MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
06 mart 2015 | 05:03   
Paylaşın:        

Martın 6-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra iclasa sədrlik edən Spiker Oqtay Əsədov qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar günü bayramı münasibətilə Milli Məclisdəki xanım deputatları, parlamentdə çalışan bütün xanımları və parlamentin fəaliyyətini işıqlandıran xanım jurnalistləri səmimi qəlbdən təbrik etdi, onlara can sağlığı və ailələrində xoşbəxtlik arzuladı. İclas zamanı çıxış edən deputatlar da həmin təbriklərə qoşuldular.
Gündəlikdəki məsələlərin müzakirəsinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2014-cü ilə dair illik məruzəsinin dinlənilməsi ilə başlandı. Ombudsman Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ötən il dövlət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının inkişafına, ölkəmizdə hüquq mədəniyyətinin yüksəlməsinə mühüm təsir göstərən, böyük ictimai əhəmiyyətə malik tədbirlər həyata keçirilib. Azərbaycan dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılıb. Regionlarda vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmiş sosial-iqtisadi proqramlar həyata keçirilib. Sosial təminat, səhiyyə, təhsil, məşğulluğun artması və işsizliyin səviyyəsinin azalması istiqamətində mühüm addımlar atılıb. Aztəminatlı ailələrə xüsusi diqqət yetirilib. MSK ilə birgə əhali arasında maarifləndirici tədbirlər keçirilib. Aparılan işlərin nəticəsi olaraq 2014-cü ildəki bələdiyyə seçkilərində qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi 35 faizə yüksəlib.
Ombudsman onu da qeyd etdi ki, insan hüquqlarının pozulması halları baş verdikdə lazımi tədbirlər görülüb. İl ərzində müvəkkilə ünvanlanmış 13 min 150 müraciətin 74,2 faizini şikayətlər, 25,8 faizi isə ərizələr təşkil edib. Həmin müraciətlər araşdırılarkən müvəkkilin səlahiyyətlərinə aid olmayan şikayətlərə baxılmasından imtina edilib. Qalan şikayətlər isə baxılmaq üçün icraata götürülüb və onların 56,8 faizi təmin olunub.
Müzakirələrdə deputatlar Musa Qasımlı, Əli Məsimli, Musa Quliyev, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Siyavuş Novruzov məruzə ilə bağlı müsbət fikirlərini bildirdilər. Fikir mübadiləsinin yekununda məsələ səsə qoyuldu və İnsan hüquqları üzrə müvəkkilin 2014-cü ilə dair illik məruzəsi qənaətbəxş hesab olundu.
Sonra iclasda “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” mövcud qərarda dəyişikliklər edilməsi barədə məsələyə baxıldı. Xanlar Fətiyev Azərbaycan-Avstraliya, İmamverdi İsmayılov isə Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçildilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişi Milli Məclisə təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədin əhəmiyyətini yüksək dəyərləndirdi. Bildirdi ki, bu Saziş miqrasiya proseslərinin şəffaf və qanuni şəkildə tənzimlənməsini təmin edəcək.
Deputatlara “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirdi ki, 13 maddədən ibarət olan bu sənəd hər iki ölkə vətəndaşlarının rahat gediş-gəlişinə xidmət edəcək.
Məlumatlar dinlənildikdən sonra hər iki  Saziş Milli Məclisdə ratifikasiya olundu.
Gündəlikdəki 7 qanun layihəsi Azərbaycan Prezidentinin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən “Balıqçılıq haqqında” qanunda edilən dəyişikliklərlə əlaqədar olaraq qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyırdı. Layihələrə əsasən Su, Torpaq, Cinayət və İnzibati Xətalar məcəllələrində, həmçinin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunlarda dəyişikliklər edilməsi təklif olunurdu. Bununla bağlı Su Məcəlləsinə dair layihəni şərh edən  Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, sənədə “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” müddəası artırılır. İclasda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun müvafiq məlumatı dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu və qəbul edildi.
İclasda İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova  “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrini təqdim etdi. Bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş hər iki sənəd qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. Qanunun 22-ci maddəsinə nəzarət markasına dair əlavələr olunacaq. Layihəyə görə, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür.
Gündəlikdəki daha bir qanun layihəsinə əsasən, nəzarət markaları ilə bağlı dəyişikliklər “Dərman vasitələri haqqında” qanuna da şamil olundu. Layihəyə görə, həmin dəyişikliklər dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin gücləndirilməsinə xidmət edəcək.
Milli Məclis hər iki qanunun lehinə səs verdi.
Parlamentdə məlumat verildi ki, “Dini etiqad azadlığı haqqında” qanunun 12-1. maddəsinə təklif olunan dəyişikliyə görə, dini qurum özünün yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirdiyi halda, həmçinin dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına vaxtında bildirmədiyi, 1 il ərzində həmin orqanın bu məsələyə dair 2 yazılı tələbinə əməl etmədiyi hallarda ləğv oluna bilər. 
Deputatlar Sədaqət Vəliyeva və Aytən Mustafayeva məsələyə dair fikirlərini diqqətə çatdırdılar. Sənəd səsə qoyuldu və qəbul edildi.
İclasda komitə sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanunun 16-cı maddəsinə təklif olunan dəyişikliyin texniki xarakter daşıdığını bildirdi. Səsvermə zamanı deputatlar dəyişikliyi məqsəduyğun saydılar.
Bugünkü iclasda Cinayət Məcəlləsinin 284-cü maddəsində dövlət sirrini yayma ilə bağlı cəzanın sərtləşdirilməsi məsələsi də müzakirə olundu. Qeyd edildi ki, mövcud qanunvericilikdəki müvafiq cəza müddətləri bir il artırılır. Belə ki, ona etibar edilmiş və ya xidməti vəzifəsinə, işinə görə ona məlum olan dövlət sirrini yayan şəxsi (əgər bu işdə dövlətə xəyanət əlaməti yoxdursa) iki ildən altı ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə azadlıqdan məhrumetmə cəzası dörd ildən səkkiz ilədək müəyyənləşdirilir.
Fikir mübadiləsində deputat Sabir Rüstəmxanlı hazırkı məqamda bu məsələnin vacibliyini vurğuladı. Milli Məclis qanun layihəsinə müsbət münasibət bildirdi.
İclasın yekununda “Vətəndaşların müraciətləri haqqında” 17 maddədən ibarət qanun layihəsi deputatlara təqdim olundu. Komitə sədri Rəbiyyət Aslanova qeyd etdi ki, bu qanun Azərbaycan vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyəcək, vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılması qaydasını müəyyənləşdirəcək. Layihəyə görə, vətəndaşın müraciətinə ən geci 15 gün müddətində baxılmalıdır. Xatırladıldı ki, ölkəmizdə bu məsələləri tənzimləyən mövcud qanunvericiliyin qəbulundan 18 il vaxt keçir, ona görə də yeni sənədin hazırlanması çox vacib idi. Parlamentin müzakirəsinə təqdim olunmuş layihədə bir sıra mütərəqqi müddəalar öz əksini tapıb. Yeni qanun vətəndaş-məmur münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək.
Fikir plüralizmi şəraitində aparılan müzakirələrdə Fazil Mustafa, Elmira Axundova, Jalə Əliyeva, Fəzail Ağamalı, Çingiz Qənizadə və Sabir Rüstəmxanlı rəylərini, irad və təkliflərini söylədilər. Qanun layihəsi konseptual baxımdan məqbul sayıldı və birinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU