MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
14 aprel 2015 | 06:04   
Paylaşın:        

Aprelin 14-də  Milli Məclisin Sosial  siyasət, Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitələrinin  birgə  iclası  keçirildi.  İclası  açan  Sosial  siyasət  komitəsinin sədri Hadi Rəcəbli əvvəlcə İnzibati Xətalar Məcəlləsinə edilən  dəyişikliklərlə  bağlı  fikirlərini  bildirdi. Qeyd  olundu ki, sənəddə aparılan dəyişikliklərə əsasən  kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilir. Ölkəmizdə  keçiriləcək I Avropa oyunları ərəfəsində bu  dəyişikliklərin zəruri olduğu  bildirildi. Bu  tipli tədbirlərdə giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər 500 (beş yüz) manat, vəzifəli şəxslər 2000 (iki min) manat, hüquqi şəxslər 5000 (beş min) manat miqdarında cərimə ediləcək.
Sonra iclasda “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədə  baxıldı.  Sosial  siyasət  komitəsinin üzvü  Rauf  Əliyev  bildirdi ki, qanuna edilən dəyişikliklər “Polis haqqında” qanuna uyğunlaşdırma məqsədilə aparılıb. Dəyişikliklər əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınmasını, ictimai təhlükəsizliyin təmin edilməsini gücləndirəcək, habelə idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasının və müəyyən olunan tariflərdən yüksək qiymətə satılmasının qarşısını alacaq.
Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin sədri Əli Hüseynli Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində bu  sənədlə əlaqədar  ediləcək  dəyişiklikləri şərh etdi. O, “Sərbəst  toplaşmaq  azadlığı” haqqında  qanuna  edilən  dəyişiklikləri  də diqqətə  çatdırdı. Bildirdi ki, mövcud  qanunun 10-cu  maddəsindəki  “3 iş günü”  ifadəsi, sadəcə” 3 gün” ifadəsi ilə əvəz  olunur.
Ətraflı  müzakirələrdən  sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU