SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ AUTİZM XƏSTƏLİYİ İLƏ ƏLAQƏDAR DİNLƏMƏLƏR KEÇİRİLDİ

Tədbirlər
07 aprel 2015 | 03:04   
Paylaşın:        

Aprelin 7-də  Milli Məclisin Sosial siyasət komitəsinin təşkilatçılığı  ilə  “Autizm xəstələrinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirildi.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, aktual məsələlərdən biri  olan autizm  xəstəliyi ilə  əlaqədar sənədin hazırlanması cəmiyyətin sosial sifarişinin hüquqi bazasının formalaşdırılması deməkdir. Qeyd  olundu ki, bütün dünyada olduğu kimi Azərbaycanda da mənbəyi məlum olmayan bu xəstəlik mövcuddur. Autizm xəstələrinin sosial müdafiəsi  vacib olduğu  üçün ölkəmizdə bununla bağlı bir çox layihələr həyata keçirilir.
Komitə  sədri autizm  sindromu barədə məlumat verərək dedi ki, daha çox oğlan uşaqlarında qeydə alınan xəstəlik erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə müşayiət olunan neyropsixatrik pozuntudur.  Dünyada  narahatlıq  doğuracaq  sayda bu xəstəlikdən əziyyət çəkən insan var. Azərbaycanda olan autizm xəstələrinin sosial  müdafiəsinin  gücləndirilməsi  baxımından Türkiyənin təcrübəsindən faydalanmaq bizim üçün daha əlverişlidir.
İclasda iştirak edən türkiyəli qonaqlardan Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay bu sahədə gördükləri işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, vurğuladı ki, bəzən valideynlər bu xəstəlikdən əziyyət çəkən övladlarını etibar edəcək mərkəz tapa bilmirlər. Ona  görə də  uşaqlarla yanaşı, valideynlərə də dəstək vermək vacibdir. Bununla bağlı Türkiyədə böyük layihələr reallaşdırılır.
Azərbaycanın baş psixiatrı, ATU-nun psixiatriya kafedrasının müdiri Gəray Gərayzadə bu gün ölkədə sağlamlıq məsələlərinə diqqətin günü-gündən artdığını bəyan etdi.  Qeyd olundu ki, autizm ən çox uşaq psixiatriyasına aid olan bir məsələdir. Bu digər psixi problemlərdən bir qədər fərqli olaraq, sırf tibbi məsələ deyil. Burada həkimlərin və uşaq psixiatrlarının rolu kifayət etmir. Çünki, autizm hər hansı bir dərman vasitəsi ilə aradan qalxan xəstəlik deyil. Ona görə də məqsəd bu cür ailələrə daha çox reablitasiya baxımından, psixoloji və pedoqoji köməklik göstərməkdir.
İclasda iştirak edən QHT nümayəndələri, türkiyəli mütəxəssislər, həkim və psixoloqlar bu sahədə mövcud olan kadr probleminə  toxundular. Son illərdə Azərbaycanda rezidentura yolu ilə təhsil alan tələbələrin bu sahəyə maraq göstərməsini müsbət hal kimi qiymətləndirdilər.
 Tədbir mövzu ətrafında ətraflı fikir mübadiləsi ilə davam etdirildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU