İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
24 aprel 2015 | 02:04   
Paylaşın:        

Aprelin 24-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti  iclası keçirildi. İclası açan komitənin sədri Ziyad Səmədzadə gündəlikdəki  məsələlər  haqqında   iclas  iştirakçılarını  məlumatlandırdı.
Əvvəlcə komitə  üzvləri “Reklam  fəaliyyəti  haqqında” qanun layihəsini  müzakirə  etdilər. Komitə  sədri  bildirdi ki,  belə bir sənədin  hazırlanması  cəmiyyətdə  geniş əks-səda  doğurub. İqtisadi inkişafın dinamikasına, səmiyyətdə  sivil  reklam  münasibətlərinin formalaşmasına  xidmət  edəcək bu  qanun layihəsi  bütün  nazirliklər  və müvafiq  qurumlar  tərəfindən  müzakirə  olunub, rəylər  alınıb və əksər  dəyərli  təkliflər sənəddə nəzərə  alınıb. 
Sonra iclasda “Mərkəzi Bank haqqında” mövcud qanuna bəzi əlavə və dəyişikliklərin edilməsi  barədə  sənədə  baxıldı. İclasda iştirak  edən Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev  sənədlə  bağlı  müvafiq  dəyişiklikləri  diqqətə  çatdırdı. Qeyd  olundu ki,  aparılan zəruri dəyişikliklər  əsas  etibarı ilə Mərkəzi Bankın kapital  ehtiyatlarının ödəniş  mexanizmlərinin təkmilləşdirilməsi məqsədi daşıyır, pul çatışmazlığı probleminin  aradan qaldırılmasına  xidmət edir. Alim Quliyev  dedi ki, mövcud qanunun 12.2-ci maddəsi – “Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür” - redaksiyasında təklif olunur. Sonra Alim  Quliyev  məzənnə  dəyişikliyi, banklardan  vətəndaşlara  kreditlərin  verilməsi ilə bağlı   sualları  cavablandırdı.
İclasda “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsinə  də  baxıldı. Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı sənədi  ətraflı şərh  etdi. Qeyd edildi ki, sənəd ölkədə investisiya qiymətli kağızlarının buraxılışı, dövlət qeydiyyatı, investorların hüquqları, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin hüquqi-iqtisadi əsaslarını müəyyən edəcək. Layihədə qiymətli kağızların emissiyası, buraxılışı, bu sahədə depozitar sistem, investisiya şirkətlərinin fəaliyyəti barədə hesabat, fond birjasının vəzifələri və daxili qaydaları  kimi məsələlər əks  olunub.
Çıxış  edən millət  vəkilləri Vahid  Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Rüfət  Quliyev müzakirə olunan  sənədlərlə bağlı fikirlərini açıqladılar. 
Ətraflı müzakirələrdən  sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU