BAKIDA QDİƏT PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASI KEÇİRİLDİ

Komitə iclasları
05 may 2015 | 05:05   
Paylaşın:        
Mayın 5-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi və siyasi məsələlər komitəsinin 45-ci iclası keçirildi.
İclası açıq elan edən komitənin sədri Mixail Yemelyanov tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirdi. O, hər səfərində Azərbaycanda şahidi olduğu sürətli inkişafdan məmnunluqla söz açdı, Azərbaycan xalqına və dövlətinə bundan sonra da yeni-yeni uğurlar arzuladı. Sonra Mixail Yemelyanov iclasın gündəliyində dayanan məsələlər barədə məlumat verdi. 
Qonaqları salamlayan Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, Azərbaycanın  qurumda təmsil olunan ölkələrlə sıx siyasi, iqtisadi, ticari əlaqələri mövcuddur. Bu əlaqələr bərabər hüquqlu tərəfdaşlıq və əməkdaşlığa əsaslanır. Valeh Ələsgərov ölkəmizin regionda və dünyada artan mühüm rolunu vurğulayaraq  ayrı-ayrı ölkələrlə qurulmuş iqtisadi əlaqələrdən də danışdı. Qeyd etdi ki, əgər  əvvəllər Türkiyə Azərbaycana sərmayə yatırırdısa, indi Azərbaycan Türkiyəyə milyardlarla dollar sərmayə yatırır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. O,  bildirdi ki, Azərbaycanın reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz  layihələri onu dünyada etibarlı ölkə kimi tanıdıb. TAP və TANAP layihələri isə görülən işlərin tərkib hissəsi olacaq. 
Valeh Ələsgərov diqqətə çatdırdı ki, Azərbaycan əməkdaşlığı genişləndirməyə hər zaman hazırdır. O,  assambleyanın statusunun və imkanlarının artırılmasının bunun üçün faydalı olacağını qeyd etdi.
Sonra iclas geniş tərkibdə davam etdirildi. İclasın gündəliyi təsdiq edildikdən sonra Mixail Yemelyanov yenidən komitənin sədri seçildi. Tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə seçki qanunvericiliyinin əsas prinsipləri: oxşar və fərqli cəhətlər”, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının mövcud fəaliyyəti, QDİƏT PA-nın statusunun möhkəmləndirilməsi və digər təşkilati məsələlər müzakirə olundu.
Bununla da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi və siyasi məsələlər komitəsinin 45-ci iclası başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU