MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov açdı. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir qədiqəlik sükutla yad edildi.
Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsini təşkil edir. Bu kütləvi qırğından əvvəl də Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra yaşayış məntəqələrində əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdi. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirmişdir. Milli Məclisin müvafiq qərarına əsasən “26 fevral - Xocalı soyqırımı günü” elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Oqtay Əsədov daha sonra dedi: “Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlər geniş vüsət almışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir. Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir.”
“İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırım aktı olduğu təsdiq edilir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 15 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin və onun başçılıq etdiyi hökumətin, həmçinin Milli Məclisin, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin nəticəsidir. Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə Milli Məclisin 20 deputatı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, İtaliyada, Niderlandda və İsraildə keçirilən Xocalı faciəsi qurbanlarının anım mərasimlərində iştirak edir. Biz əminik ki, Xocalı soyqırımı cəzasız qalmayacaqdır. Nə yolla olursa-olsun, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının da, digər cinayətlərin də bütün təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar.”
Sonra çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi: “Azərbaycanın üzləşdiyi təcavüz aktı, xalqımıza qarşı törədilən cinayətlər, etnik təmizləmə və milli-mədəni və tarixi abidələrimizin dağıdılması istiqamətində ermənilərin və erməni maraqlarına xidmət edən dairələrin dəstəyi ilə törədilən vandalizm aktları dünya ictimaiyyətinə çatdırılmaqdadır. Bu günlərdə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmişik. Orada da bu məsələni qaldırdıq. Ermənilər isə deyirlər ki, əslində bu hadisənin günahkarları - sabiq prezident Ayaz Mütəllibov və AXC hakimiyyəti olub. Ona görə ki, fevralın 25-dən 26-na keçən gecə əhalinin şəhəri tərk etməsi üçün dəhliz açılmışdı. Bundan istifadə üçün Azərbaycan tərəfi ciddi addımlar atmayıb... Biz erməni nümayəndə heyətinin bu iddiasından çıxış edərək öz mövqeyimizi ifadə etdik. Bildirdik ki, niyə məhz soyuq qış gecəsində, 20-25 dərəcə şaxta olduğu bir zamanda dəhliz yaradılmışdı? Niyə Xocalı sakinləri öz evlərindən çıxmalı idi? Məgər bu, etnik təmizləmə deyildimi? Ona görə də hesab edirəm ki, biz bütün diqqəti bu istiqamətə yönəltməliyik.” Bahar Muradova onu da vurğuladı ki, bu gün ölkədə gedən maliyyə-iqtisadi dəyişikliklər, bu və ya digər addımlar ətrafında fikirlərimizi ifadə edərkən obyektiv və qərəzsiz olmağa çalışmalıyıq. Bizim siyasətçilər açıqlama verərkən bir qədər uzunmüddətli maraqları nəzərə almırlar. Sonradan bu fikirlər ermənilər tərəfindən bizə qarşı istifadə edilir.
İclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri ölkə gündəmi ilə əlaqədar vacib məsələlərdən söz açdılar. Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq “Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edildi. Qanun layihələri ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdilər. Qeyd olundu ki, dəyişikliklər Azərbaycan Prezidentinin 2011-ci il 26 dekabr tarixli 566 nömrəli Fərmanından irəli gəlir və ölkə vətəndaşlarının daşınmaz əmlaka münasibətdə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması hüququnun təmin edilməsi məsələlərini nəzərdə tutur. Qanun layihələri ayrı-ayrılıqda səsvermə yolu ilə təsdiq olundu.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli İnzibati Xətalar Məcəlləsində və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələləri müzakirəyə təqdim etdilər. Bildirildi ki, dəyişikliklər əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, vətəndaşların ixtisaslaşdırılmış tibbi yardım almaq imkanının genişləndirilməsinə və tibb fəaliyyəti ilə məşğul olan şəxslərin bu sahədə məsuliyyətinin artırılmasına yönəlib. Hər iki qanun layihəsi səsə qoyularaq təsdiqləndi.
Sonra “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda edilən yeniliklər müzakirə edildi. Əli Hüseynli bildirdi ki, hər iki qanuna təklif olunan dəyişiklik ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə idarəçiliyinin təkmilləşdirilməsi, hakimlərin müstəqilliyinin gücləndirilməsi məqsədindən irəli gəlir. Layihədə rayon (şəhər), hərbi və İnzibati-iqtisadi məhkəmə sədrinin müavininin səlahiyyətləri öz əksini tapıb. “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif olunan dəyişikliklər isə “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2014-cü il 20 iyun tarixli 1008-IVQD nömrəli qanunun tələblərindən irəli gəlir. Yekunda qanun layihələri səsvermə yolu ilə təsdiqləndi.
Sonra Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumat verdi. Bildirildi ki, qanunun 8.1-ci maddəsindəki “1 il” sözü “2 il” sözü ilə əvəzlənib. Burada əsas məqsəd vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Əgər vətəndaşlar 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə etmək imkanı əldə edəcəklər. İclasda çıxış edən deputatlar təklif olunan əlavə və dəyişikliklərin vacibliyini bildirərək, bu yeniliklərin vətəndaşların sosial müdafiəsinə yönəldiyini vurğuladılar. Sənəd səsvermə yolu ilə qəbul edildi.
Hadi Rəcəbli “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun qüvvəyə minmə müddətinin dəyişdirilməsi barədə qanun layihəsi barədə də məlumat verdi. Qeyd olundu ki, layihə ölkədə nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyin qüvvəyə minmə tarixinin dəyişdirilməsi ilə bağlıdır. Dəyişikliyə səbəb tibbi arayışın verilməsində tətbiq olunan mexanizmin müəyyən vaxt tələb etməsidir. Sənəd səsə qoyularaq qəbul edildi.
İclasda qısa müzakirələrdən sonra İnzibati Xətalar Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildirildi.
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə müzakirəyə təqdim etdi. Bildirildi ki, bu qanunlara təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 08 iyul tarixli Sərəncamına əsasən, “İcbari sığortalar haqqında” qanunda dəyişikliklər edilməsi barədə 20 iyun tarixli 1000-IVQD nömrəli qanunun tələblərindən irəli gəlir. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edildi.
İclasda “Tibbi sığorta haqqında” sənədə təklif olunan dəyişikliklərə də baxıldı. Hadi Rəcəbli qeyd etdi ki, dəyişikliklər qanun layihəsini “İcbari sığortalar haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanunun 13-cü maddəsinə icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq şərti əlavə edilib. Sənəd səsə qoyularaq qəbul edildi.
Daha sonra İnzibati Xətalar Məcəlləsində və “Televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə sankisiyaların sərtləşdirilməsini, “Televiziya və radio yayımı haqqında” qanuna təklif olunan dəyişikliklər isə televiziya və radio yayımçılarına verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və ya ona xitam verilməsi ilə bağlı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının səlahiyyətlərinin artırılmasını nəzərdə tuturdu. Qısa müzakirədən sonra qanun layihələri təsdiq olundu.
Sonra İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi bərədə sənədi şərh etdi. Qeyd olundu ki, dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 03 mart tarixli Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məqsədi daşıyır. Deputatlar məsələyə müsbət münasibət bildirdilər.
İclasın birinci hissəsinin sonunda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olundu. Bildirildi ki, Məcəlləyə dəyişikliklər “Avtomobil yolları haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli qanunun tətbiqi haqqında” ölkə Prezidentinin 2013-cü il 2 iyul tarixli Fərmanının bəzi müddəalarının icrası məqsədilə edilir. Qanun layihəsi səsə qoyularaq təsdiq olundu.
Fasilədən sonra Milli Məclis öz işini davam etdirdi. Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Elm haqqında” qanun layihəsini təqdim etdi. Sənədi ətraflı şərh edən komitə sədri bildirdi ki, qanun layihəsi Azərbaycanda elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirmə mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edəcək. Yeni qanun layihəsi həmçinin, ölkənin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının elmi səviyyəsinin yüksəldilməsi sahəsində elmin aparıcı rolunu və vəzifələrini tənzimləyəcək. Şəmsəddin Hacıyev qeyd etdi ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra belə bir qanun layihəsinin hazırlanmasına ehtiyac hiss olunub. Lakin, bu istiqamətdə xeyli işlər görülsə də, konkret bir qanun layihəsi hazırlanmayıb. Sənədin hazırlanmasına 2011-ci ildə başlanılıb. İşçi qrupunun səyləri ilə layihənin əsas strukturu 2013-cü ildə tamamlanıb. Sonra ictimai müzakirəyə təqdim olunaraq yeni fikir və təkliflər nəzərə alınıb və sənəd əsaslı şəkildə təkmilləşdirilib. Komitə sədri sonra onu da vurğuladı ki, qanun layihəsi hazırlanarkən aidiyyəti dövlət qurumlarının, nazirliklərin, universitet və institutların, eləcə də Milli Elmlər Akademiyasının rəy və təklifləri diqqətlə araşdırılıb. Beynəlxalq təcrübə ilə bərabər, yerli qanunvericiliyin və Konstitusiyanın tələblərinə də xüsusi diqqət yetirilib.
Müzakirə zamanı millət vəkilləri Zahid Oruc, Gülçöhrə Məmmədova, İsa Həbibbəyli, Astan Şahverdiyev, Abel Məhərrəmov, Fəzail Ağamalı, Siyavuş Novruzov, Elton Məmmədov, Aytən Mustafayeva, Leyla Abdullayeva, Əli Məsimli, İsmayıl Hacıyev, Aydın Mirzəzadə, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Aqiyə Naxçıvanlı, Əhməd Vəliyev, Rafiq Məmmədhəsənov çıxış edərək bu qanunun elmimizin dünya elminə inteqrasiyası baxımından əhəmiyyətindən danışdılar. Sənədin Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində, davamlı inkişafın və milli təhlükəsizliyin təmin olunmasında elmin iştirakı baxımından önəmi vurğulandı. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti