MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 3-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. Əvvəlcə cari məsələlər müzakirə olundu.
Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı deyilmiş fikirlərə münasibət bildirdikdən sonra gündəlikdəki sənədlərin müzakirəsinə başlandı.
Öncə deputatlar Elman Rüstəmovu və Xəqani Abdullayevi Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri təyin etdilər. Sonra millət vəkilləri Etibar Nəbiyevi Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin etdilər.
Sonra iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi. Məlumatı deputatların diqqətinə çatdıran daxili işlər nazirinin müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov bildirdi ki, ölkəmizdə 2014-cü ildə də transmilli cinayət olan insan alverinə qarşı mübarizə davam etdirilmişdir. İnsan alverinə qarşı mübarizədə beynəlxalq öhdəliklərinə sadiq qalmasının əyani təsdiqi olaraq ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Sərəncamı ilə sayca üçüncü Milli Fəaliyyət Planı qəbul edilmişdir.
2014-2018-ci illəri əhatə edən və 60 tədbirdən ibarət olan yeni Milli Fəaliyyət Planının icrasına 27 dövlət qurumu, o cümlədən Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyası, Dövlət Dəniz Administrasiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Mətbuat Şurası və yerli icra hakimiyyəti orqanları cəlb olunmuşlar.
2014-cü ildə həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanmışdır. Bu əməllərə görə 26 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.
Həmçinin ictimai mənəviyyat əleyhinə olan 183 cinayət aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunmuş, 571 qadın barəsində inzibati tədbirlər görülmüşdür.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 13 mindən çox müraciətə baxılaraq hər biri üzrə qanunvericiliyə uyğun tədbir görülmüşdür.
Vilayət Eyvazov diqqətə çatdırdı ki, əldə edilən nəticələr bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının Tərəflər Komitəsinin Azərbaycan üzrə ötənilki hesabatında müsbət dəyərləndirilərək normativ hüquqi bazanın, qurbanların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və maarifləndirmə sahəsində görülən işlər, Milli Koordinator yanında İşçi Qrupun və xüsusi polis qurumunun fəaliyyəti təqdirəlayiq hesab edilmişdir.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq qənaətbəxş hesab edildikdən sonra bildirildi ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna 30 may 2014-cü ildə edilmiş dəyişikliyə uyğunlaşdırma məqsədilə 14 qanuna dəyişiklik edilməsi təklif olunur. Həmin dəyişikliyə görə bu qanunlarda “vətəndaşlığından çıxdıqda” ifadəsi “vətəndaşlığına xitam verildikdə” ifadəsi ilə əvəz olunacaq. Beləliklə, deputatlar bununla bağlı Seçki Məcəlləsində, 2001-ci il 29 iyun tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” əsasnamədə, “Məhkəmələr və hakimlər haqqında”, “Uşaq hüquqları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Polis haqqında”, “Notariat haqqında”, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət sirri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlarda müvafiq dəyişiklik olunması barədə sənədləri səsə qoyaraq təsdiqlədilər.
Sonra bildirildi ki, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” Qanunlara təklif olunan dəyişiklik isə onların “İcra haqqında” Qanuna uyğunlaşdırılması məqsədini daşıyır. Millət vəkilləri təklif olunan bu dəyişiklikləri də səsə qoyaraq qəbul etdilər.
İclasda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna və 1999-cu il 8 dekabr tarixli Qanunla təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnaməyə təklif olunan dəyişiklik də qəbul edildi. Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliyə uyğun olaraq bu sənədlərdə də Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması müddəti 3 gün əvəzinə 10 gün müəyyən edildi.
Sonra deputatlar “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Qanun layihəsini birinci oxunuşda müzakirə etdilər. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, kənd təsərrüfatı informasiya-məsləhət xidməti aqrar-sənaye istehsalı sahəsində elmi nailiyyətlər və qabaqcıl təcrübə barədə məhsul istehsalçılarını informasiya ilə təmin etmək və onlara istehsalın təşkili, idarə olunması və texnologiyası barədə, habelə digər məsələlərə dair məsləhətlər vermək üzrə fəaliyyət göstərəcəkdir.
Müzakirələrdən sonra deputatlar bu qanun layihəsini də birinci oxunuşda səsə qoyaraq qəbul etdilər.
Günün ikinci yarısında iclasda “Reklam haqqında” Qanun layihəsi ikinci oxunuşda nəzərdən keçirildi.
Layihə barədə məlumat verən deputat Vahid Əhmədov bildirdi ki, 1997-ci ildə qəbul olunmuş “Reklam haqqında” Qanun müasir dövrün tələblərinə cavab vermədiyi üçün bu yeni qanun layihəsi hazırlanmışdır. Bu qanun Azərbaycan ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımlanması, istehlakı ilə bağlı yaranan münasibətləri tənzimləyəcəkdir. Vahid Əhmədov birinci oxunuşdan sonra layihə üzərində aparılmış işlər barədə ətraflı məlumat verdi.
Müzakirələr zamanı deputatlar müasir dövrdə reklam bazarında belə bir qanuna ciddi ehtiyac olduğunu diqqətə çatdırdılar.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi. Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti