MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 14-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Öncə gündəlik təsdiqləndi. Cari məsələlərin müzakirəsində deputatlar gündəmdə olan aktual mövzulara toxundular. Çıxışlarda əsasən Bakıda keçiriləcək I Avropa Oyunlarına münasibətdə antimilli siyasət yürüdənlərə və Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı” ilə bağlı söylədiyi fikirlərə qarşı kəskin etirazlar səsləndi.
Deputatların rəy və təkliflərinə münasibətini açıqlayan Milli Məclisin Sədri I Avropa Oyunları kimi mühüm milli məsələlərdə iqtidarlı-müxalifətli birləşməyin vacibliyini vurğuladı. Təəssüflə qeyd etdi ki, Roma Papasının 100 il əvvəl baş vermiş hadisədən söhbət açması, cəmi 23 il öncə törədilmiş Xocalı soyqırımını isə dilə gətirməməsi ikili standartların təzahürüdür. Oqtay Əsədov dedi ki, insanları sülhə səsləyən din xadimi belə danışmamalıdır, bu məsələni araşdırmaq tarixçilərin işidir.
Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Öncə “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında” Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin məlumatı dinlənildi. Parlamentin qərarına əsasən, Regional məsələlər komitəsi sədrinin müavini Fəttah Heydərov və Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin edildilər.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Elton Məmmədov “Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha düzəlişinin təsdiq edilməsi barədə” qanun layihəsini parlamentə təqdim etdi. Sənəd səsə qoyuldu və təsdiq olundu.
Parlamentdə “Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya”ya (KOTİF) qoşulmaq barədə Azərbaycan Respublikası qanununu İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə şərh etdi. Deputatlar bu qanunu dəstəklədilər.
Yeni neft sazişi ilə bağlı qanun layihəsini təqdim edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, 30 maddə, 12 əlavə və 1 qoşmadan ibarət olan bu sənədin təqdimatı üçün komitədə geniş tərkibli iclas keçirilib. “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub. Sayca 34-cü neft kontraktı olan bu saziş Azərbaycan Prezidentinin “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sərəncamına uyğun olaraq 22 dekabr 2014-cü il tarixdə bağlanıb. Sənəddə Sazişin əsas kommersiya prinsiplərinə dair müddəalar razılaşdırılıb, tərəflərin iştirak payları BP 50 faiz, ONŞ 50 faiz müəyyənləşdirilib. Proqnozlaşdırılan bütün maliyyə xərclərini BP təmin edəcək. ONŞ-in ən riskli dövrlərdə heç bir öhdəliyi yoxdur.
Əməliyyat şirkəti, işçi heyəti və peşə təlimi, iş yerlərinin Azərbaycan vətəndaşları ilə komplektləşməsi, xam neftin erkən hasilatı və qiymətləndirilməsi və s. bu kimi mühüm məsələlər barədə məlumat verən Valeh Ələsgərov bildirdi ki, Saziş üç dövrü əhatə edəcək. İlkin kəşfiyyat dövrü 30 ay, əsas kəşfiyyat dövrü 3 il, işlənmə və hasilat dövrü isə 23 il nəzərdə tutulur. Sənədə əsasən, tərəflər səmərəli və şəffaf iş görməklə bağlı öhdəliklər götürürlər.
Qanun layihəsi Milli Məclisə rəngli slaydlar vasitəsilə təqdim olunduqdan sonra deputatları maraqlandıran suallara aydınlıq gətirildi. Vitse-spiker bir məqamı xüsusi vurğuladı ki, Azərbaycan neft sahəsində bütün riskləri nəzərə alıb, istənilən Saziş bağlanarkən ilk növbədə ölkəmizin milli maraqları qorunur. BP şirkəti böyük təcrübəyə və texnikaya malik olduğuna görə, Xəzərin Abşeron yarımadasındakı dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatı ona həvalə olunur.
Milli Məclis yeni neft sazişi ilə bağlı qanun layihəsini təsdiqlədikdən sonra plenar iclasda Hesablama Palatasının hesabatı dinlənildi.
Qurumun sədri Vüqar Gülməmmədov qeyd etdi ki, dünya iqtisadi sisteminin növbəti sınaqla üzləşdiyi 2014-cü ildə Azərbaycanın milli iqtisadi sisteminin möhkəm zəmin üzərində olduğu bir daha sübut olunub. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş və müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və funksiyaların icrasını təmin etmək məqsədilə Hesablama Palatası lazımi tədbirlər görüb. Deputatların ötən illərdəki təklifləri nəzərə alınaraq 2014-cü ilə dair fəaliyyətin nəticələri barədə hazırlanmış hesabatın strukturunda bir sıra dəyişikliklər edilib.
Qurumun fəaliyyətini tənzimləmək məqsədilə ötən il Hesablama Palatasının 41 kollegiya iclası keçirilib, həmin iclaslarda funksional vəzifələrin icrası ilə bağlı 184 məsələ üzrə müvafiq qərarlar qəbul edilib.
Hesabat ilində Palata 11 struktur bölmə ilə fəaliyyət göstərib. Onlardan 7-si maliyyə-büdcə nəzarəti ilə bağlı fəaliyyəti, 4-ü digər istiqamətlərdə fəaliyyəti təmin edib. Hesablama Palatası fəaliyyətini digər dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitində qurub. Vergilər Nazirliyi ilə birgə nəzarət tədbirləri həyata keçirib.
Parlamentin nəzərinə çatdırıldı ki, Hesablama Palatası tərəfindən 2014-cü ildə 82 nəzarət tədbiri həyata keçirilib. Bu, 2013-cü illə müqayisədə 9,3 faiz, əhatə etdiyi vəsaitlərin məbləğləri isə 59,7 faiz çox olmaqla 126 obyektin fəaliyyətini əhatə edibdir.
Qurumun iş planına uyğun həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə dair 122 təqdimat aidiyyəti qurumlara göndərilib ki, onların icra səviyyəsi 96,7 faiz təşkil edib. 386 nəfərlə bağlı inzibati tənbeh tədbiri görülüb. Vüqar Gülməmmədov onu da nəzərə çatdırdı ki, Hesablama Palatası bir sıra qurumlarda nöqsanlara yol vermiş məsul şəxslərə qarşı tətbiq olunan inzibati tənbeh tədbirlərini yetərli saymır.
Bildirildi ki, nəzarət tədbirlərinin nəticələrinə dair məlumatlar Milli Məclisə təqdim olunub. Cinayət əlamətləri ehtimal edilən 4 tədbirin nəticələri üzrə Baş Prokurorluğa göndərilmiş materiallar üzrə bərpa edilmiş vəsait 2 milyon 512 min manat təşkil edib.
Təqdimatların icrası sayəsində dövlət büdcəsinin gəlirlərindən yayındırılan 3 milyon 362,8 min manat vəsait, həmçinin büdcə xərcləri üzrə 2 milyon 809,1 min manat bərpa edilib. Ümumilikdə ötən il Hesablama Palatası tərəfindən 8 milyon 683,9 min manat, 7 min 532 ABŞ dolları və 47 min 104,7 avro məbləğində vəsait dövlət büdcəsinə, 85 min manat isə təşkilatların hesabına bərpa edilib. Həmçinin 314,9 min manat məbləğində maliyyələşmənin azaldılmasına nail olunub ki, bu da dövlət vəsaitinin qənaətli istifadəsini təmin edib.
Məruzə ətrafında çıxışlarda qeyd olundu ki, Hesablama Palatası öz işini ildən-ilə yaxşılaşdırır. Təqdim olunmuş hesabatdan göründüyü kimi, qurum ötən il çox ciddi nöqsanları üzə çıxarıb ki, bu da ölkəmizdə büdcə prosesinin təkmilləşməsinə kömək edir.
Fikir mübadiləsinin yekununda Hesablama Palatasının 2014-cü ilə dair hesabatı qənaətbəxş hesab olundu.
Sonra Milli Məclis “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə etdi. 12 fəsil, 92 maddədən ibarət sənəd barədə məlumat verən komitə sədri Ziyad Səmədzadə bildirdi ki, bu qanun ölkəmizdə investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, kütləvi təklifinin, depozitar və ticarətsonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülünün, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkilinin, idarə edilməsinin və ləğvinin prinsip və qaydalarını müəyyənləşdirir. Həmçinin investorların hüquqlarının dövlət və ictimai müdafiəsi sahəsində münasibətləri tənzimləyir. Qiymətli kağızlar bazarında nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Bildirildi ki, qiymətli kağızlar bazarı haqqında qanunvericilik Azərbaycan Konstitusiyası, Mülki Məcəlləsi, bu qanun və ölkəmizin digər normativ hüquqi aktları, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Müzakirə zamanı deputatlar rəy və təkliflərini diqqətə çatdırdılar. Qanun layihəsi konseptual baxımdan məqbul sayıldı və birinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti