REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
13 mart 2015 | 05:03   
Paylaşın:        

Martın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti  iclası keçirildi. İclasda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olundu.
Komitə sədri Arif Rəhimzadə öz çıxışında söylədi ki,  bir çox kateqoriya işçilər üçün etik davranış qaydaları mövcuddur və onlar öz fəaliyyətini buna əsaslanaraq qururlar. Artıq dövlət qulluqçularının etik-davranış qaydaları ilə bağlı qanun qəbul edilib. Bu məsələ özünüidarə orqanlarında çalışan insanlar üçün də aktualdır.
Bələdiyyə orqanları bütün ölkə əhalisini əhatə edir. Bildirildi ki, üç fəsil, 20 maddədən ibarət olan yeni qanun layihəsi bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsiplərini, bunlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qeyd edildi ki, layihənin parlamentdə birinci oxunuşda müzakirəsi zamanı irəli sürülən təkliflər nəzərə alınıb və sənəddə bir sıra redaktə xarakterli dəyişikliklər edilib.
Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov bildirdi ki, təqdim olunan sənəd “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğunlaşdırılmalıdır. Xidməti informasiyanın təqdim olunması qaydaları, etik davranış qaydalarının həyata keçirilməsi, bu qaydaların pozulmasına görə tətbiq edilən intizam məsuliyyəti ilə bağlı müddəalarda bir sıra dəyişikliklər nəzərdə tutulub.
Qanun layihəsi ətrafında aparılan geniş müzakirələr zamanı çıxış edən  deputatlar Fəttah Heydərov, Tahir Rzayev, Azər Badamov, Fəzail İbrahimli, Qalib Salahzadə sənədin əhəmiyyəti barədə fikirlərini açıqladılar, təkliflər verdilər. 
Layihə rəy və təkliflər nəzərə alınmaqla ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU