SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
17 fevral 2015 | 03:02   
Paylaşın:        

Fevralın 17-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə “Uşaq hüquqları haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib. Komitə sədri diqqətə çatdırdı ki, bu dəyişikliklər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərlə bağlıdır. Belə ki, “Uşaq hüquqları haqqında” qanunda “vətəndaşlıq” sözündən əvvəl “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Əmək pensiyaları haqqında” qanunda isə “vətəndaşlığından çıxması” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz olunacaq.
Hər iki layihə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
İclasda bu il ölkəmizdə keçiriləcək Avropa Oyunları ilə əlaqədar qanunvericiliyə ediləcək dəyişikliklər və uşaqların asudə vaxtının səmərəli təşkili barədə də fikir mübadiləsi aparıldı.
Bununla da Sosial siyasət komitəsinin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU