MİLLİ MƏCLİSDƏ NAZİRLƏR KABİNETİNİN 2014-CÜ İLDƏ FƏALİYYƏTİ HAQQINDA HESABATI DİNLƏNİLDİ

Tədbirlər
18 mart 2015 | 02:03   
Paylaşın:        

Martın 17-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabat dinlənildi. Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı.
Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq bildirdi ki, bu gün qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2014-cü ildəki fəaliyyəti barədə hesabat verir. Sədr diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatda ətraflı təhlil edilmişdir. Eyni zamanda, bir qədər səngiyən, amma hələ də davam edən qlobal iqtisadi böhran şəraitində Azərbaycanın durumu araşdırılmış, gələcəkdə yerinə yetirilməli olan vəzifələr müəyyənləşdirilmişdir. 2014-cü ildə Ümumi Daxili Məhsul istehsalında 2,8 faiz artım əldə edilmişdir. Dünya iqtisadiyyatı üçün o qədər də əlverişli olmayan bir zamanda bu, məqbul nəticə sayıla bilər. Qeyd edilməlidir ki, ölkənin qeyri-neft sektorunda iqtisadi artım 7 faiz təşkil etmişdir. ÜDM-də bu sektorun xüsusi çəkisi 61 faizə çatmışdır. Ötən il iqtisadi artım bütövlükdə qeyri-neft sektorunun hesabına təmin edilmişdir.
Milli Məclisin Sədri onu da vurğuladı ki, ötən il Azərbaycan iqtisadiyyatı investisiya qoyuluşları üçün cəlbedici olaraq qalmışdır. Sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə yönələn 22 milyard manata yaxın investisiyanın 59 faizi daxili, 41 faizi isə xarici investorların payına düşmüşdür. Maraqlı məqam budur ki, qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi neft-qaz sektoruna qoyulan investisiyaların həcmindən 2 dəfə çox olmuşdur. Bu isə, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əyani nəticəsidir.
 Qeyd olundu ki, ötən ilin sonlarında ölkəmizin məcmu valyuta ehtiyatları 50 milyard dollardan çox olmuşdur. Valyuta ehti¬yatları ölkəmizin təqribən 3 illik idxalı həcmindədir və xarici dövlət borcu¬nu səkkiz dəfədən çox üstələyir. 2014-cü ildə Azərbaycan dünyanın 150 ölkəsi ilə 31 milyard dollar məbləğində xarici ticarət əməliyyatı aparmışdır. Önəmli olan budur ki, xarici ticarət dövriyyəsinin 47 faizdən çoxu Avropa İttifaqı ölkələrinin payına düşmüşdür.
Sədr  vurğuladı ki, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluq səviyyəsinin azaldılması Hökumətin fəaliyyətinin əsas istiqamətləri sırasında olmuşdur. İqtisadiyyatda işçilərin orta aylıq əmək haqqı 4,5 faiz artaraq 444 manatdan çox olmuş, yoxsulluq səviyyəsi 5 faiz təşkil etmişdir.
Hökumətin hesabatının Milli Məclisdə müzakirə edilməsi qanunvericilik və icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqələrinin güclənməsinə, eləcə də sosial-iqtisadi inkişaf məsələlərinin araşdırılmasında və həllində millət vəkillərinin iştirakına imkan yaradır. Görürük ki, hökumət deputatların təkliflərinə diqqətlə yanaşır, dövlət proqramlarının və digər sənədlərin hazırlanmasında bunları nəzərə alır. Hesab edirəm ki, bu gün keçirdiyimiz müzakirə də səmərəli olacaq, hökumətin fəaliyyətinə kömək göstərə bilən təkliflər irəli sürüləcəkdir.
Sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim etdi.
Baş nazir bildirdi ki, Azərbaycanın ardıcıl islahatlara və sistemli proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqisi hesabat ilində də uğurla davam etdirilib. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafın başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir.
İlin yekunlarının təhlili göstərir ki, qarşıya qoyulmuş bütün əsas vəzifələr layiqincə yerinə yetirilmişdir. Makroiqtisadi sabitlik qorunub saxlanmış, Ümumi Daxili Məhsulun artımına nail olunmuş, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilmiş, xalqın rifahı davamlı olaraq yüksəldilmişdir.
Qeyd  olundu ki, 2014-cü ildə iqtisadiyyatın əsas göstəricisi olan Ümumi Daxili Məhsulun həcmi 2,8 faiz artaraq 59 milyard manat səviyyəsinə çatmışdır. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manat olmuşdur. İqtisadiyyatın  bütün sahələrində - sənayedə, tikintidə, ticarət və pullu xidmətlərdə, kənd təsərrüfatında, nəqliyyatda və digər sahələrdə nailiyyətlər əldə olunmuşdur. Qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 61 faiz təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 7 faiz çoxdur. Ölkə üzrə ümumi investisiyalar isə 27,7 milyard ABŞ dolları olmuşdur. Orta aylıq əməkhaqqı 4,5 faiz, əhalinin gəlirləri 4,8 faiz, banklardakı əmanətləri 12,4 faiz artmışdır. Eyni zamanda bir ailəyə düşən orta aylıq sosial yardım 149 manatadək artırılmış, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192 manat təşkil etmiş, ölkə üzrə yoxsulluğun səviyyəsi azalaraq ilin sonuna 5 faizə düşmüşdür. Qarabağ və Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərə 1453 minik avtomobili ayrılmış, 172 ailəyə yeni mənzil verilmişdir.
Baş nazir onu da bildirdi ki, məcburi köçkünlərin sosial problemlərinin həllinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına həmişə olduğu kimi xüsusi diqqət yetirilir. Onlar üçün 6 yeni qəsəbə və 11 çoxmərtəbəli binadan ibarət olan yaşayış kompleksi salınmış və bununla da dörd mindən artıq məcburi köçkün ailəsi yeni mənzillə təmin edilmişdir.
 İqtisadiyyatda davamlı həyata keçirilən struktur siyasəti, biznes və investisiya mühitinin sağlamlaşdırılması, dövlət dəstəyi tədbirləri sahibkarlığın inkişafına stimullaşdırıcı təsir etmişdir. Hesabat ilində 9 min yeni müəssisə yaradılmış, sahibkarlıq subyektlərinin ümumi sayı 386 minə çatmış, bölgələrdən vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz yüksəlmişdir. Dövlət büdcəsinin vəsaitləri hesabına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən real sektorda istehsal və xidmət layihələrinin maliyyələşdirilməsi genişləndirilmişdir. Eyni zamanda, beynəlxalq maliyyə qurumları ilə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən layihələrlə bağlı ümumi məbləği 978 milyon dollar təşkil edən 12 kredit sazişi imzalanmışdır.
 Artur Rasizadə çıxışında regionların sosial-iqtisadi inkişafı üzrə      2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının qəbul edilməsi ilə bağlı məlumatları da diqqətə çatdırdı. Qeyd  olundu ki,  əvvəlki proqramların icrası çərçivəsində bölgələrdə yüzlərlə istehsal, xidmət, sosial və infrastruktur obyektləri istifadəyə verilmiş, genişmiqyaslı quruculuq və abadlıq işləri aparılmışdır.
Bildirildi ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ölkənin qeyri-neft sektorunun keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan vermişdir. Bununla bağlı sənayenin şaxələndirilməsi, onun regional strukturunun təkmilləşdirilməsi istiqamətində sürətli və geniş əməli işlərə başlanılmışdır. Ölkə Prezidentinin Sərəncamı ilə “2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda qarşıdakı illərdə sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin ixrac potensialının artırılması, müasir istehsal sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqramın icrası həm də yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi tərəqqisinə, kiçik və orta sahibkarlığın inkişafına təkan verəcəkdir.
Bildirildi ki, 2014-cü ildə Azərbaycanın neft tarixinin yeni mərhələsinin əsasını qoymuş “Əsrin müqaviləsi”nin 20-ci ildönümü qeyd olundu. Bu müddətdə görülmüş işlər və əldə edilən nəticələr neft-qaz sektorunun hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacağını göstərir.  Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan və həmin ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu nəhəng infrastruktur layihəsi “Şahdəniz”, “TANAP” və “TAP” layihələri ilə birgə uzun müddət ölkənin iqtisadi maraqlarına və xalqın rifahına xidmət edəcəkdir.  Ölkə iqtisadiyyatının əsas sahələrindən olan aqrar-sənaye kompleksində müsbət dəyişikliklər əldə edilmişdir.
2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilmişdir. Lizinqə verilən texnikaların sayı əvvəlki ilin göstəricisini 37 faiz üstələmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, növbəti dəfə 5 il müddətinə bütün vergilərdən azad edilmişdir. Yerli istehsalın imkanlarının artırılması ilə əlaqədar iri fermer təsərrüfatlarının yaradılmasını nəzərdə tutan layihələrə 47 milyon manat güzəştli kreditlər ayrılmışdır. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin genişləndirilməsi, onların su təminatı məqsədi ilə nəhəng infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılmış, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanalları istismara verilmişdir.
Baş nazir  onu da  vurğuladı ki, hesabat dövründə əvvəlki illərdə olduğu kimi sosial infrastruktur ardıcıl olaraq inkişaf etdirilmiş, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir.
  Daha sonra  Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların  ötən il də heç bir nəticə verməməsindən  təəssüfləndiyini ifadə etdi. Qeyd olundu ki, Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanılmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq, ordu quruculuğunun daim təkmilləşdirilməsini, onun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır. Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığına əyani sübutdur.
Çıxışının  sonunda natiq onu da qeyd  etdi ki,  Nazirlər Kabinetinin hesabatları və dövlət büdcəsinin müzakirələri zamanı deputatların verdiyi təkliflərin böyük qismi hər  zaman nəzərə alınır ki, bu da ümumi işə öz  töhfəsini  verir.
Məruzədən sonra hesabat ərtafında geniş müzakirələr aparıldı. Millət vəkilləri hesabatla bağlı qeyd və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırdılar, ölkəmizin günü-gündən daha da inkişaf edəcəyinə əminliklərini ifadə etdilər.
İclasda iştirak edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov  ölkədə mövcud  olan makroiqtisadi  durum  haqqında  ətraflı məlumat verdi.   Dünya bazarında  neftin  qiymətinin ucuzlaşması,  ABŞ  dollarının məzənnəsinin dəyişməsi ilə bağlı vacib faktorları təhlil  etdi.    Bu  sahədə mütəxəssislər tərəfindən  düşünülmüş ən uzaqgörən proqnozları açıqladı. O, müzakirələrdə bank sektoru ilə bağlı deputatlar tərəfindən qaldırılan məsələlərə  aydınlıq  gətirdi.
Sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU