HƏRBİ XİDMƏTKEÇMƏ HAQQINDA ƏSASNAMƏDƏ DƏYİŞİKLİKLƏR EDİLDİ

Komitə iclasları
15 aprel 2015 | 06:04   
Paylaşın:        

Aprelin 15-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. İclasın gündəliyinə “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” qanun layihəsi daxil edilib.
Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov sənəd barədə deputatlara məlumat verdi. Bildirildi ki, Əsasnamənin 154-cü maddəsinə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər” məzmunda hissənin əlavə edilməsi təklif olunur. Bundan başqa, həmin maddənin dördüncü hissəsindən “həmçinin xarici ölkələrə getmək” sözləri çıxarılır. Qeyd edildi ki, dəyişikliklər sənədin Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə aparılıb.
Müzakirələr zamanı komitə üzvləri qanun layihəsi barədə fikirlərini səsləndirdilər və Milli Məclisin plenar iclasına təqdim edilməsini  qərara aldılar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU