KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
01 aprel 2015 | 05:04   
Paylaşın:        

Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət,  Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İclası İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırdı.
Öncə ölkə Prezidentinin təqdimatı əsasında Elman Rüstəmovun və Xəqani Abdullayevin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi üçün namizədlikləri müzakirə olundu. Məsələ ilə bağlı çıxış edən Ziyad Səmədzadə Mərkəzi Bankın apardığı pul-kredit siyasəti, bu istiqamətdə həyata keçirilən islahatların əhəmiyyəti barədə danışdı. Namizədlərin bank sisteminin formalaşması və təkmilləşdirilməsi sahəsində təqdirəlayiq fəaliyyətlərini qeyd etdi. 
Komitə üzvləri Çingiz Əsədullayev, Vahid Əhmədov, Cavid Qurbanov, Əli Məsimli, Rüfət Quliyev də namizədlər barədə fikirlərini açıqladılar. Deputatlar Elman Rüstəmovun bank sistemindəki fəaliyyətini yüksək qiymətləndirdilər. 
Elman Rüstəmov dövlət başçısı İlham Əliyev tərəfindən növbəti dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyinin təqdim edildiyinə görə minnətdarlığını ifadə etdi. Bunu böyük etimad və etibar kimi dəyərləndirdi. Bildirildi ki, ölkəmizdə müasir bank sistemi yaradılıb, bu sahədə islahatlar bu gün də davam edir. Elman Rüstəmov manatın devalvasiyası, yaranmış vəziyyətlə bağlı bankların durumu, sosial və ipoteka kreditləri barədə məsələlərə aydınlıq gətirdi.
Müzakirələrin sonunda deputatlar E.Rüstəmovun və X.Abdullayevin namizədliklərini dəstəklədiklərini bildirdilər.
Sonra “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi barədə məlumat verildi. Qeyd edildi ki, sənəd ölkədə investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, investorların hüquqlarının, habelə qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi və nəzarətinin hüquqi-iqtisadi əsaslarını müəyyən edir. Qanun 12 fəsil, 92 maddədən ibarətdir. Burada investisiya qiymətli kağızlarının emissiyası, buraxılışı, qiymətli kağızların yerləşdirilməsi ilə bağlı müddəalar öz əksini tapıb. Layihədə qiymətli kağızlar üzrə depozitar sistem, investisiya şirkətlərinin fəaliyyəti barədə hesabat, fond birjasının vəzifələri və daxili qaydaları, şəffaflıq və məlumatların açıqlanması kimi məsələlər də  təsbit olunub.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə təklif olunan dəyişikliklərə baxıldı. “Beynəlxalq Dəmiryolu Daşımaları haqqında Konvensiya”ya (KOTİF) qoşulmaq barədə sənəd müzakirə edildi.
İclasın sonunda müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU