MİLLİ MƏCLİSDƏ ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ DAİR DİNLƏMƏLƏR

Tədbirlər
14 fevral 2015 | 02:02   
Paylaşın:        

Fevralın 14-də Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin təşkilatçılığı ilə “ABŞ-Azərbaycan münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələr keçirildi.
Tədbiri komitənin sədri Səməd Seyidov açaraq ölkələrimiz arasındakı əlaqələrin tarixinə nəzər saldı. Azərbaycan-ABŞ münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etdi. 1994-cü ildə əsrin neft müqaviləsinin imzalanmasında bu əlaqələrin rolundan danışdı. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda baş vermiş terror hadisələrindən sonra Azərbaycanın dərhal terrora qarşı mübarizəyə qoşulduğunu qeyd edərək Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığımızın mühüm məqamlarına toxundu.
Sonra tədbirdə məruzələr dinlənildi. İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramovun məruzəsində konkret faktlara istinadən “Enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq: qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq” məsələləri təhlil olundu. Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov öz məruzəsində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın iştirakı: imkanlar və gözləntilər” barədə ətraflı söhbət açdı. Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyinin sədri, deputat Çingiz Qənizadə “ABŞ-da insan hüquqlarının təmin olunması: qanunvericiliyin tələbləri və real durum” barədə tədbir iştirakçılarına geniş məlumat verdi. 
Mövzu ətrafında müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fəzail Ağamalı, Zahid Oruc, Azay Quliyev, Fərəc Quliyev, Sabir Rüstəmxanlı, Elmira Axundova, Rasim Musabəyov, Siyavuş Novruzov, Qənirə Paşayaeva, Yevda Abramov, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva fikirlərini açıqladılar. Təkliflər verildi. Milli Məclisdə bu sayaq dinləmələrin keçirilməsi Azərbaycanda parlamentarizm ənənələrinin inkişafı kimi dəyərləndirildi. Vurğulandı ki, son illər Milli Məclis bir çox vacib mövzularla əlaqədar dinləmələr təşkil edərək parlament tribunasından xalqın səsinin daha gur eşidilməsinə və Azərbaycan cəmiyyətini narahat edən məsələlərin müzakirə edilərək çözülməsinə imkan yaradıb.
Müzakirələrdə dinləmələrə dəvət olunmuş siyasi partiyaların və QHT-lərin rəhbərləri, politoloqlar da yaxından iştirak etdilər. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, İctimai Problemlərin Tədqiqi Assosiasiyası İctimai Birliyinin sədri Məhərrəm Zülfüqarlı Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf etdirilməsi vacibliyini vurğulayaraq təkliflərini bildirdilər.
Dinləmələrdə aparılan fikir mübadiləsində strateji müttəfiqlər olan Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına əngəl törədən məsələlərə diqqət yönəldildi, Azərbaycanın müstəqilliyi dövründə ABŞ-la münasibətlərin inkişafında böyük və uğurlu yol qət olunduğu qeyd edildi, daha sıx əlaqələrin saxlanması vacibliyi vurğulandı.


 
Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU