MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
28 aprel 2015 | 06:04   
Paylaşın:        

 Aprelin 28-də Milli Məclisin  növbəti plenar iclası  keçirildi.  İclası Milli Məclisin Sədri Oqtay Əsədov açdı. 
İclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri  Zahid Oruc, Fəzail Ağamalı, Fazil Mustafa, İqbal Məmmədov, İqbal Ağazadə, Aydın Mirzəzadə, İlham Məmmədov, Elman Məmmədov, Xanhüseyn Kazımlı, Səməd  Seyidov, Sabir  Rüstəmxanlı ölkə gündəmi ilə əlaqədar vacib məsələlərdən  söz  açdılar.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edildi. Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov sənəd barədə deputatlara məlumat verdi. Bildirildi ki, Əsasnamənin 154-cü maddəsinə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər” məzmunda hissənin əlavə edilməsi təklif olunur. Bundan başqa, həmin maddənin dördüncü hissəsindən “həmçinin xarici ölkələrə getmək” sözləri çıxarılır. Qeyd edildi ki, sənəddəki dəyişikliklər Miqrasiya Məcəlləsinə uyğunlaşdırılma məqsədi ilə aparılıb. Sənəd  səsvermə  yolu ilə qəbul  edildi.
“Yol hərəkəti haqqında”  qanuna  dəyişikliklər  edilməsi ilə  bağlı sənədi şərh  edən  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin sədri Əli Hüseynli  bildirdi ki, ölkədə çox  ciddi infrastruktur layihələri  həyata  keçirilir ki,  bunların  da  böyük bir  hissəsi yeni yolların və avtomagistralların  çəkilişi ilə bağlıdır. Bu zaman  vətəndaşların  rahat  yol keçidlərindən  istifadə  etməsi  də vacib məsələlərdəndir. Buna  görə  də  qanuna 3 yeni maddə əlavə  edilir.  Bu avtomobil yollarında yeraltı  və yerüstü  keçid  qaydalarını, keçidlərarası məsafə və keçid  sürəti normalarını müəyyən edəcək. Müzakirələrdən  sonra  sənəd  səsvermə  yolu  ilə qəbul  edildi.
Sonra Şəhərsalma  və Tikinti Məcəlləsinə dəyişikliklər  edilməsi  barədə sənədlə əlaqədar  danışan Əli  Hüseynli  qeyd  etdi ki,  qanuna təklif olunan  dəyişikliklər  sahibkarlıq  fəaliyyəti sahəsində planlaşdırma  və icazə  mexanizmi, fərdi  yaşayış  evlərinin  tikintisi ilə əlaqədar məlumatlandırma  icraatı  prosedurlarını tənzimləyəcək. Millət  vəkilləri  sənəddə  edilən  dəyişikliklərin əhəmiyyətindən danışdılar. Sənəd  səsvermə yolu ilə  qəbul  edildi.
Növbəti Cinayət, İnzibati Xətalar, Mülki Prosessual Məcəllələrində  edilən dəyişikliklərlə  əlaqədar  yenə  də Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin sədri Əli  Hüseynli  məlumat  verdi. Bildirildi ki,  bu  sənədlərdə  edilən  dəyişikliklər də əvvəlki  sənədə  uyğun olaraq  sahibkarlıq  fəaliyyəti ilə əlaqədardır. Fərdi mənzil  tikintisi  üçün torpaq sahələrinin ayrılmasında yaranan problemlərin hüquqi  tənzimlənməsi  qaydalarını  möhkəmləndirir. Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  qəbul  edildi.  
Mülki-Prosessual  Məcəlləyə  edilən  dəyişikliklə əlaqədar məlumat verən Əli  Hüseynli dedi ki, dəyişiklik “Normativ hüquqi aktlar haqqında”  Konstitusiya  qanununa görə sənədlərdən  mücərrəd  ifadələrin  çıxarılması ilə bağlıdır. Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
Daha  sonra  Əli  Hüseynli Cinayət  və İnzibati  Xətalar  məcəllələrində edilən digər  dəyişikliklərlə əlaqədar fikirlərini  bildirdi.  Qeyd  olundu ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş hər iki sənəd əhalinin sağlamlığının qorunması məqsədi daşıyır. Bu sənədlərdə genetik modifikasiya olunmuş ərzaq məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı cərimələr artırılır. Layihəyə görə, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkiləri,  yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını bilərəkdən satmağa görə 3 min manatdan 5 min manatadək cərimə və ya 2 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Genetik modifikasiya olunmuş bitkilərin istehsalına, həmçinin  bu bitkilərin toxum və tinglərindən istifadə edilməklə yeyinti məhsullarının  istehsalına görə 4 min manatdan 6 min manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Göstərilən əməllər külli miqdarda törədildikdə isə cərimənin miqdarı 7 min manatdan 9 min manatadək yüksəlir, həbs cəzası isə 2 ildən 5 ilədək nəzərdə tutulur. Əli  Hüseynli  vurğuladı ki, Aqrar  siyasət  komitəsinin  üzvləri  də qanunlarda geni dəyişdirilmiş məhsullarla əlaqədar dəyişiklikləri zəruri hesab  edirlər.  Sənəd səsvermə  yolu  ilə  qəbul  edildi.
İclasda “Əhalinin  sağlamlığının  qorunması haqqında” qanuna  və Əmək Məcəlləsinə  edilən  dəyişikliklərlə  əlaqədar  müvafiq  qanunlara  uyğunlaşdırma  məqsədi ilə  aparılan  texniki  dəyişikliklərlə bağlı Sosial  siyasət  komitəsinin  sədri Hadi Rəcəbli məlumat  verdi. Sənədlər  ayrı-ayrılıqda   səsə  qoyularaq  qəbul  edildi.
 Sonra “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədə  baxıldı.  Sosial  siyasət  komitəsinin üzvü  Rauf  Əliyev bildirdi ki, qanuna edilən dəyişikliklər “Polis haqqında” qanuna uyğunlaşdırma məqsədilə aparılıb. Dəyişikliklər əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınmasını, ictimai təhlükəsizliyin təmin edilməsini gücləndirəcək, habelə idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasının və müəyyən olunan tariflərdən yüksək qiymətə satılmasının qarşısını alacaq. Sənəd  səsvermə  yolu ilə təsdiqləndi.
 Sonra Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin sədri Əli Hüseynli Cinayət və İnzibati Xətalar Məcəllələrində  edilən  dəyişiklikləri  şərh  etdi. Bildirildi ki, Azərbaycan Transmilli Mütəşəkkil  Cinayətkarlığa  Qarşı Avropa  Konvensiyasına  qoşulmuşdur. Bu  sənədlərdə  edilən  dəyişikliklər  də  konvensiyanın  tələblərinə  uyğunlaşdırma  məqsədi ilə  aparılır. Belə ki, cinayət  yolu ilə əldə  olunmuş  vəsaitlərin istifadəsinə  görə  cəza  tədbirləri Cinayət  Məcəlləsinə uyğun olaraq  aparılacaq. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq  maddəsi  qüvvədən düşmüş  hesab olunur.  Sənədlər  ayrı-ayrılıqda  səs  qoyularaq  qəbul  edildi. 
Sonra Cinayət və Cinayət-Prosessual Məcəlləsinə  edilən  dəyişikliklə  bağlı danışan Əli  Hüsynli  dedi ki, bu  sənədlərdə  edilən  dəyişikliklər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun  tələblərinin pozulmasına  görə  məsuliyyətin  nəzərdə  tutulması  hallarını  müəyyən edir.  Sənədlər  səsvermə  yolu ilə qəbul  edildi.
 Sonra  Əli  Hüseynli “Azərbaycan  vətəndaşının yeni  nəsil şəxsiyyət  vəsiqəsinin  və 15  yaşı tamam olmamış  Azərbaycan  Respublikası  vətəndaşının  fərdi identifikasiya  kartının  tətbiqi müddətləri  ilə əlaqədar  bəzi qanunlarda  dəyişikliklər  edilməsi haqqında”  qanun  layihəsi barədə məlumat verdi. “Sərbəst toplaşmaq azadlığı” haqqında   qanuna  edilən  dəyişiklikləri də diqqətə  çatdıran Əli Hüseynli  bildirdi ki, mövcud  qanunun 10-cu  maddəsindəki  “3 iş günü”  ifadəsi, sadəcə “3 gün” ifadəsi ilə əvəz  olunur. Sənədlər  səsə  qoyularaq  qəbul  edildi.
Sonra iclasda Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin təqdimatında  “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olundu. Arif Rəhimzadə öz çıxışında söylədi ki,  bir çox kateqoriya işçilər üçün etik davranış qaydaları mövcuddur və onlar öz fəaliyyətini buna əsaslanaraq qururlar. Artıq dövlət qulluqçularının etik-davranış qaydaları ilə bağlı qanun qəbul edilib. Bu məsələ özünüidarə orqanlarında çalışan insanlar üçün də aktualdır.
Bildirildi ki, üç fəsil, 20 maddədən ibarət olan yeni qanun layihəsi bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsiplərini, bunlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qeyd edildi ki, layihənin parlamentdə birinci oxunuşda müzakirəsi zamanı irəli sürülən təkliflər nəzərə alınıb və sənəddə xidməti informasiyanın təqdim olunması qaydaları, etik davranış qaydalarının həyata keçirilməsi, bu qaydaların pozulmasına görə tətbiq edilən intizam məsuliyyəti ilə bağlı müddəalarda bir sıra dəyişikliklər aparılıb. Müzakirələrdən sonra  sənəd  səsvermə  yolu ilə ikinci oxunuşda  qəbul  edildi.
 İclasda “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu. Aqrar  siyasət komitəsinin sədri Eldar İbrahimov xatırlatdı ki, bu qanun kənd təsərrüfatının inkişafı ilə bağlı Azərbaycan Prezidentinin ötən il verdiyi fərmandan irəli gələn tövsiyələr əsasında hazırlanıb. Layihə bu yaxınlarda birinci oxunuşda Milli Məclisin müzakirəsindən keçib. Deputatlar qanunun kənd təsərrüfatında çalışan sahibkarların və məhsul istehsalçılarının gərəkli iqtisadi məlumatlarla təmin edilməsinə, həmçinin ölkəmizdə aqrar-sənaye kompleksinin inkişafına və ərzaq təhlükəsizliyinə təkan verəcəyini vurğuladılar. Birinci oxunuşdan sonra qanun layihəsində edilmiş dəyişikliklər barədə ətraflı məlumat verən Eldar  İbrahimov  bildirdi ki, təkliflərə əsasən, layihəyə 8 yeni müddəa əlavə edilib, 2 maddə və 4 müddəa sənəddən çıxarılıb, 17 maddədə isə 50-yə yaxın əlavə və dəyişiklik aparılıb. Müzakirələr zamanı hazırda 4 fəsil, 23 maddədən ibarət olan “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsinin əhəmiyyəti vurğulandı. Sənəd səsvermə  yolu  ilə qəbul olundu.
İclasın  sonunda “Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddətinin bitməsi və yenidən təsdiq olunması barədə”  sənədə baxıldı. Bu barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatında  səlahiyyət  müddəti  başa  çatan  Baş prokuror Zakir Qaralovun  yenidən növbəti beş il müddətinə  baş prokuror təyin edilməsi təklif olunur. Əli Hüseynli Zakir Qaralovun fəaliyyəti barədə ətraflı məlumat verdi, onun ölkəmizdə  cinayətlkarlığa qarşı mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirdi. Növbəti  beş il  müddətinə Azərbaycan Respublikasının Baş Prokuroru  vəzifəsinə  təsdiqindən  sonra  Zakir  Qaralov  çıxış  edərək ona  göstərilən etimada  görə ölkə prezidenti İlham Əliyevə və Milli Məclisə təşəkkürünü bildirdi: “Mən bu təqdimatı bütövlükdə prokurorluq orqanlarına böyük etimad kimi qiymətləndirirəm. Bundan sonra da işimizi yüksək səviyyədə davam  etdirəcəyik,  hər  zaman  fəaliyyət  prinsiplərimizə  sadiq  olacağıq.”
Bununla  da  Milli Məclisin bugünkü iclası  öz işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU