İNSAN HÜQUQLARI MƏSƏLƏLƏRİ ÜZRƏ İŞÇİ QRUPUN İCLASI KEÇİRİLDİ

Tədbirlər
10 aprel 2015 | 11:04   
Paylaşın:        

Aprelin 9-da İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirildi.
Milli Məclisdə keçirilən iclasda işçi qrupun həmsədrləri - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər.
Səməd Seyidov iclasda qrupun keçən ilin oktyabrında keçirilmiş iclasından ötən altı aydakı fəaliyyətinin təhlil olunacağını, perspektivlərin müzakirə ediləcəyini dedi. O, işçi qrupun insan haqları ilə bağlı problemlərin həlli istiqamətində altı ayda səmərəli fəaliyyət göstərdiyini vurğuladı. Səməd Seyidov işçi qrupa daxil olan qeyri-dövlət təşkilatlarının nümayəndələrinin insan haqları ilə bağlı daim xüsusi fəallıq göstərdiklərini diqqətə çatdıraraq, buna görə qrupun katibliyinə minnətdarlığını bildirdi.
Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov bildirdi ki, işçi qrupun bir neçə iclasının keçirilməsinə baxmayaraq, onun üzvləri daim qarşılıqlı əlaqədə fəaliyyət göstərib, informasiya mübadiləsi aparıb, ortaya çıxan məsələlərin həlli ilə bağlı müvafiq addımlar atıblar. Qrupun əfv komissiyası ilə də sıx əlaqədə işlədiyini bildirən şöbə müdiri qeyd etdi ki, komissiyada qaldırılan məsələlər müsbət həllini tapıb. Ümumiyyətlə, bu əməkdaşlıq nəticəsində ötən altı ayda 15 məhbus Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında azadlığa buraxılıb. Fuad Ələsgərov bu istiqamətdə fəaliyyətin davam etdiyini, müvafiq memorandumun müddəalarına əməl olunduğunu diqqətə çatdırdı.
Bu məsələlərə humanizm prinsiplərindən yanaşıldığını qeyd edən Prezident Administrasiyasının rəsmisi bildirdi ki, biz qrupun fəaliyyətinin daha səmərəli olmasına çalışırıq. İşçi qrupun altı aylıq fəaliyyətini müsbət qiymətləndirən həmsədr Avropa Şurası baş katibinin qrupdakı xüsusi nümayəndəsi ilə də səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırdı. Fuad Ələsgərov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı.
Avropa Şurası baş katibinin işçi qrupdakı xüsusi nümayəndəsi Aleksandr Qessel görülən işlərin önəmini vurğulayaraq bildirdi ki, Azərbaycan cəmiyyəti bu qrupun fəaliyyətində maraqlıdır və ona böyük etimad göstərir. O, Avropa Şurası baş katibinin də bu qrupun fəaliyyətini yaxından izlədiyini diqqətə çatdırdı. A.Qessel qrupun insan hüquqları ilə bağlı müzakirəyə çıxardığı məsələlərin xüsusi aktuallıq kəsb etdiyini vurğulayaraq qeyd etdi ki, işçi qrup həm vətəndaş cəmiyyətinin üzvlərinə, həm də dövlət strukturlarının nümayəndələrinə açıq şəkildə, qarşılıqlı hörmət şəraitində cəmiyyət qarşısında duran bir sıra məsələlərin həllini tapmağa kömək edir. Bu, çox vacib məqamdır. Sizin birgə işiniz onu göstərir ki, Azərbaycan Avropa dəyərlərinə sadiqdir. Biz bu qrupa hər cür dəstək verməyə hazırıq.
Qrupun üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə bundan əvvəlki iclasda qaldırılan məsələlərin həllini tapdığını vurğulayaraq, göstərdiyi yüksək humanizmə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
İşçi qrupun digər üzvü, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan cəmiyyətində dialoqun unikal mexanizminin yaradıldığını söylədi.
Digər çıxışlarda da cəmiyyətdə işçi qrupa etimadın artdığı xüsusi vurğulanaraq, qrupun insan hüquqları məsələləri ilə bağlı səmərəli mexanizm olduğu diqqətə çatdırıldı. Çıxış edənlər insan hüquqları məsələləri üzrə birgə işçi qrupun altı aylıq fəaliyyətini yüksək qiymətləndirdilər.
Sonra iclas müzakirələrlə davam etdirildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU