvü  seçilib. Əvvəlki seçkilərlə müqayisədə əhalinin fəallığı xeyli artıb, yerli özünüidarə orqanlarına seçilən qadınların sayı 34,9 faizə, gənclərin sayı 36,42 faizə çatıb. Seçkilərdə 30 partiyanın  nümayəndələri iştirak edib.
Nazir müavini qeyd etdi ki, Milli Məclis tərəfindən bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi bələdiyyələrin işinin daha yüksək səviyyədə təşkil olunmasına hüquqi zəmin yaradıb. 21 rayon üzrə 204 bələdiyyə birləşdirilərək 94 yeni bələdiyyə yaradılıb, 110 bələdiyyə isə ləğv edilib.
Natiq  vurğuladı ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bələdiyyələrin potensialının gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin olunması prioritet istiqamət kimi nəzərdə tutulub. Hesabat  ilində  daxil olmuş   müraciətlərə  əsasən  43  bələdiyyə orqanının  fəaliyyətində qanun pozuntuları  hallarına  rast gəlinmiş, onlarla  bağlı hüquqi  tədbir görülmüşdür. 
Vilayət  Zahirov onu  da  diqqətə  çatdırdı ki, Ədliyyə Nazirliyi hüquqi maarifləndirmə istiqamətində mühüm tədbirlər həyata keçirir. Ölkədə elektron hökumət qurulması ilə əlaqədar 2014-cü ilin dekabr ayında bələdiyyələrin elektron portalının yaradılması kimi mühüm bir iş başa çatdırılaraq istifadəyə verilib.
Deputatlardan Ziyafət  Əsgərov, Elton Məmmədov, Eldar Quliyev, Elmira Axundova, Fazil Mustafa, Siyavuş Novruzov, Sahibə Qafarova, Məlahət  İbrahimqızı, Əli Məsimli, Tahir  Rzayev, Çingiz Qənizadə, Qənirə Paşayeva, çıxış  edərək hesabatın dolğun  və məzmunlu  hazırlandığını, əvvəlki illərlə müqayisədə  daha  peşəkar və əhatəli olduğunu  bildirdilər. Millət vəkilləri tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qənaətbəxş sayııldı.
Sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanıldı.  “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Milli Məclisin İqtisadi  siyasət komitəsinin sədri  Ziyad  Səmədzadə məlumat  verdi.  Sənəd  deputatlar  tərəfindən  razılıqla  qarşılandı.
  “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini  təqdim edən Aqrar  siyasət  komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, qanun layihəsinə təklif olunan düzəlişlərə əsasən Məcəllənin 9-cu maddəsinin üçüncü hissəsinə “Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir” cümləsi əlavə olunur. Vurğulanıb ki, bu dəyişiklik qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət  edir. Sənəd  səsə  qoyularaq  qəbul edildi.
Sonra Eldar  İbrahimov  “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında” qanunlara, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə təklif  olunan dəyişiklikləri şərh etdi. Bildirildi ki, bu  sənədlərdə  edilən yeniliklər torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi məsələlərinin  tənzimlənməsini nəzərdə tutur. Bu qanunların ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması və şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  qəbul  edildi.
Gündəliyə daxil edilən  digər  9 məsələ -  “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcra məmurları haqqında”, “Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”  qanunlarda və Əmək, İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual Məcəllələrində  edilən dəyişikliklərlə əlaqədar  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin sədri Əli Hüseynli  məlumat  verdi.  Qeyd  edildi ki,  bu  sənədlərdə edilən  dəyişikliklər “Məhkəmələr və hakimlər haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, Andlılar Məhkəməsi İnstitutunun ləğvi ilə əlaqədar “andlılar  məhkəməsi” anlayışı sözügedən sənədlərdən çıxarılır.  Qanun  layihələri ayrı-ayrılıqda  səsvermə yolu ilə  təsdiqləndi.
Sonra iclasda Regional məsələlər komitəsinin sədri  Arif Rəhimzadə  “Bələdiyyə qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, bələdiyyə sahəsində aparılan islahatların məntiqi davamı olaraq, həmin dəyişikliklər bələdiyyə qulluğuna qəbul prosesində yaranan münasibətlərin daha mükəmməl və şəffaf tənzimlənməsi məqsədini daşıyır. Sənəd  səsvermə  yolu ilə qəbul edildi.
 İclasın  sonunda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olundu. Bununla  əlaqədar  məlumat verən komitə  sədri  Arif  Rəhimzadə bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş yeni qanun layihəsi 3 fəsil, 20 maddədən ibarətdir. Yerli özünüidarə orqanlarının nüfuzunun artırılması, vətəndaşların bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi bu qanunun əsas məqsədidir. Bələdiyyə üzvlərinin peşəkarlığının və fərdi məsuliyyətinin artırılması üçün layihədə tapşırıqların yerinə yetirilməsi, loyallıq, mədəni davranış, qərəzsizlik, korrupsiyanın qarşısının alınması kimi məsələlər öz əksini tapmışdır.  Müzakirələrdən sonra sənəd  səsə  qoyularaq  təsdiqləndi.
Bununla  da  Milli Məclisin  bugünkü iclası  öz işini başa şatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU