MİLLİ MƏCLİSDƏ “REKLAM HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ

Komitə iclasları
13 may 2015 | 12:05   
Paylaşın:        

Martın 10-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Reklam haqqında” qanun layihəsinin müzakirəsi keçirildi.
İclası açan komitənin sədri Ziyad Səmədzadə bildirdi ki,  ölkədə  reklamın inkişafını  realizə  edən  sənəd parlamentdə 1997-ci ildə qəbul edilmişdi. Ötən  15 ildən artıq bir vaxtda Azərbaycanda sosial-iqtisadi sahədə çox ciddi dəyişikliklər həyata keçirilib. Ölkə iqtisadiyyatının davamlı inkişafı üçün böyük nailiyyətlər əldə olunub, iqtisadi həyatın bütün sahələrində tərəqqi müşahidə olunur. Reklam sahəsində də müəyyən uğurlarımız əldə olunub. Buna  görə də bu sahədə  qanunvericiliyin  təkmilləşdirilməsinə, “Reklam haqqında” sənədə yenidən yanaşmaya ehtiyac  duyulurdu. Hazırlanan yeni qanunun  qəbulundan  sonra  bu  sahədə mövcud  olan    boşluqlar  aradan  qaldırılacaq.
Deputat Vahid Əhmədov çıxışında qeyd etdi ki, qanunun Milli Məclisin plenar  sessiyasında ilk oxunuşda müzakirəsi zamanı sənədlə bağlı səsləndirilən bütün prinsipial təkliflər, reklam bazarının inkişafına xidmət edən əsaslı rəylər nəzərə alınmış, fəaliyyət subyektlərinin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı məqamlar  aradan  qaldırılmışdır. Yeni qanun layihəsi sadə, anlaşılan formada, həmçinin bu sahədə xarici təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Layihədə reklamın istehsalı və yayımı prosesinin dövlət tənzimlənməsinə dair bir çox yeniliklər öz əksini tapır.
Komitə  üzvü  Əli Məsimli “Reklam haqqında” qanun layihəsinin əsas prinsipləri barədə məlumat verdi.  Qeyd  etdi ki, layihəyə müasir dövrdə baş vermiş dəyişiklikləri ehtiva edən anlayışlar, reklam subyektləri arasındakı münasibətlərin tənzimlənməsinin yeni mexanizmləri daxil edilib. Sənədə əsasən yetkinlik yaşına çatmamış uşaqların müdafiəsi ilə bağlı müddəalar genişləndirilib və süni qida, dərman preparatları, alkoqollu içkilər, tütün məmulatları, mənşəyi bilinməyən məhsullarla bağlı reklamların məhdudlaşdırılmasına görə xüsusi maddə əlavə edilib.
 Komitənin  iclasında millət  vəkilləri  Rüfət  Quliyev, Xanhüseyn Kazımlı,  Nəqliyyat, Mədəniyyət və turizm, Səhiyyə, Rabitə və informasiya texnologiyaları nazirliklərinin, Hesablama Palatasının, reklam şirkətlərinin nümayəndələri  sənədlə  bağlı fikirlərini  bildirdilər, təkliflərini  səsləndirdilər.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasının  müzakirəsinə  tövsiyə olundu.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU